Mikayıl Cabbarov və qohumbazlıq

Baxılıb:881
Mikayıl Cabbarov və qohumbazlıq

Uzun illər ərzində Azərbaycan məmurlarını qohumbazlıq sindromuna görə tənqid edib ittiham edirdik. Hətta Nazirlər Kabinetini qeyri-rəsmi Qudalar Kabineti adlandırıb, nepotizmə – yəni, yaxın qohumların və dostların peşəkar keyfiyyətlərinə görə yox, şəxsi münasibətlərə görə irəliyə çəkilməsinə, eyham vururduq. Lakin cəmiyyətimizin həyatında islahat şüarı ilə Mikayıl Cabbarov peyda olundu. Əski sistemi viran etsə də, fəqət yeni siyasətin bəhrələrinin intizarındayıq. Amma intizar çox çəkdi… Səbrli millətik, gözləyərik!

Lakin diqqətimi çəkən odur ki, dövlət vəzifələrində, biznes institutlarında, iyerarxiyada Mikayıl müəllimin xeyli sayda qohumlarının peyda olunmasıdır. Hara ayağını basmırsan Mikayıl müəllim və ya onun qohumları üzə çıxır. Sual doğur – bəs bu istedadlı şəxslər niyə əvvəllər öz qabiliyyətlərini ifadə etmirdi? Nə baş verdi birdən-birə? Bu möcüzənin səbəbi və ya səbəbkarı kimdir və ya nədir? Səbəb – nepotizm, səbəbkar isə Cabbarovlar klanının xaç atası Mikayıl müəllimdir. Özü də ki, bu hörmətli şəxslərin hamısı birdən-birə var-dövlətə sahib çıxıb, zəngin həyat sürdülər. Vicdanla danışsaq, heç Ramiz Mehdiyevin hakimiyyətdə bu qədər qohum-əqrəbası olmayıb…Bəs maraqların konflikti? Bəs nepotizm? Bəs islahat? Bəs abır-həya?
Mütləqi-hakim Cabbarovun xalası oğlu Elnur Əliyev elə iqtisadiyyat nazirinin müavini vəzifəsində, bacanağı Zakir İbrahimov Azərgoldun başında, dayısı oğlu Balaş Qasımov İTV-nin rəhbəri kürsüsündə, obirisi qohumu Camal Qasımov Vergilər Nazirliyində Vergi Auditi Departamentinin baş direktoru postunda… Siyahını uzatmaq da olar. Məsələn, bu günlərdə Cabbarovun yaxın qohunu Abdulla Tağıyev “SOCAR Petroleum” QSC-nin baş direktoru vəzifəsinə əyləşdirildi… Yaman proqressiv islahatçıdır bizim bu Mikayıl müəllim…
Eynulla Fatullayev


Abunəlik