Əhməd Həmid- “Kölgələrin döyüşü”

Baxılıb:1240
Əhməd Həmid- “Kölgələrin döyüşü”

….Əsirlərdən biri zəncirini gövşəldə, boşalda bilir və 360 dərəcə dönüb ətrafa göz gəzdirir. Mağaranın girişindən düşən işıq əvvəlcə gözlərini qamaşdırsa da, görməsi düzələn kimi cisimləri, obyektləri görməyə başlayır. Əvvəlcə kölgələri obyektlərin yaratdığını düşünsə də, sonra əsas səbəbin günəş işığı olduğunu anlayır. Gerçəyi başa düşəndən sonra o, (Platon burada Sokratı nəzərdə tuturdu) bunları  dostlarına anlatmağa gedir. Dostlarına kölgələr haqqında gerçəyi başa salmağa çalışsa da, heç kimi başa sala bilmir. İnanclarının, biliklərinin təhqir edildiyini düşünən insanlar bu  Sokratik sorğulamanın verdiyi rahatsılığa dözmür və filosofu öldürürlər.

Platonun mağara alleqoriyasından olan bu hissə aydınlara, düşünə bilənlərə, fərqlilərə  münasibətin 2500 ildir dəyişmədiyini göstərir. Bu hissəni hər oxuyanda yadıma Saramaqonun “Korluq” əsəri düşür. Hamının kor olduğu bir dünyada görmək (bilmək)  çox təhlükəli bacarıqdır. Cəmiyyətin qınağından, işgəncəsindən qorxub özünü korluğa vurmaq isə daha dəhşətlidir. Hamının bildiyi  fikirləri fərqli birşey imiş kimi danışan insanlara qulaq asıb susmaq, fərqi göstərə bilməmək fərqliləri mizantrop olmağa məcbur edir.  Hələ cəmiyyətdə mizantoplara qarşı göstərilən aqressiya isə başqa bir ironiyadır.

                Hamının fərqli olduğunun ağız dolusu söyləndiyi bu dövrdə demək istənilən hamının fərqli problemlərinin olmasıdır. Kapitalizm dövrünün yaratdığı homoekonomikuslar üçün fərq isə yalnız gəlir, qazanc yollarındakı fərqdir. Düşüncə fərqinin doğru anlaşılmadığı bu dövrdə daha çox kapital qazandıran, amma qalıcı olmayan, bir istifadəlik (одноразовый) sənət əsərləri və cərəyanlar yaradıldı.  Dadaizm cərəyanı və Kazimir Maleviçin  “Black Square” (Qara çərçivə) rəsmi də bunlara nümunədir.    

Əslində mədəniyyət və fərqlilik əlaqəsi çox qəribədir. Düşünüldüyü kimi mədəniyyəti fərqli düşüncələr deyil, o düşüncələri öz mənafeyi üçün istifadə edə bilən insanlar yaradır. Buna görə məhşur sənət tarixçisi  Yakob Burkhardt deyirdi: “XIII əsr Florensiyasında kişi modası yox idi. Çünki hamı bir-birindən fərqli geyinmək istəyirdi.”

                Fərqlilik və bilmək bəlkə  doğrudanda pisdir. Çünki bütün prosesler fərqləri aradan qaldırmaq üçün baş verir. Cəmiyyətin mutasiyası da , təbiətin təkamülü də, elmin inkişafı da fərqləri yox etmək üçün elə fərqlilər tərəfindən yaradılıb. Bəlkə də bütün filofoslar düşünməyə nifrət edib. Cəmiyyətdə tanınan  Sokrat, Lauvaziya, Bruno, Qaliley, Nəsimi, Uluqbəy kimi  aydınları cəmiyyət işgəncə verərək öldürüb. Cəmiyyətdən qaçan Nitsşe, Nyuton kimi mizantroplar isə təbii seleksiyaya uğradılar.

                Bunlardan sonra XX və XXI əsrlərdə  plaqiatçılar yaranmağa başladı. Postmodernizm dövründə qaydaların öz sərhədlərini aşması nəsillərarası nizam-intizam savaşlarına səbəb oldu. Bu isə fərq adlandırıldı. Yaşlı nəslin yalnız bir az inkişaf etmiş prototipi olan gənc nəsil dırnaq arası mübarizəyə başladı.  Min illərdir fərqin gücündən qorxan və gizli qısqanclıq duyan insanlara hamı fərqlidir adı altında ümid paylanılmağa başlandı. Amma bəzən düşünürürəm ki, bu da kapitalizmin bir oyunu idi . ÜMİD paylanılmadı, yaşam rəhbəri, NLP, motivasiya təlimi adı altında satıldı.

                Bioqrafialarına baxanda bütün aydınların en böyük ortaq cəhəti avtodidakt (özü-özünə öyrənə, inkişaf edə bilən) olmalarıdır. Bir dissertasiya yazmaq üçün təhsilin bu qədər uzadılması düşünüldüyü kimi elmin analitikləşməsi, elm adamlarının mütəxəssisləşməsi deyil, üləmanı tədrisdən asılı vəziyyətə salmaqdır. Afina, Milet kimi məktəbərin əsas funksiyası o dövrün insanına öyrənməyi öyrətmək idi. Bilirdilər ki, öyrənməyi öyrədə bilsən, qalanını özü öyrənə biləcək.

Fərqlilərin təhlükəli olması düşüncəsinə səbəb bunun fərqində olmalarıdır. “Fərq” sözü ərəbcədən tərcümədə ayırd etmək deməkdir. Doğrunun səhvdən ayırd edilməsi isə hamı tərəfinən aqressiv qarşılanır. Elm adamı da, din adamı da işinin yalnız doğru tərəfinin görülməsini istəyir. Əyrini görənlər isə hamının düşmənidir. Yəni fərqlilik ,fərqli görünmək, fərqli danısmaq deyil, fərqində olmaqdır.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir