Pərvin Abışova:”Kəndimizin dəlisi”-HEKAYƏ

Baxılıb:540
Pərvin Abışova:”Kəndimizin dəlisi”-HEKAYƏ

Kəndimizdə bir dəli Nüsrət var idi. Uşaqlar dərsdən gələndə həmişə ondan hürkərdilər. Qoca , cır -cındır paltarda, üz-gözü saqqallı gəzərdi. Tez-tez kənddə evləri daşa basardı. Gur səsi var idi. Əlindəki əsaya söykənərək sərxoşlar kimi bağırardı:
-Düz ol, düzlərdə qal. Düz ol, düzlərdə qal…
Bəzən uşaqlar onun dalınca, daş -kəsək ataraq gülüşə -gülüsə qovardılar. Elə məqamlarda o , ürkək baxışlarla geri baxaraq var gücü ilə qaçardı. Qocalmışdı. Az qala ürəyi partlatardı. Qaça-qaça da eyni sözləri deyərdi:”Düz ol, düzlərdə qal…” Kəndin gəncləri , yaşlılar uşaqlara təpinib hirsləndikdən sonra Nusrətdən əl çəkərdilər…
Dərsdən evə gələndə hansı müəllim nə dedi, kim necə aldı, hamisini anama(ata nənəmə ana deyirdim) danışırdım. O, da maraqla qulaq asardı. Bugünkü sərguzəstlərimizdən ən möhtəşəmı- dəli Nüsrəti qovmağımızı da danışdım. Elə danışırdım ki, elə bil qəhrəmanlıq etmişdim.
Ana əlini çənəsinə dayayıb məni dinləyirdi. Söhbətimi bitirdikdə ona baxdım
-Ana o niyə “düz ol, düzlərdə qal” deyir?
-Çunki o düzlərdə qalıb -deyə köks ötürərək davam etdi- Gör həyat Nüsrəti nə günə qoyub ki, balaca uşaqlar onu daşa basır. Ehhh olaydı əvvəlki vaxt, hər biriniz qul olardınız qabağında.
-Nətər yəni?
Ana uzağa baxdı.
-Sənə danışım, qulaq as. Bir zamanlar bu kənddə o kitablarda oxuduğun bəylərdən var idi. Kənd onlara məxsus idi. Sürü ilə mal-qara, tovlələr, qoyun sürüləri. Mikayıl bu kəndin sayılıb, seçilən bəylərindən idi. Onun iki oğlu var idi. Böyük oğlu Həsrət bəy Tiflisdə uçtellik oxumuşdu. O qədər yaraşıqlı idi ki, o əndrabadi qəssumda at belində gedəndə bulaq başına toplaşan bütün qızlar , gəlinlər onun yarasigina baxmaqdan doymurdular Nüsrət isə balaca idi. 11 -12 yaşları olardı.Həmisə atası ilə böyük qardaşının yanında görərdik onu. Bayramlarda kəndin imkanı zəif, uşaqları çox olan ailələri ilə görüşlər təşkil edərək öz camaatına sovqatlar verərdilər. Qurban bayramında kənddə danalar kəsilərdi, qurban əti paylanardı. Mikayıl bəy özünü kənd camaatının atası kimi aparardı. O toy, vay məclisi olmazdı ki, özünü ora çatdırıb ağsaqqallıq etməsin. Kasıbların bütün məclisini üstlənirdi.
Kənddə qırmızı ulduzlu papaq qoyanlar haqqında söhbətlər gəzirdi. Deyirdilər ki, onlar bütün bəylərin, ağaların torpağını alıb bir yerə qatırlar. Sonra camaatı orada işlədəcəklər. Boyun əyməyən bir çox bəylərin sürgün olunması, öldürülməsi söhbətləri nağıl kimi gəzirdi ortalıqda.
