SOYUQ SAVAŞDAN QANLI MÜHARİBƏYƏ!

Baxılıb:350
SOYUQ SAVAŞDAN QANLI MÜHARİBƏYƏ!

Keçmişə səyahət…

II Yazı

Siyasət tarixində “Soyuq Savaş” termini adı altında II Dünya Müharibəsindən sonra iki qütbə bölünən dünyanın Sosialist düşərgəsi və Qərb bloku arasında 1945-1990-cı illərdə qlobal səviyyədə geo-siyasi, iqtisadi və ideoloji mübarizə vəziyyəti nəzərdə tutulur. Hətta bəzi araşdırmaçılar bu dönəmi – Şərq-Qərb qarşıdurmasını III Dünya Müharibəsi də adlandırırlar. Biznes tarixi üzrə professor, britaniyalı Ceffri Conesin fikrincə, Soyuq Savaşın başlanma səbəbi bu savaşı aparan tərəflərin ictimai quruluşa münasibətindən qaynaqlanırdı.

Alman faşizminin ortadan qaldırılması ilə iki müxtəlif ictimai formasiya arasındakı ziddiyyətlər də antoqonist həddə çatdı. Əgər savaşın qızğın vaxlarında Kapitalist Qərb və Sosialist Şərq Hitler koalisiyasına qarşı birlikdə mübarizə aparmaq məcburiyyəti hiss edirdilərsə, savaşın sonlarına yaxın bu birlikdəlikdən əsər-əlamət qalmamış, iki tərəf də mənfəətinə uyğun yol seçmişdi. Kapitalist düşərgəsi savaşdan sonra sosializmi birdəfəlik yox etmək, SSRİ isə, əksinə, sosializmi Şərqi Avropaya daşımaq, düşərgənin sərhədlərini genişləndirmək, bununla da Qərb dünyası ilə arasında bufer zona yaratmaq kursunu götürmüşdü.
Tərəflər arasında ilk ziddiyyətlər Yalta Konfransında üzə çıxdı. Bunun ilk başlıca səbəbi Polşanın gələcəyi ilə bağlı məsələydi…

Yalta Konfransı

04-11 fevral 1945-ci ildə anti-hitler koalisiyasının 3 derjavasının rəhbərləri – İosif Stalin, Franklin Ruzvelt və Uinston Çörçill ikinci dəfə bir araya gəldilər. Əgər ötən Tehran konfransında Böyük Britaniya lideri Çörçill daha həlim, qarşılıqlı anlayış və praqmatizm nümayiş etdirirdisə, Yalta konfransında tutduğu güzəştsiz mövqe onun xarakterindəki barışmaz antikommunizm və aqressiyanı da ortaya çıxardı. Çörçildən fərqli olaraq, Ruzvelt daha barışcıl mövqe ortaya qoyurdu. Bunun iki başlıca səbəbi vardı: Ruzvelt ədalətli insan idi, o, müharibənin əsas ağırlığını daşıyan SSRİ-nin maraqlarını da nəzərə alır, digər tərəfdən, Böyük Britaniyanın Avropa qitəsində təkbaşına liderliyinin də əleyhinə idi. Bu ikinci səbəb, əslində, ABŞ-ın da Böyük Britaniya tərəfindən küncə sıxışdırmağa hesablanmışdı. Bir qədər irəli gedib demək istərdim ki, əgər Ruzvelt bir qədər çox yaşasaydı, bəlkə də Soyuq Savaş olmaz, olsa da (əslində, bu, qaçınılmaz idi), gec baş verər və daha həlim keçərdi ki, bu da dünyanın indikindən daha fərqli formada (müsbət anlamda) formalaşmasına gətirib çıxarardı. Doğrudu, Ruzveltin ölümündən az müddət sonra Çörçill də iqtidardan getdi. Bu, iki qarşı duran qütb arasında barışın saxlanacağına, normal siyasi-iqtisadi münasibətlər qurulacağına işarə olsa da, bu dəfə vəziyyəti gərginləşdirməkdə Çörçildən heç də geri qalmayan başqa bir lider ortaya çıxdı – aqressiv xarakter sahibi Trumen Birləşik Ştatlarda hakimiyyətə gəldi. O, Böyük Britaniyanın Çörçildən çox-çox zəif olan yeni baş nazirini təsiri altına salaraq, ölkəsinin dünya hegemonluğu yolunda ilk addımlarını atdı, bu yolda atdığı ilk addım isə Qərbi Avropanı siyasi cəhətdən ələ keçirmək oldu və beləliklə, Soyuq Savaş ən aktiv fazasına qədəm qoyuldu.

