TƏBİB “2023-cü ilin yekunlarına və qarşıda duran məsələlərə dair” müşavirə keçirib

Baxılıb:143
TƏBİB “2023-cü ilin yekunlarına və qarşıda duran məsələlərə dair” müşavirə keçirib

Dekabrın 14-də Respublika Perinatal Mərkəzində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə “2023-cü ilin yekunlarına və qarşıda duran məsələlərə dair” müşavirə keçirilib.

Müşavirədə TƏBİB-in İcraçı direktorunun müavin və müşavirləri, struktur bölmə rəhbərləri, tabelikdə olan tibb müəssisələrinin direktorları və inzibati işlər üzrə müavinləri iştirak ediblər.

Vüqar Qurbanov müşavirə iştirakçılarını salamlayaraq 2023-cü il ərzində görülən işlərdən söz açıb. O, xəstəxanalarda yeni şöbələrin yaradılmasının, laboratoriyaların yenidən qurulmasının, regionlarda tibbi xidmətin çeşidinin artırılmasının vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm rol oynadığını qeyd edərək, ümumilikdə görüləcək işlərin çox olduğunu da diqqətə çatdırıb:

“Növbəti ildə qarşımızda böyük vəzifələr var. Bu vəzifələrin öhdəsindən gəlmək üçün hər biriniz ilk növbədə xəstəxana idarəetməsinə, əlçatan, keyfiyyətli tibbi xidmətlərin təşkilinə, pasiyent məmnunluğuna və təhlükəsizliyinə diqqəti daha da artırmalısınız. Vətəndaş qəbuluna, xəstəxanada növbəliliyin tənzimlənməsinə, şəhid ailələri və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşılmalıdır. Bu gün qarşıya çıxan problemlər və onların həlli yollarının müzakirəsi bizə növbəti ildə yeni hədəflərə çatmağımıza töhfə verəcəkdir”.

Daha sonra tibbi xidmətlər sahəsində həyata keçirilən işlər, çatışmazlıqlar və qarşıdakı illərdə nəzərdə tutulmuş tədbirlər barədə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov məlumat verib:

“Ötən 11 ay ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsində, tibbi xidmətlərin inkişafı istiqamətlərdə ardıcıl işlər görülüb. İlkin səhiyyə xidmətinin təşkili istiqamətində yeni tibb məntəqələri istifadəyə verilib. Xidmətin restrukturizasiyası ilə bağlı zəruri tədbirlər görülüb. Tibb müəssisələrində yeni xidmət növləri yaradılıb, yeni şöbələr fəaliyyətə başlayıb. Mərkəzdən periferiyaya doğru xidmətin keyfiyyətinin və əlçatanlılığının təmin edilməsi prinsipi ilə regionların çoxprofilli xəstəxanalarında ixtisaslı xidmət sahələri təkmilləşdirilib. Lakin ilkin səhiyyə, həm ikincili, həm də üçüncülü xidmət mərhələlərində tibb müəssisələrində istər tibbi və qeyri-tibbi personalın fəaliyyətində, istərsə də digər sahələrdə fəaliyyəti daha da təkmilləşdirməyə ehtiyac var ki, 2024-cü ildə bu istiqamətdə daha sistemli çalışacağıq”.

Tibb müəssisələrinin təminatı, beynəlxalq əməkdaşlıq barədə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov məruzə edib:

“Maliyyə resurslarının önəmli hissəsi dərman və tibbi sərfiyyata ayrılır. Beynəlxalq təşkilatlar və xarici ölkələrlə aparılan əməkdaşlıq çərçivəsində də cari ildə tibb müəssisələrinə tibbi avadanlıqlar və vasitələr ianə edilib. Məqsədimiz bu vasitələri vətəndaşlar üçün daha da əlçatan etməkdir. Bundan əlavə, tibb müəssisələrində mütəmadi monitorinqlər aparılır, aşkarlanan problemləri vaxtında aradan qaldırmağa çalışırıq. Sevindirici haldır ki, müəssisələr aşkarlanan nöqsanların aradan qaldırılmasına ciddi yanaşırlar və ötən müddət ərzində bunun sayəsində müsbət nəticələr əldə edə bilmişik”.

TƏBİB-in strateji inkişaf göstəriciləri, dövlət-özəl tərəfdaşlığı sahəsində aparılan işlər barədə məruzə ilə Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev, tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı əldə olunan müsbət nəticələr, o cümlədən problem və çatımazlıqlar haqda Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva, insan resurslarının inkişafı, kadr çatışmazlığı, işə qəbul məsələləri ilə bağlı İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev çıxış ediblər.

Daha sonra müəssisə rəhbərləri cari illər ərzində görülən işlərlə bağlı məruzə ediblər.

Bakı üzrə poliklinikalarda mövcud vəziyyət, həyata keçirilən yeniliklər barədə Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, Təcili və təxirəsalınmaz tibbi yardımla bağlı yenidənqurma işləri və mövcud vəziyyətlə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov, Yeni Klinikada tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində direktor Barat Yusubov, 2023-cü il ərzində Kliniki Tibbi Mərkəzdə görülən işlər və növbəti ildə tibbi xidmətin təşkili ilə bağlı hədəflər haqqında direktor Könül Ələkbərov, Abşeron Rayon Mərkəzi Xəstəxanasında ümumi vəziyyəti və iş prosesində qarşıya çıxan çətinliklər barədə direktor Azər İsmayılov məlumat verib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov, Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov isə öz məruzələrində cari ildə görülən işlərdən, tibbi xidmətin daha keyfiyyətli və əlçatan olması istiqamətində müəyyən edilən hədəflərdən bəhs ediblər.

Məruzələrin yekununda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib:

“Bu gün 10 milyondan çox əhaliyə xidmət edən bir qurum olaraq, vətəndaşlardan gələn şikayət və təkliflərlə yanaşı, təşəkkür də alırıq. Vətəndaşların məmnunluğu əlbəttə ki, bizi sevindirir, eyni zamanda məsuliyyətimizi daha da artırır. Hədəfimiz hər bir Azərbaycan vətəndaşının keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunmasıdır. İcbari tibb sığortanın Xidmətlər Zərfi çərçivəsində biz 98 faizdən çox xidməti ödənişsiz şəkildə təmin edirik. 2024-cü il ərzində TƏBİB-in strateji planına əsasən, tibb müəssisələrimizdə islahatları davam etdirəcəyik, infrastruktur yenilənəcək, kadr potensialı, maddi-texniki baza daha da güclənəcək. Müəssisələrin elektronlaşdırılması, vahid məlumat bazasının yaradılması, səhiyyə sistemində vahid elektronlaşdırılmanın tətbiqi, xəstəxanaların idarəolunması sisteminin təkmilləşdirilməsi istiqamətində işlər həyata keçiriləcək.

Bütün bunlarla yanaşı, tibb müəssisələrində mövcud nöqsanlar, vətəndaşların haqlı narazılıqlarına səbəb olan hallar nəzərə alınaraq qısa zamanda aradan qaldırılmalıdır. TƏBİB, eləcə də aidiyyəti qurumlar tərəfindən həyata keçirilən monitorinqlər diqqətdə izlənilir və analiz edilir. Müəssisə rəhbərləri çatışmazlıqların aradan qaldırılmasını 2024-cü il ərzində prioritet istiqamət kimi müəyyən etməli və bu istiqamətdə çalışmalıdırlar”.

Müşavirə müzakirələr əsnasında meydana çıxan məsələlər ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.


Abunəlik