Heç ara vermədi. Qırmızılar kənddə görünməyə başladılar.Salman və digər bəylərin var-dövləti müsadirə olundu, özlərinə qaralama, şərləmə prosesləri başladı. İşin ən pis tərəfi o idi ki, bu proseslərdə kəndin heç kim tərəfindən sayılmayan, ən kasıb, acından ölən və ən acısı, bu bəylərin əl tutduğu, çörək verdiyi adamlardan istifadə olunurdu. Bəylərdən müsadirə olunan hər nə varsa, bir yerə toplanıb dövlət malı adı ilə ştamblanırdı.
Kənddə Pərzad və Hurzad adlı iki bacı var idi. Onlar bizim kənddən deyildilər,kimsəsiz idilər. İddia olunurdu ki, öz yaşadıqları yerdən nə üstəsə qovulublar. Bacılar kəndə gələndə sakinlər etiraz etdi. İki gənc qadının kənddə qalmasını istəmədilər. O vaxt kənd camaatının qarşısına Mikayıl bəy çıxmışdı. Kəndə pənah gətirən insanı qovmaq olmaz deyib onlara balaca daxma, bir parça torpaq vermişdi. Bu iki bacı bəyin evinə təmizliyə gedib elə dolanırdı.
Onun çörəyini yeyirdilər. Bəyə zərbə də onlardan gəldi. Gecənin bir aləmi kənd gündüz kimi nura boyandı. Kənd bir-birinə dəydi. Qırmızıların müsadirə edib kolxoz üçün düzəltdikləri tayalara kimsə od vurmuşdu. Səhər hər kəs dindirilməyə başladı. Hadisənin necə baş verdiyini heç kim görməmişdi, cəmi iki nəfərdən başqa. Pərzad-Hürzad bacıları hər ikisi Mikayıl bəyin şax üzünə durdular. “Tayaları o yandırdı.Biz gördük!” Bütün kənd bilirdi ki, tayaları bu iki bacı yandırıb. Bu Mikayıl bəyin aradan götürülməsi üçün bəhanə idi. İri fiqurların aşırılması üçün ,iri qurbanlar verilir bəzən…
Üstündən bircə gün keçdi. Səhərin sübh çağı Mikayıl və böyük oğlu Həsrət evdən silahlı adamlar tərəfindən aparıldı. Onlara əyinlərini tam geyinməyə belə fürsət verilmədi. Digər otaqda olan balaca Nüsrət hər zaman onlarla gedərdi. Gec oldu. Çatmasa da əynini geyinib atasıgilin ardınca getdi. O körpə ürəyi ilə hiss edirdi ki, səs salmaq olmaz. Əyilirdi, gizlənirdi. Ta ki, atası ilə qardaşı lazımi mənzil başına çatdılar. Nüsrət gizləndiyi yerdən baş verənləri izləməyə başladı. Atası ilə qardaşının hərəsinə bir bel verildi. Onlara yeri qazmaq tapşırıldı.Öz qəbirləri hazır edildikdən sonra güllə ilə vurularaq məzara salındılar. Bu prosesi isə izləyən 11 yaşlı Nüsrət oldu. O nə müdaxilə edə bildi, nə qışqıra bildi. Gördüklərindən dəhşətə gələn körpə ərazidən ildırım sürəti ilə qaçmağa başladı. Uzun müddət danışa bilmədi.
Eşitdiklərimi yaşamış kimi olmuşdum. Dərsdən gələndə daha Nüsrət əmidən qaçmırdım. Ona salam verirdim. O isə üzümə qəribə şəkildə baxırdı. Bu həyat Nüsrətlər yetişdirəcək qədər qəddardır. Zaman zalımdır. Heç kim səhər kimin baş, kimin ayaq olacağını, evində, süfrənin başında çörək verdiklərinin Pərzadlıq, Hürzadlıq edəcəyini bilmir. Nənəmdən o bacıları da soruşdum. Onların zorlanmış meyidlərinin lüt -üryan tapıldığıni dedi. Dedi ki, sahib çıxıb çörək verdiyi ağalarını satan fahişələrin ölümü heç qırmızılar tərəfindən araşdırılmadı da .
Pərvin Abışova/Aztimes.az/


Abunəlik