Qayıdaq Yalta Konfransına. Əgər Tehran konfransında tərəflər III Reyx üzərində necə qələbə qazanmağın yollarını müzakirə edirdilərsə, Yalta konfransında artıq qələbənin çox yaxında olduğu görünürdü. Bu səbəbdən də, əsas müzakirə mövzusu və qəbul edilən qərarlar dünyanın qalib dövlətlər tərəfindən gələcəkdə yenidən bölüşdürülməsi üzərində qurulmuşdu. Yalta konfransında qəbul edilən bütün qərarlar əsasən iki problemin həllinə yönəlmişdi:

  • birincisi, III Reyx tərəfindən müharibənin əvvəlində işğal olunmuş ərazilərdə yeni dövlət sərhədlərinin tam müəyyən olunması başlıca prioritetlərdən idi. Eyni zamanda, müttəfiqlərin təsir dairələri arasında qeyri-rəsmi, lakin ümumilikdə bütün tərəflərin tanıdığı demorkasiya xəttinin müəyyən edilməsi zəriri hesab olundu;
  • İkincisi, müttəfiqlər artıq anlamağa başladılar ki, ümumi düşmən – faşizm ortadan qaldırıldıqdan sonra Qərblə SSRİ-nin birlikdəliyi öz mənasını itirəcək. Buna görə də gələcəkdə daha böyük problemlərdən qaçmaq üçün müharibədən sonra yenidən çəkiləcək dünya xəritəsinin dəyişməzliyinə zəmanət verən prosedurlar yaratmaq lazım hesab olundu.

Yuxarıdakı punktlardan da göründüyü kimi, Yalta Konfransında əsas gündəm sərhədlərin yenidən müəyyənləşdirilməsi məsələsi olub. Çörçill könülsüz olsa da, qarşılıqlı güzəştlər yoluyla tərəflər bütün məsələlərdə praktiki olaraq razılıq əldə etdilər. Ancaq qoca ser gizlində öz bildiyini edirdi… Bu haqda bir az sonra…

Tarixi Polşa problemi…

Bu günkü Ukrayna məsələsində Polşa əsas açar rolunu oynayan ölkələrdən biridi. Yazı dizimizin ötən bölümündə amerikalı analitik Fridmanın Polşada nəşr olunan qəzetə verdiyi müsahibəyə toxunduğumuzu yəqin ki, xatırlayırsınız. Bu müsahibədə Polşa açıq-açığına qızışdırılır, prosesdə daha aktiv rol oynaması üçün şirnikləndirilir. Hadisələrin gedişatı göstərir ki, Polşa özü də ssenarisi ABŞ tərəfindən yazılan bu tragikomediyada böyük həvəslə rol almaq istəyindədi. O, bununla keçmişdə ona edilən haqsızığı indi həll edəcəyi düşüncəsi içərisindədi. Ancaq sizə təqdim etdiyim xəritədən də gördüyünüz kimi, Polşaya qarşı heç də haqsızlıq edilməyib, o, itirdiyini hesab etdiyi şərq torpaqlarının əvəzini Qərbdə, alman torpaqları hesabına qazanıb və dənizə çıxış əldə etməklə çox mühüm Qdansk limanını əldə edib.

İkincisi, Polşa özünün hesab etdiyi Qərbi Ukrayna və Qərbi Belorusiya torpaqları yalnız Reç Pospolitiya dönəmində Polşa-Litva Uniyası kimi tanına dövlətin tərkib hissəsiydisə, bundan əvvəl rus knyazlıqlarına bağlıydı. Reç Pospolitiyanın 1795-ci ildə bölüşdürülməsindən sonra yenə Rusiyaya birləşdirildi. Bolşevik inqilabından sonra isə o torpaqlar 1921-ci il tarixli Riqa Sülh Müqaviləsi sayəsində yenidən Polşanın əlinə keçdi. Halbuki Riqa sülh müqaviləsi bir il öncə təklif olunan və “Kerzon liniyası” adlandırılan deklorasiya ilə tamamilə ziddiyyət təşkil edir. Əgər Kerzon xətti Qərbi Ukrayna və Qərbi Belorusiyanı sovet torpaqları hesab edirdisə, Riqa müqaviləsilə bu torpaqlar Polşaya keçdi. Stalin bunu yeni qurulan sovet hökumətinin zəifliyindən istifadə edib, onun torpaqlarının ələ keçirilməsi kimi dəyərləndirərək ədalətsizlik hesab etdi. Stalin bu mübahisəli torpaqların SSRİ-yə birləşdirilməsini tələb edəndə bir xüsusi məqamı da vurğulayırdı ki, orada yaşayan insanların mütləq əksəriyyəti ukraynalılar və beloruslardan ibarətdi. O, bütün bu dəlillərə əsaslanaraq və “Kerzon liniyası”nı səbəb göstərərək, 1939-cu ildə həmin o torpaqları yenidən ələ keçirdi. Ancaq o torpaqların rəsmi statusu hələ də açıq qalırdı. Elə bu səbəbdən də, Yalta konfransında problem masaya yatırıldı.

Konfransda Polşa məsələsiylə bağlı Stalinin irəli sürdüyü tezisləri digər tərəflər də qəbul etmək zorunda qaldılar. Belə ki, konfransın keçirildiyi günlərdə Qızıl Ordu hissələri artıq Polşa torpaqlarının demək olar ki, tamamını işğaldan azad etmiş, cənubda Budapeştin yaxınlığında mövqe tutmuş, hətta bəzi yerlərdə Almaniyanın dərinliyinə qədər gedib çıxmışdılar, artıq sovet qoşunları Drezden qapılarına dayanmışdı. Ruzvelt anlayırdı ki, sovet əsgərlərinin qanı hesabına işğaldan azad olunan torpaqlarda yeni sərhədlərin çəkilməsi və orada qurulacaq hökumətlərin formalaşdırılmasında sovet hökumətinə güzəşt edilməlidi, çünki əsas işi onlar görüblər. Bunu siyasətin dahi bilicisi Çörçill də anlayırdı. Ancaq onun qədərindən artıq antikommunist mövqeyi ədalətli mövqe tutmasına mane olurdu. O, istəyirdi ki, sovet qoşunları 1939-cu ildən öncəki sərhədlərə geri dönsün, daha irəli getməsin. Onun düşüncəsinə görə, sonrakı gedişat Avropanın iç işidi və SSRİ buna qətiyyən qarışmamalıdı. Bu isə, təbii ki, sovet hökuməti tərəfindən qəbuledilməz idi. Belə çıxırdı ki, SSRİ vəhşi heyvanı yaralayıb, yerə yıxıb, ondan sonra ona deyirlər ki, sağ ol, daha sən dön evinə, bu heyvanın başını kəsib, dərisini soymaq bizim işimizdir. Belə məntiq olurmu, hələ bəhsi-mövzu dünya müharibəsidirsə, dünyanın yenidən düzənlənməsidirsə, burada baş rol oynayan, ərazisinin yarısı tar-mar olan, 35 milyondan çox vətəndaşı öldürülən tərəfin maraqları mütləq şəkildə nəzərə alınmalıdı.

Elə bu səbəblərdən də Ruzvelt Stalinin tələblərini daha xoşgörüylə qarşılayır və SSRİ-nin maraqlarının təmin olunmasına haqq verirdi. Qarşılığında isə bir tələbi vardı: SSRİ Almaniya ilə müharibəni bitirən kimi Yaponiyaya müharibə elan edəcək və ümumilikdə dünya müharibəsinin bitməsinə yardımçı olacaq. SSRİ bu təklifi qəbul etdi və verdiyi sözü tutaraq, almanlarla işi bitirdikdən həmən sonra Yaponiyaya müharibə elan etdi. Bu məsələdə də Stalin kəskin mövqeyini ortaya qoyaraq, təmsil etdiyi dövlətin maraqlarını qorudu: yaponlar tərəfindən anneksiya edilən Cənubi Saxalin və Kuril adaları SSRİ-yə veriləcək; Monqolustanın müstəqil dövlət statusu tanınacaq və Port-Arturla Şərqi-Çin dəmir yolu sovetlərə icarəyə veriləcək. Bütün təkliflər qəbul olundu. Burada həm Stalinin şəxsiyyəti, həm də Avropa cəbhəsində hər gün irəli gedən sovet qoşunlarının üstün mövqeyi həlledici rol oynadı.

Polşa problemiylə bağlı bir ciddi məsələ də var: orada qurulan hansı hökumətin tanınması məsələsi. Ruzvelt öz uzaqgörənliyi ilə bu məsələdə də bacardıqca tərəf tutmamağa çalışır, bitərəf mövqeyini ortaya qoyurdu. Çörçil ştab-kvartirası Londonda yerləşən Tomaş Arçişevskinin Baş nazir olduğu Mühacirətdəki Polşa hökumətini tanıyırdı. Stalin isə bir müddət öncə Moskvada qurulan, Yalta Konfransı keçirilən vaxt artıq Polşaya yerləşən, orduları sovet orduları ilə birlikdə Polşa torpaqlarının faşistlərdən azad edilməsi üçün vuruşan Polşa Milli Müqavimət Komitəsinin rəhbərliyindəki Müvəqqəti Polşa Hökumətini tanıyırdı. Arçişevskinin həm Tehran, həm də Yalta konfranslarının qərarlarını, həmçinin müharibədən sonrakı yeni Polşanın sərhədlərinin Kerzon xətti üzrə müəyyənləşəcəyi haqda razılaşmanı tanımaması sonrakı proseslərdə Stalinin mövqeyini möhkəmləndirdiyi kımi, Çörçilin əlini də zəiflədirdi. Ancaq Çörçill qətiyyən təslim olmaq istəmirdi. Odur ki, o, gizli bir plan hazırladı…

Çörçilin “Ağlasığmaz əməliyyat” planı!

Çörçil danışıqlar masasında bütün istəklərini yerinə gətirə bilmədiyi üçün məsələni hərb meydanında yeni savaş hazırlamaqla gerçəkləşdirmək istəyirdi. O, bu istəyini həyata keçirmək üçün gizli bir plan hazırladı – “Ağlagəlməz əməliyyat” planı! Elə planın adı da bu cür tərcümə olunur. Ruslar bu plana Операция “Немыслимое” deyir. Orijinal adı isə belədir: “Operation Unthinkable: “Russia: Threat to Western Civilization”. Tərcüməsi bu anlama gəlir: “Ağlasığmaz əməliyyat: Rusiya Qərb sivilizasiyası üçün təhlükədir!”

Əslində, “Ağlasığmaz əməliyyat” kod adı ilə siyasi tarixə düşən bu plan bir yox, iki plandan ibarətdi – hücum və müdafiə planı. Hər iki plan Uinston Çörçilin tapşırığı ilə, Yalta Konfransından həmən sonra, Böyük Britaniya Müdafiə Nazirliyinin Baş Qərargahında xüsusi gizlilik əsasında işlənib hazırlanmağa başlandı. 22 may tarixdə plan artıq hazır idi.

Böyük Britaniya hökuməti 43 il bu planın varlığını israrla inkar etsə də, 1998-ci ildə bunu etiraf etmiş oldu. Hal-hazırda bu planlarla bağlı bütün rəsmi sənədlər Böyük Britaniya Milli arxivində saxlanılır (bax: The National Archives/ The Catalogue/ Full Details/ CAB 120/691) İnternetdə bu planın mətni həm rus dilində, həm də türkcəsi istinad olunan qaynağa əsaslanaraq işıq üzü görüb.

Qayıdaq planın məğzinə…
Hücum planının bilavasitə məqsədi sovet qoşunlarının, zorla da olsa, Polşanın 1939-cu il sərhədlərindən Şərqə doğru qovulmasından ibarətdi. Bu isə, həm Yalta Konfransı, həm Podstam Konfransı, həm də 1947-ci il Paris Sülh Müqaviləsinin mahiyyəti və müharibənin yekunlaşması ilə bağlı qəbul edilən bütün qərarlarla ziddiyyət təşkil edir.

Müdafiə planının əsas məqsədi ABŞ əsgərləri getdikdən sonra sovet qoşunlarının Britaniya adalarına və Qərbi Avropaya mümkün hücumunun qarşısının alınmasıyla bağlıydı. Halbuki nə Stalin, nə də ondan sonrakı sovet rəhbərlərinin heç zaman belə bir məqsədi olmayıb. Əgər olsaydı, arxivlərdə bu haqda kiçik də olsa faktlara rast gəlinərdi. Ancaq tarixin araşdırılması göstərir ki, hər zaman Qərb ölkələri Şərq düşərgəsini ortadan qaldırmaq üçün planlar hazırlayıblar, SSRİ isə yalnız kontr cavablarla kifayətlənib. Qərbdə bir maniya yaranmışdı, onlarda bir sovetofobiya hakim idi. Düşünürdülər ki, birdən SSRİ onlara hücum edər. Odur ki, zaman-zaman bu tip planlar hazırlayırdılar. “Ağlagəlməz əməliyyat” planı da həmin çoxsaylı planlardan biriydi. Bir çox hərb tarixçilərinin fikrincə, reallaşacağı təqdirdə “Ağlagəlməz əməliyyat” “Barbarossa əməliyyatının” təkrarı və beləliklə də, III Dünya Savaşının başlanmasının başlıca səbəbi olacaqdı.

“Ağlagəlməz əməliyyat” planında Şərqə ediləcək hücum zamanı istifadə olunacaq hərbi sursat və hərbi kontingent haqqındakı məlumatlar da çox ürküdücü görünür.
Əməliyyat üçün 100-dən çox diviziya cəlb ediləcəkdi, bu diviziyaların əksəriyyəti müharibədə əsir götürülmüş və döyüş təcrübəsi olan almanlardan, eləcə də milliyyətçi polyaklardan təşkil olunacaqdı. Həmçinin 6 mindən çox qırıcı təyyarə, 3 minə yaxın strateji-bombardmançı təyyarə, 10 mindən çox tank Şərq əməliyyatı üçün nəzərdə tutulmuşdu. Planın gerçəkləşdirilmə tarixi iyul ayının əvvəlləri, başlanğıc yeri olaraq da Drezden şəhəri ətrafındakı Sovet qoşunlarına sürpriz hücumla başlayacaqdı. Belə çıxırdı ki, Qərb siyasətçiləri Avropanı, ümumilikdə bütün dünyanı faşizm taunundan xilas edən ölkəni artıq düşmən gözündə görürdü.

Bəs, necə oldu ki, bu təhlükəli plan baş tutmadı. Həmin dövrdə sovet hökuməti bütün yanlışlarına baxmayaraq, nəhəng bir dövlət olmaq yolunda lazım olan institutları qısa müddət ərzində qura bilmişdi. Həmin həyati əhəmiyyət daşıyan institutlardan biri də dövrünün ən professionalları olan sovet kəşfiyyat məktəbi idi. Edinburq universitetinin professoru Eriksonun fikrinə görə, bu işin açılmasında sovet kəşfiyyat məktəbi agentlərinin böyük rolu olub. O, bu barədə 1998-ci ildə “The Guardian” qəzetindəki məqaləsində yazırdı: “…план Черчилля помогает объяснить, “почему маршал Жуков неожиданно решил в июне 1945 г. перегруппировать свои силы, получил из Москвы приказ укрепить оборону и детально изучить дислокацию войск западных союзников. Теперь причины понятны: очевидно, план Черчилля стал заблаговременно известен Москве, и советский Генштаб принял соответствующие меры противодействия”. ( bax: “Pravda” qəzeti, 15 oktyabr, 1998-ci il)

Tanınmış Sovet kəşfiyyatçısı, xarici kəşfiyyat polkovniki Mixail Lyubimov digər gəşfiyyatçı-jurnalist Yuri Kobaladze ilə birlikdə yazdığı “Возвращаясь к “Кембриджской пятерке” – Триумф или провал?” adlı əsərində qeyd edir ki, “План операции “Немыслимое” действительно был передан СССР Кембриджской пятеркой”

“Kembric beşliyi” adlandırılan agentura seti bu şəxslərdən ibarət idi:

1) Kim Filbi – kod adı “Stanley”olan Kim uzun müddət SİS (MI6) və MI5 adlı xüsusi xidmət orqanlarında yüksək vəzifələr tutub;
2) Donald Makleyn – kod adı “Homer”, İngiltərə xarici işlər nazirliyində işləyib;
3) Entoni Blant – kod adı “Johnson”, Britaniya əks-kəşfiyyatının polkovniki və kral VI Georqun məsləhətçisi olub;
4) Qay Byordjes – “Hicks”, “Medxen”, “Paul” kod adlarıyla tanınıb. Əks-kəşfiyyat zabiti olub, xarici işlər nazirliyində çalışıb;
5) Con Kernkross – kod adı “List”, hərbi kəşfiyyatda və xarici işlər nazirliyində çalışıb.

