“Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”- Hicran Hüseynova

Baxılıb:281
“Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”- Hicran Hüseynova

Min illər boyu formalaşan milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz xalqımızın keçmişi ilə bu günü və gələcəyi arasında mənəvi körpü yaratmışdır. Vaxtı ilə milli-mənəvi dəyərlərimizin, dini, milli adət və ənənələrimizin öyrənilməsinə və təbliğinə müəyyən qədər qadağaların qoyulmasına rəğmən xalqımız öz tarixi-mədəni irsini qoruyub saxlaya bilmişdir. Azərbaycan azad, müstəqil dövlətə çevrildikdən sonra xalqımızın bu və ya digər dəyərlərinə xüsusi olaraq diqqət yetirilməyə başlanıldı. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin milli dəyərlərimizin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın milli dəyərlərinə maraq və məhəbbət hissini daha da artırdı. Tarixin yaddaş süzgəcindən süzülüb gələn Novruz bayramı gözəl nümunələrdəndir. Bu bayramı səciyyələndirən Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Çox zəngin potensiala malik olan Azərbaycanın bu özünəməxsus dəyərlərinə dünya dövlətlərinin maraq göstərməsinin bir çox obyektiv səbəbləri vardır. Bunların sırasında ölkəmizin reallıqları, tarixi, bu günü və bəşəriyyətin mədəni inkişafına, mədəniyyətlər arası və sivilizasiyalar arası dialoqa, tolerantlığın, humanizmin tərəqqisinə verdiyi töhfəsi dayanır.

“Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, – deyən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət əslində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.

Komitə sədri qeyd edib ki, xalqımızın milli-mənəvi irsinin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısına və etibarlı müdafiəçisinə çevrilib. Azərbaycanın birinci xanımının milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliğ olunması üçün həyata keçirdiyi layihələr onun əsl vətəndaşlıq mövqeyinin, yüksək mənəvi keyfiyyətlərə malik olmasının bariz nümunələridir. Onun səyi nəticəsində 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Eyni zamanda, Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınıb. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs siyahısına salınıb. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir.

Dünyada gedən qloballaşma prosesində milli dövlətçilik ideyaları, milli mədəniyyətin və dəyərlərin qorunması və ötürülməsi məsələsinin xüsusi olaraq diqqətdə saxlanılmalı olduğunu vurğulayan deputat deyib: “Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, “müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub”. Biz öz mədəniyyətimizi, adət-ənənələrimizi daha geniş miqyasda təbliğ etmək, qorumaq, gələcək nəsillərə çatdırmaq kimi çox mühüm vəzifənin öhdəsindən ləyaqətlə gəlməliyik. Ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır”. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli-mənəvi dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Burada ailə dəyərləri, ailə mühiti, ailədə yetişən yeni nəslə verilən tərbiyə də xüsusi olaraq qeyd edilməlidir. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, cəmiyyəti əxlaqi, milli vətənpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır. Bu baxımdan bütün dövrlərdə ailə dəyərləri, ata-ana, baba-nənə tərbiyəsi, ağsaqqal – ağbirçək nəsihəti, milli mənəvi dəyərlər, adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında əvəzsiz rol oynayır. Elə bizi güclü edən də, 30 ilə yaxın davam edən erməni işğalına 44 gündə son qoyan da qeyd etdiyimiz dəyərlərlə böyüyən cəsur, rəşadətli ordumuz, ordusuna dayaq olan xalqımız oldu”.

H.Hüseynova bildirib ki, hər il xalqımız bu bayramı böyük coşqu ilə qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyev hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir. Artıq üç ildir ki, biz bu qədim və tarixi bayramımızı böyük ruh yüksəkliyi, sevinclə keçiririk. Çünki Qarabağ və Şərqi Zəngəzur azaddır. Prezident İlham Əliyev iki il bundan əvvəl Şuşada Cıdır düzündə xalq müraciətində də deyirdi ki, “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır… Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik… Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.” Bundan sonra bu torpaqlarda ancaq bayramlar keçiriləcək.

Novruz bayramının fəlsəfi, sosial mahiyyətinin əsasında bir harmoniya vardır. Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən bu bayram milli dəyərlərlə yanaşı, həm də bəşəri dəyərləri də yaşadır. Evdə hazırlanan yemək və şirniyyatlardan qonşulara pay verilir, xüsusi ehtiyacı olanlara yardım edilir, sovqat göndərilir. Hamı çalışır ki, hər kəsin evində bayram süfrəsi açılsın. Biz başqa xalqlardan, millətlərdən olan qonşularımızı, dostlarımızı unutmuruq, onlara bayram payı göndərilirik. Belə yüksək əxlaqi-mənəvi keyfiyyətləri aşılayan ailələrimiz milli və bəşəri dəyərlərə hörmətlər yanaşan vətənpərvər nəsil yetişdirir.

“Novruz bayramı zamanı hər kəs yad edilir, insanlar dünyadan köçən əzizlərini, doğmalarını ziyarət edir. Vətən uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizi, etməni terrorunun qurbanı olan dinc əhalimizi dərin ehtiram və hörmət hissi ilə yad edirik. Yaralı əsgərlərimizə, vətəndaşlarımıza Allahdan şəfa diləyirik! Bu əziz günlərdə heç kəs onları, ailələrini tək qoymur. Bu bizim adətlərimizdən, igid oğullarımıza, qardaşlarımıza, bacılarımıza, balalarımıza olan mənəvi borcumuzdan irəli gəlir.

Novruz yenilikdir, oyanışdır! Təbiət oyanır, insan da təbiətin bir parçası olaraq yeniliyə, canlanmaya can atır. Novruz həm də bərəkət, birlik, həmrəylik rəmzidir! Bizim hər birimizin arzusudur ki, doğma Azərbaycanımızın dövlət müstəqilliyi daha da möhkəmlənsin, güclənsin, qüdrətli olsun! Xalqımız sülh və əmin-amanlıq şəraitində, xoşbəxt və firavan yaşasın!”, – deyə komitə sədri vurğulayıb.

AzTimes.az


Abunəlik