Milli qəhrəman Albert Aqarunovun anım mərasimi keçirildi

Baxılıb:193
Milli qəhrəman Albert Aqarunovun anım mərasimi keçirildi

1991-ci ilin oktyabrında könüllü olaraq Milli Ordu sıralarına yazılan yəhudi əsilli 23 yaşlı A.Aqarunov ömrünün ən gözəl çağında silaha sarılaraq doğma vətəni Azərbaycanın müdafiəsinə qalxıb, Qarabağ, Şuşa uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmanlığı ilə ad-san qazanıb. Hələ sağlığında vətənpərvərliyi, qorxmazlığı, şücayəti ilə ad-san qazanan Albertin döyüş dostları onu böyük hörmət və ehtiramla “Şuşanın əfsanəsi” adlandırıblar.

A.Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tankını, 7 ZTR və bir çox texnikasını məhv edib. A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.  Vaxtilə tahsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.

Dünən- qəhrəmamın anım günü onu sevənlərin məzarını ziyarəti ilə başladı.  Tədbirdə iştirak edən döyüş yoldaşları, yaxınları  Albert haqqında xoş xatirələri, döyüşdə göstərdiyi qəhrəmanlıqlar haqqında danışdılar.   Azərbaycanda yaşayan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev  çıxış edərək Azərbaycanın onların Ana Vətəni olduğunu, vətən uğrunda hər zaman döyüşə hazır olduqlarını bildirib. O ,  Albertlə fəxr etdiyini,  Albertin qəhrəmanlıqlarının  iki xalq arasındakı bağların əbədi, qırılmaz olduğunun  sübutu olduğunu bildirib.Tədbirdə   İsraildən gələn qonaqlar, şəhidin qardaşı Rantik Aqarunov, hər zaman ictimaiyyətə açıq olan millət vəkili Qənirə Paşayeva və media nümayəndləri də iştirak edib.

Nüşabə Şəkərova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir