“225 mənzillik binanı şəhid ailələrinə vermək təklifini irəli sürənin ağlına şübhəm var”

Baxılıb:157
“225 mənzillik binanı şəhid ailələrinə vermək  təklifini irəli sürənin ağlına şübhəm var”

AzTimes.az xəbər verir ki, məşhur jurnalist İlqar Əlfioğlu jurnalistlərin üçüncü binasının “Şəhid ailələri binası” çevrilməsi haqqında maraqlı fikir bildirib. Yazını olduğu kimi təqdim edirik:
Məni bir şey maraqlandırır: 225 mənzillik binanı şəhid ailələrinə vermək ilk olaraq, kimin ağlına gəlib? Bu arzuda bulunanların əksəriyyətini tanıyıram, onlarlıq deyil – demisiniz, yazıblar. Onları xəlbir kimi üzünüzə tutmayın, xeyri yoxdur, xəlbirin o üzü görünür.
Qısası, kimin ağlına gəlibsə, hər kimdisə, ağlına şübhəm var. Niyəsini deyim: 225 şəhid, hərəsinin bir ad günü, bir vəfat günü, elədi, 365 günə 450 yas. Bir binaya gündə 1,5 yas. Hamısı da, bir-birinin bəhsinə qeyd edəcək, gedəcək, yığışıb, ağlaşacaqlar da o günləri, şübhəniz olmasın.
Bir binada, cəmiyyətə adaptasiya olmalı, dərdini unutmalı, həyatını qurmalı 500 uşaq və övladlarını yas saxlamağa təhrik edən 225 valideyn. O binanın ab-havasını təsəvvür edirsiniz?..
Bunu düşünmək üçün beynin fındıq boyda olsa da bəsdir vallah. Yəni, o boyda da yoxunuzdur?
Ata-babadan görmüşük ki, dərdlinin dərdini yüngülləşdirmək savabdır. Amma sizinki ağırlaşdırmaqdır və deməli haramdır.
Bəlkə, jurnalistlərin dili qısalsın deyə, “şəhid” bəhanədi, bilmirəm, amma görəcəyik, bu dünyada heç nə gizlin qalmır, bilmirsiniz bəyəm?
Bakı səhərində eyni anda, yüzlərlə bina tikilir və onun hər birində hələ sovet vaxtından səhərin 5-6 mənzil payı var. Olmazdı ki, onları kefiniz istəyən adama yox, həmin ailələrə verəydiniz, onlar da, dərdsiz demirəm, sizin dövrdə dərdsiz olmaz, sadəcə, adi ailələr deyirəm, onların arasında normal həyata qayıtsınlar, cəmiyyət üçün yararlı vətəndaş böyütməyə imkanları olsun?
Digər tərəfdən də, vətəninə dönən qaçqınların boşalan evləri, onlardan da istifadə etmək mümkündür.
Bilmirəm niyə etmirsiniz? Yoxsa, elə bilirsiniz, 225 mənzillik yasxanada yaşamaq onlara xoşdur?
Xöşdürsa…
Yazacaqdım, yazmadım – qarğış kişi işi deyil…
Nə isə…


Abunəlik