Con Kernkross Kembric universitetinin ən məşhur marksisti Ceyms Klaqmen tərəfindən 1936-cı ildə “verbovka” olunaraq, sovet hökuməti lehinə işləməyə başlamışdı. Digər 4 nəfər isə, Avstriya yəhudisi, məşhur sovet kəşfiyyatçısı Arnold Deyç tərəfindən “verbovka” olunmuş agentlərdi.

Əslində rəsmi olaraq “Kembric beşliyi” adlı bir qrup mövcud olmayıb. Müharibə vaxtı İngiltərədə çox sayda SSRİ-yə işləyən agentlər vardı. Onları koordinə etmək üçün Sovet kəşfiyyatçısı Yuri Modinə göstəriş verilir. O da daha etibarlı həmin bu 5 nəfəri seçərək, xəyali qrup yaadır və onların hamısı Kembric məzunu olduğuna görə sonradan bu cür adlanmağa başladılar. Əslində, onlar bir-birini tanımayıblar. Bu 5 nəfər hər zaman sovetlər tərəfindən təqdir edilib, çünki məhz onların verdiyi informasiyalar sayəsində bütün dünya Uinston Çörçilin ağlasığmaz çılğınlığından qurtarıb və III Dünya müharibəsi baş verməyib.

Lakin Qərb dünyası liderlərinin çılğınlığı bununla bitmirdi. Çörçilin “Ağlasığmaz əməliyyatı” planından bir qədər sonra ABŞ prezidenti Harri Trumen və ondan sonra prezident olacaq general Duayt Eyzenhauer daha böyük fəlakətlərə səbəb olacaq, daha ağlasığmaz bir plan işləyib hazırladılar – TOTALİTİ PLANI!
Bu plana görə yaxın 5-7 il ərzində SSRİ-nin ən böyük şəhərlərinə və sənaye mərkəzlərinə 20-30 ədəd atom bombası atılacaqdı. O şəhərlərin sırasında Bakının da adı var. Totaliti planının qarşısını isə Lavrentiy Beriya aldı. Bu haqda daha ətraflı növbəti yazımızda…

Yazımızın bu bölümünə son söz əvəzi

Dəyərli dostlar, bu yazı ilə birlikdə Polşa və Ukrayna ilə bağlı iki xəritəni də diqqətinizə çatdırıram. Xəritələrdən biri 1921-ci ildə imzalanmış Riqa sazişindən qaynaqlanan xəritədi. İkinci xəritə 1920-ci il tarixli “Kerzon liniyası” əsasında çəkilən xəritədi. Hazırkı sərhədlər Kerzon liniyasına görədi. Polşa “Ukrayna” oyununun içində yoxdur deyənlərə isə Riqa sazişini xatırladıram. Həmin sazişə görə Belorusiya və Ukraynanın qərb hissəsi Polşaya aid edilib. Rumıniya da Bessarabiyanı istəyir. Bessarabiyanın bir hissəsi bu gün Ukrayna torpaqlarıdı…

Bir daha Fridmana qayıdaq. O deyir ki, hal-hazırda bizim əsas müttəfiqlərimiz Pribaltika, Polşa, Rumıniya, Slovakiya, Macarıstan və Türkiyə olmalıdı. O, onu da deyir ki, Ukrayna dağıla bilər, ruslar onun şərqini tutacaq, elə isə niyə Polşa və digərləri əzəli torpaqlarına iddia etməsinlər. O, həmçinin deyir ki, Ukraynanın bölünməsindən Türkiyə də qazana bilər. Hələ ki, Fridmanın portretini cızdığı bu oyuna Pribaltika ölkələri, Polşa və Rumıniya qoşulub. Slovakiya və Macarıstan tərəfsiz qalıb. Türkiyə isə dirənir! Məncə, doğru da edir. Qərbin bu iyrənc planını elə Türkiyə pozacaq. Biz də Türkiyənin yanında olmalıyıq, hətta İran və İsrail də bu planın qarşısında olmalıdı. Rusiya da Ukraynanın bütövlüyü məsələsi ilə razılaşmalıdı, hətta Krımı belə qaytarıb onlara verməlidi. Təbii ki, Ukrayna da NATO-dan imtina etməlidi. İndi təsəvvür edin bu koalisiya nə qədər böyük və qüdrətli olar… ABŞ-ın patronajlığındakı Qərbin Şərqə doğru ekspansiya siyasətinin qarşısını yalnız bu yolla almaq mümkündü…

Ardı var…


Abunəlik