“Qaçqınkomun” işçilərini boşatdırıb, onlara qaçqın evi verən Sədr

Baxılıb:376
“Qaçqınkomun”  işçilərini boşatdırıb, onlara qaçqın evi verən Sədr

Bayaq “Fillər mənim dostumdur” filminə baxırdım, yenə gözüm pəncərədən o binalara sataşdı. Şərur MTK-nın məcburi köçkünlər üçün tikdiyi o 12 binaya. Hər görəndə də əhvalımda qəribə bir qarışıqlıq yaranır. Pərdəni çəkib, yaddaşımı formatlamağa çalışıram, amma alınmır. Düşünürəm, yaddaşımdakıların bir-neçəsini paylaşsam, bəlkə alınar.
Buradan başlayım: Hə, mən də məcburi köçkün idim. Mənim də hər şeyim əlimdən alınmışdı. Bəli, hər şeyim! İsti evim, bərəkətli bağım-bağçam, qayğısız uşaqlığım, atalı-analı günlərim, doğma qonşularım, bir sözlə xoşbəxtliyim… Hələ atam ölənə qədər özünə belə təsəlli verərdi “mənim evim dağılmayıb ki, mənim evim şəhid olub”. Bu haqda “Qırmızı darvaza” adlı hekayəm də var. Sumqayıtda yataqxananın kiçik emalatxanasına sığınanda, Qubadlıdan Şahin adlı bir zabit gəlib tapmışdı bizi. Vaxtı ilə atam ona dərs demişdi. Müəlliminin qarşısında durub, acı bir xəbəri necə ona çatdıracağının əzabını yaşayan zabitin sifəti hələ də gözümün önündən getmir. Bir təhər özündə güc toplayıb, “müəllim, evinizi biz partlatdıq, çünki ermənilər oranı kazarma etmişdilər, həyətinizə də texnika yerləşdirmişdilər” dedi. Onda atam ayağa qalxıb, zabitin alnından öpmüşdü. “Mənim evim dağlmayıb ki, mənim evim şəhid olub, şəhid!” demişdi.
Böyüsəm də, universitetə qəbul olub, oranı əla qiymətlərlə bitirsəm də, şəhər adamı ilə ailə qurub, Bakı qeydiyyatına düşsəm də, “qaçqın” damğası hər zaman üzərimdə olub. Və həmişə də ani bir boşluqda o damğamdan vurulmuşam. Məsələn, evdəkilər qəfil bir oğurluq xəbəri eşidəndə, dilənçilər qapını döyəndə “əşi bu qaçqınlar gəlib şəhərə doluşandan günümüz qara olub” deyərdilər. Halbuki ki onların heç birinin qaçqınlara aidiyyəti yoxuydu. Sadəcə mənə eşitdirirdilər. İçim qovrulsa da, susurdum. Həm də dilimi qısa edən, həyata sıfırdan başlayan valideynlərimin mənə verdiyi cehizin azlığı idi. Baxmayaraq ki, ziyalı bir ailənin qızıydım, özüm də Bakı Dövlət Universiteti bitirmişdim. Qaçqınamsa, hər şeyə susmalıyam. Sonra vəziyyət son həddə gəlib çatdı. Evə başqa bir qadın gəldi. Nə olsun ki, yoldaşımdan 12 yaş böyük idi, nə olsun ki, ərini atıb, mənim ərimə qoşulub qaçmışdı, əsas odur ki, qaçqın deyildi, həm də imkanı vardı. Beləcə ailəm dağıldı. Elə o ərəfələrdə də atam, anam dünyasını dəyişdi. Necə deyərlər, zərbə dalınca zərbə. Bir uşaqla qaldım çarəsiz. Axı, valideynlərim yoxuydu ki, məni yenidən öz üzərilərinə qeydiyyata götürələr. Həm də həmin il oğlum birinci sinfə gedəcəkdi. Mütləq bir yerdə qeydiyyatım olmalıydı. Nizami rayon polis idarəsinə getdim. Qeydiyyat üçün pul istədilər. Yadımdadır, 600 manat. O pul bəlkə də onlar üçün kiçik məbləğiydi, amma mənim üçün əlçatmaz idi. Kor-peşman çıxdım oradan. Üz tutdum Qubadlı rayon icra hakimiyyətinə. Malik İsaqovun qəbuluna yazıldım. Vəziyyəti danışdım, yenidən Qubadlı qeydiyyatına düşmək istədiyimi bildirdim. Bir kəlmə – “mümkün deyil” dedi. “Axı mən havada qalmışam, mənə mütləq qeydiyyat lazımdır” desəm də, “get problemini boşandığın ailənlə həll et!” dedi. Otaqdan çıxanda Malik müəllimin yanında oturan, onun əmrlərini icra edən Asəf adlı biri qəfil qarşıma keçib, “evdən ötəri boşanmısan?” qəzəblə soruşdu. Bu heç mənim ağlıma da gəlmirdi. Özümdən asılı olmayaraq “Mauqli” multfilimindəki Şirxanın əlaltısı gəlib gözümün önündə durdu. Məni gic gülmək tutdu. Uzaqlaşdım oradan.
Üzümə üz tutub keçmiş qayınanamın yanına getdim. Məni qeydiyyatdan çıxartmamasını xahiş etdim. Mənə şərt qoydu: onda mənimlə bir yerdə yaşayacaqsan. Razılaşdım. Çünki oğlum məktəbə gedəcəkdi. Ən azından qeydiyyat yeri olmalıydı. Təsəvvür edirsiniz, boşanmış ailə ilə bir yerdə yaşamağı, özü də əzazil bir qayınana ilə. Üstəlik də keçmiş ərin başqası ilə evli ola. Uşaq məktəbi qurtarana qədər mən o evdə qulluqçuluq etməliydim, od ayaqlamalıydım. Elə ayaqladım da. Məni ayaqda saxlayan yaradıcılığım oldu. Yazılarımla başımı qatırdım. Kitabım da çıxmışdı. Bir gün mənə “Vətən səsi” qəzetinin redaksiyasından zəng gəldi. Hekayəm çıxmışdı qəzetdə. Belə bir təsirli hekayəyə görə mənə minnətdarlıq edib, redaksiyaya dəvət etdilər. Getdim, çox xoş da qarşılandım. Təbii ki müəllif olaraq. “Qaçqınkom”un sədri Rövşən müəllimlə də görüşdüm, ona kitabımı hədiyyə etdim. Sonra redaksiyadakılarla bir xeyli söhbətləşdik, hekayəni müzakirə etdik. Bir neçə gün sonra qonorar müqabilində məndən yeni yazılar istədilər. Razılaşdım. Düzdür qonorar görməsəm də yazılarım dərc olunurdu.
Oğlum orta məktəbi bitirdi, yəni qayınanamla müqaviləmin müddəti bitdi. Üz tutacaq yerim yoxuydu. Kirayə ev axtardım. Ucuzvarı birini tapdım. Zirzəmiyə oxşar bir ev. Rütubətdən, nəmişlikdən ev kif iyi verirdi. Bir müddət yaşadıqdan sora oğlumun səhhətində problemlər yarandı. Ağır nəfəsalma, dayanmadan öskürək… Həkimə apardım, nəmişlikdən allergik astma yaranıb, dedi. Elə bil bütün xəstəxana yıxılıb, üstümə töküldü. Axı, 250 manat maaşla mən necə başqa ev tutum, onu necə müalicə edim? Sabaha qədər yata bilmədim. Ağlıma “Qaçqınkom” gəldi. Bu dəfə müəllif kimi yox, məcburi köçkün kimi getdim ora. Yenə xoş qarşılandım. Vəziyyəti danışdım. Ərizə yazmağımı məsləhət bildilər. Yaradıcı bir qadının belə bir vəziyyətdə yaşamağı qəbuledilməzdir, dedilər. Bir müddət sonra mənzillər paylanacaqdı. Hər dəfə oğlumun astma tutmaları başlayanda, “ana qurban az qalıb, öz evimiz olacaq, çıxacağıq buradan” deyirdim. Nəhayət bir gün gözlədiyimiz zəng gəldi. Müavin Fuad müəllim idi. Səsi mikrofona qoydum, o “xoş” xəbəri oğlum da eşitsin deyə. Fuad müəllim “İlhamə xanım, mənzillər hələlik yataqxanalarda məskunlaşanlara paylanır, gələn dəfə Sizi nəzərə alarıq” dedi. Bir söz demədim. Çünki, yataxanada yaşamışdım deyə, oradakıların vəziyyətini anlayırdım. Amma, sonradan gördüm ki, yataqxanada yaşamayan nə qədər adam mənzillə təmin olunub. Hələ “Qaçqınkom”un öz işçilərinin məmə deyənindən pəpə deyəninə qədər hamısına ev verilib. Hətta bir neçə ev əldə etmək üçün hamısı da sənəd üzərində boşanıb. Asəfin sözü yadıma düşdü və daha onu qınamadım. Adam haqlıymış.
Allahdan oğlum Türkiyədəki universitetlərin birinə qəbul oldu və çıxıb getdi. Mən isə kompası xarab olmuş gəmi kimi qaldım dəryanın ortasında. Qayğılarım daha da böyüdü. Kirayədə qalmaq, oğluma tez-tez pul göndərmək…
Bir yazar kimi, bir ziyalı kimi, həmişə Qubadlının təəssübünü çəkən bir qubadlılı kimi yenidən başçı Malik müəllimin qəbuluna getdim. Bu dəfə iş istədim. Əvvəlcə məndən AYB-nin Qubadlı Regional bölməsi ilə əlaqəm olub-olmadığını soruşdu. Dedim, mən Qubadlıya görə bu bölmə üçün əlimdən nə gəlibsə, etmişəm və etdiyimi qoy Sizin bölməyə sədr təyin etdiyiniz Namiq Məna desin. Susdu. Sonra “yoxe, yaşın 40-ı keçib, sənə aid iş yoxdur” dedi. Gözümün qabağına Malik müəllimin 40-dan yuxarı təzəcə əmək fəaliyyətə başladığı “cavanlığı” gəlib durdu. Bibisi bizim qonşu idi. Tez-tez onlara gələrdi. Mən çox uşaqdım, onun isə haradasa 40-dan çox yaşı vardı. Hansısa idarədə çalışırdı. Bibisi elə deyirdi. Bəs, Malik müəllim özü hansı yaşda gəlib bu postda oturub ki? Mən onun həndəvərində deyil, mədəniyyət, təhsil sahəsində yazı-pozu işi istəyirdim. Halbuki araşdırsan görərsən ki, onun ətrafındakıların çoxu mənim bitirdiyim universitetin heç qarşısından keçə bilməyiblər.
Torpaqlar işğaldan azad olunanda sevindiyimdən necə hayqırdımsa, özüm də qorxdum. Elə bildim hayqırtım Tanrının qulağını dəldi və tezliklə onun qəzəbinə tuş gələcəm. Əvvəla “qaçqın” damğasından təmizlənəcəkdim, sonra da minnətsiz-sünnətsiz Qubadlıma qayıdıb, atamın ocağını yandıracaqdım.
Qubadlıya qayıtmaq istəyənlərin siyahıyaalınması gedirdi. Böyük ümidlə aidiyyəti adamlara yaxınlaşdım. Atamın ocağını qaytarsınlar, doğma evimizə qayıtmağı istədim. Təbii ki o evi mənə qaytara bilməzdilər, amma bir koma da olsa bəsim idi. Ən azından bütün ədalətsizlikdən, haqsızlıqdan uzaqlaşıb uşaqlıq xatirələrimə sarılıb, yerdə qalan ömrümü başa vuracaqdım. Dedilər səni siyahıya sala bilmərik, çünki Qubadlı qeydiyyatında deyilsən. Yəni atamın evindən də mi məhrum oldum? Mən niyə ora – doğma kəndimə qayıda bilməyim ki? Bəs kimlər qayıdacaq? Torpaq həsrətli yaşlılar? Onlardan qalan var yəni? Qalan tək-tük adamdır ki, onların da həsrət çəkməyə tabı-taqəti qalmayıb daha. Yoxsa evlə təmin olunan yeni nəsil? Ay qayıtdılar, ha! Qınamıram. Niyə də qınanmalıdır ki? Oradan evlərini qoyub gələnlər necə başa düşülübsə, burdan da evlərini qoyub gedənlər o cür başa düşülməlidir.
İndi eşitmişəm bütün bağlarımızı, evlərimizin yerlərini kürüyüb yol çəkirlər. Eybi yox, xeyirli-uğurlu olsun. Amma imkan verəydilər, heç olmasa gedib atamın, anamın əlləri dəydiyi o evin dağılmış daşlarına toxuna biləydim. Buraxmırlar ora. Düzdür, hərə bir yolla gedə bilir. Ya tanışlıqla, ya da baxım-görümlə. Pulunu ver, orada fəaliyyət göstərən şirkətlərin birinə adını yazdır, portala düş, rahat get-gəl. Əslində bunu mən də rahatlıqla edə bilərəm. Amma hər etmək istəyəndə Seryoj yadıma düşür. Deməli, rayon işğalda olanda Seryoj adlı bir erməni çoban bizim kənddə məskunlaşmışdı. Rusiyada yaşayan ellilərim onun kartına 20-30 dollar atdırıb, oraların videosunu əldə edirdilər. Yenə eyni şey deyilmi? Eynidir, sadəcə dəyişən ümidlərimdir. Yenə Seryojun vaxtında ümidim vardı, düşünürdüm ki, onu nə vaxtsa oradan rədd edəcəyik, gedib yurdumuzda-yuvamızda adam kimi yaşayacağıq. Amma indi görürəm ki, hər şeydə al-ver güdən özümüzünkülərin özbaşınalığından, acgözlüyündən heç vaxt canımızı qurtara bilməyəcəyik. Nə isə.. Seryojun dədəsinə lənət, onu yadımdan çıxarda bilsəydim, mən də o yolla gedib görərdim oraları.
Eh, gör haradan vurdum, hara gəldim. Yaddaşımdakılar da qəribədilər e. Azacıq qapını açan kimi özlərini pərçimləyirlər bayıra. Nə isə.. Onu deyirdim axı, ağzıgünə qalmış, boş Şərur MTK-nın binalarını. Hə, indi eşitmişəm ki, satışa çıxarılıblar. Bəs torpaqlar işğaldan azad olunanda demişdilər ki, bütün məcburi köçkünlər üçün tikilmiş evlər şəhid və qazı ailələrinə paylanacaq? Onda da sevinmişdim. Düzdür, dünyanı belə versən, onların bir zərrəciyini əvəz etməz, amma yenə də ailələrinə azacıq təsəlli olacağına sevinmişdim. Dünən də eşidirəm ki, jurnalistlər üçün tikilmiş binanı onlara veriblər. Halal-xoşları olsun. Dediyim kimi, onlara nə versələr, azdır. Amma bu hamam suyu ilə dost qazananları başa düşmürəm. Niyə bu ağzıgünə qalmış boş binalar yox, məhz binəva jurnalistlərin binası? Gecə-gündüz gözlərinin nurunu tökən, özlərini oda-közə atan, onunla-bununla üz-göz olan, döyülən, söyülən qaragünlü jurnalistlərin əməyi azmı olub bu ölkədə? Axı cənab prezident onları özünə dost bilmişdi?
Nə isə… Gedim Yutubda yarımçıq qoyduğum “Fillər mənim dostumdur” filminin davamına baxım. Amma yox, baxa bilməyəcəyəm. Sadiq dost olan filin öldürülmə səhnəsini izləyə bilmirəm.
İlhamə Nasir AzTimes.az


Abunəlik