Ədəbiyyatın Ədəbi tənqidçisi yoxsa küt baltası?

Baxılıb:189
Ədəbiyyatın Ədəbi tənqidçisi yoxsa küt baltası?

Hə, sizə nəyi qoyub, nəyi danışım? Bu yaxınlarda AYB-nin “Natəvan” klubunda keçirilən tədbirdən. Yəni, “Dastanoğlu” fondunun Yusif Səmədoğlu adına təsis etdiyi Qarabağın Zəfər tarixinə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimindən.
Hələ belə bir yığcam, qapalı, cəld, çevik eyni zamanda gizli bir mərasim görməmişdim. İçəri girəndə zal boş idi. Qapı tərəfdə iki xanım oturub, söhbət edirdi. Keçib yanlarında oturdum. Xanımın biri mənə tərəf çönüb, “sən İlhamə Nasirsən?” soruşdu. “Bəli” dedim. Əslində ilk görəndə onu Elnarə Akimovaya oxşatmışdım. Sadəcə həyatda qarşılaşmadığımız üçün bir az tərəddüd etdim. “Ən yüksək balı sənin “İşıq” romanına verdim. Çox təsirli və cəsarətli əsərdir” dedi. Məmnunluğumu bildirdim. Elə bu vaxt qəfil bir dəstə adam girdi içəri. Tələsik Anarın qoluna girib yuxarı başa apardılar. Adamda elə təəssürat yarandı ki, Anar özü də bilmir onu bura niyə gətiriblər. Sonra cəld dəyirmi masanın arxasına keçdilər. Mərasimin iştirakçıları ancaq elə masanın arxasındakılardan ibarət idi. Məəttəl qaldım. Bəs müsabiqəyə qatılanlar niyə yoxdur?- düşündüm. Ən azından onların da haqqları idi gedən prosesdən xəbərdar olmaq. Qalibləri demirəm, heç olmasa, münsiflərin kim olduqlarını görərdilər.
Deməli, müsabiqədə iştirak edən münsiflər Əsəd Cahangir, Yaşar Əliyev, Azər Turan və Elnarə Akimova olub. Tam əminliklə deyə bilərəm ki, iştirak edən əsərləri Elnarə xanımdam başqa oxuyan olmamışdı. Azər Turan özü etiraf etdi ki, əsərləri oxuya bilməyib. Maraq üçün Yaşar müəllimə zəng edib, oxuyub, oxumamağını soruşdum. Dedi, vallah vaxtım olmayıb. Bax, belə! Deməli qaldı Elnarə xanımla Əsəb Cahangir. Ona görə də mükafatlandırma mərasimi qurtaranda Elnarə xanımın “heyif” sözü məni çox təsirləndirdi. Görünür öz əziyyətinə ünvanlanırdı o “heyif”. Heç danışmağına da macal vermədilər. Çünki danışsaydı bütün həqiqətləri ortaya tökəcəkdi. Yaxşı, madəm hər şey Əsəd Cahangir çərçivəsində həll olacaqdısa, onda camaata niyə əziyyət verirdilər, vaxtını alırdılar. Onlara Elnarə xanımın rəyi, qiyməti yox, onun imici lazım olduğunun, onun saflığından, vicdanlılığından necə istifadə edildiyinin özü də fərqində oldu deyəsən.
Tədbiri Səlim Babullaoğlu idarə edirdi. Hər kəsdən qısa danışmağı xahiş etdi. Bilmədim belə tələsmələrinin səbəbi nə idi. Bəlkə də qarşıda onları gözləyən Rüstəm bəyin verəcəyi ziyafət. Söz Əsəd Cahangirə veriləndə ilk cümləsindən son cümləsinə qədər vicdan sözü işlətdi. Bu artıq hər şeyi bəlli edirdi. “Boş qazan” məsələsi. Əslində o boş qazanın danqıltısını 2021-ci ilin hekayə müsabiqəsində eşitmişdim. Onda mən də müsabiqəyə qatılmışdım. Düzdür, hekayəm onluğa düşmüşdü, amma düşməyən yaxşı hekayələr üçün müsabiqədən narazı qalmışdım. O vaxt yadımdadır, bir-neçə gənc yazar hay-küy salıb, etirazını bildirmişdi. Dəstəkləmişdim onları. Yazıları sanballı olsa da, hekayələri heç iyirmiliyə də düşməmişdi. Nə isə… Mükafatlandırma mərasimi oldu. Guya hər şey gizli idi. Qaliblər ancaq bu mərasimdə bilinəcəkdi. Üçüncü yerin qalibi yadımda deyil kim idi, özü yox, əvəzinə başqasını göndərmişdi. Həmin adam da xam olduğundan ayağa qalxıb “bəs, filankəs gələ bilmədi, şəxsiyyət vəsiqəsini mənə verib bura göndərdi ki, əvəzindən mükafatı – pulu götürüm” dedi. Yaxşı, gizli idisə, o adam hardan bilirdi ki, məhz üçüncü yer onundur? Hətta gələn adam üçüncü yerə düşən pul mükafatının miqdarını da dilə gətirdi. Görünür saf adam idi. Heç Əsədin him-cimlərini də başa düşə bilməzdi. Birinci yerə layiq görülmüş hekayəni bəh-bəhlə tərifləyən Əsəd əfəndi bir dəfə ədəbiyyatdan kənar məclisdə həmin əsərin Mel Qibsonun “Apokalipsis” filmindən götürülmə epizodlardan ibarət olduğunu özü vurğuladı. Yanımdakı şairə xanım mənim hekayəmdən danışanda, Əsəd yavaşca əyilib, “bəs o vaxt mənə niyə xəbər eləmədin?” soruşdu. Düzdür, indi desən daş atıb başını tutar ki, mən elə söz deməmişəm. Amma mən də yalan danışacaq qədər şərəfsiz deyiləm.
Bundan əlavə, bir il öncə iş adamı Rüstəm Dastanoğlunun kitabının təqdimatındaydıq. Kitaba öncədən nəzər yetirmişdim. Bir yazar kimi onu deyə bilərəm ki, Rüstəm Dastanoğlunun hekayələrində hadisələrə yanaşması, təhkiyəsi pis deyildi. Amma redaktəsi bərbad haldaydı. Bəlkə xam yazısı ondan abırlı olardı. İstədim orada bunu vurğulayam, yanımdakılar məsləhət bilmədi. Çünki, bu nə Rüstəm bəyə lazım idi, nə də oradakılara. Hamı bilirdi ki, ora kitabın işığına yox, bir iş adamının işığına yığışıblar. Dilini bircə dəqiqəlik dincə qoymayan Əsəd məclisin yarısına qədər danışdı. Gah müəəlifi təriflədi, gah hekayələrini. Hətta deyərdim ki, hekayələrin bütün hərf və nöqtələrinə də sığal çəkdi. Hekayə deyəndə ki, cəmi beş hekayə varıydı. Qalanı müəllifin səfərləri haqqında təəssüratları, esseləri, bir neçə də publisistik yazılarıydi.
Əslində isə kitabda vəziyyət belə idi: “Kölgə” hekayəsi ayrı-ayrı başlıqlarla iki dəfə verilib. 15-ci və 42-ci səhifələrdə. Daha doğrusu birinə başlıq verilib, birinə yox. Bundan əlavə bir cümlənin səhifənin yarısına qədər dolaşa-dolaşa uzanıb gəlməsi, və yaxud, cümlədə sözün bir-neçə dəfə təkrar işlədilməsi. Yəni, saydıqca saymaq olar. Hələ adamın gözünə batan korrektə səhvlərini demirəm. Axı bunlar ciddi səhvlərdir. Məsələn mən o cür redaktəli kitabı heç vaxt üzə çıxartmazdım. Mənim birinci kitabımın da redaktəsi pis gündə olduğundan onu üzə çıxarda bilmədim. Üzərində işləyib yenidən çapa verməyə hazırlaşıram. Təbii ki bu bir yazar üçün böyük məsuliyyətdir. Amma Rüstəm bəy üçün düşünürəm ki, o qədər də önəmli deyil. Önəmli olsaydı, ən azından əlinə alıb, bir dəfə vərəqləyərdi. Tamam, onu başa düşdük. Lap onu redaktə edəni də başa düşdük ki, bacardığı budur. Bəs özünü ədəbiyyatımızın “ədəbi tənqidçi”si hesab edən Əsəd Cahangir buna necə göz yuma bilərdi? Həm də “Ədəbiyyat” qəzetində o kitab haqqında geniş yazı da yazmışdı, hər şeyi bir-bir təhlil etmişdi. Hələ qəzetləri orada iştirak edən hər kəsə paylamışdı ki, mütləq oxuyun. Çıxanda xadimənin də xalatının cibində gördüm o qəzeti. Nə isə… Kitabamı, müəllifəmi bu qədər can yandıran Əsəd nə əcəb o boyda səhvləri görə bilmədi? Həə, burada mən böyük yalnışlığa yol verdim. Axı zəngin bir iş adamının kitabının bərbad redaktəsini görməkmi olardı, görüb də tənqidmi etmək olardı? Kitab lap tərsinə yazılsa belə. Arada istəyirdim deyəm ki, a kişi qorxma de, onsuz da Rüstəm bəy verdiyini geri alan adama oxşamır, ürəkli ol! Sonra “lənət şeytana” deyib, sakitləşirdim. Hiss edirdim ki, Rüstəm bəy Əsədin canfəşanlığından ləzzət alır. Yerində mən də olsaydım, mənə də ləzzət edərdi. Çünki o an mənim də ürəyimdən keçdi ki, kaş mənim də pulum olardı, ortaya bir yazı atardım, dəyərindən on qat artığını da Əsədin cibinə qoyardım, onun ələtaş olduğuna tamaşa edib, stresimi atardım. Ümumiyyətlə onu ədəbi tənqidçi kimi qəbul edən var? Hamı bilir ki, onun tənqidi şəxsi prinsipləri üzərindədir. AYB əlinə küt balta verib, ortalığa buraxmaqla deyil ee.
Nə isə.. Qayıdaq söhbətə və kiçik bir açıqlamayla yekunlaşdırım. Deməli, qalib olan roman və povesti araşdırdım. Təbii ki qalib müəllifləri təbrik edirəm. Onlarla işim yoxdur. Hə, araşdıranda görürəm ki, həmin qalib roman və povestin eyni adlı kitablarının təqdimatının təşkilatçısı və aparıcısı bizim bu Əsəd əfəndi olub. Ta heş zad! Saxtakarın, hamam suyundan özünə dost tutanın, kiminsə haqqını başqasına verənin nəyinə etiraz edəsən? Sanballı adam olsaydı, Nəriman Nərimanovun Əliheydər Qarayevə verdiyi cavabı ona da ünvanlamaq olardı. Amma o, buna da layiq deyil. Əksinə, ürəyincə olardı, şərəf duyardı.

İlhamə Nasir /AzTimes.az/


Abunəlik