Qadın jurnalist anasının dəfnində həbs olunur, işgəncələr görür – “Bizim küçələr”

Baxılıb:164
Qadın jurnalist anasının dəfnində həbs olunur, işgəncələr görür – “Bizim küçələr”

Qadın jurnalist anasının dəfnində həbs olunur, işgəncələr görür - “Bizim küçələr”

 

Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz? 

Doğma küçələrimizin yad adları çox vaxt diqqətimiz çəkir. Niyə qoyulub bu adlar?

Təbii ki, çoxumuz adların niyə, nə səbəbə, kim üçün qoyulduğundan birxəbərik.

Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik? 


AzTimes.az elə burdan yola çıxaraq “Bizim küçələr” adlı rubrikasının növbəti yazısını təqdim edir.

Bu dəfə Azərbaycanın ilk qadın jurnalisti, həmkarımız Gülarə Qədirbəyovanın adına verilən küçənin tarixindən danışacağıq. 

Həmin küçə Bakının Nərimanov rayonunda yerləşir.

Bəs, Gülarə Qədirbəyova kimdir? Hansı xidmətinə görə küçəyə onun adı verilib?

Gülarə Qədirbəyova repressiya olunduqdan sonra taleyi naməlum qalan, Azərbaycanın ilk jurnalist qadınlarından biridir.
1903-cü ildə Şəkidə ruhani ailəsində dünyaya gəlir. İbtidai təhsilini öz kəndlərindəki məktəbdə başlayan azyaşlı Gülarənin atası İbrahim bəy kəndxuda işləyirdi. Gülarə hələ balaca olduğu illərdə atası kənd bəyləri tərəfindən öldürülür. Bir müddət sonra anası başqa biri ilə evlənir.

Qadınların çətinliklə təhsil aldığı bir dövrdə Gülarə, 17 yaşında Şəkidə pedaqoji kursu bitirir və müəllimlik edir. 20 yaşında Nuxa qəzasının (indiki Şəki) qadınlar şöbəsinin müdiri təyin edilir.

1923-cü ildə Azərbaycanda ilk dəfə çap olunan “Şərq qadını” jurnalının ilk xanım müxbirlərindən biri olur. Elə jurnalistika ilə tanışlığı da buradan başlayır. 

Gülarə jurnalda dərc olunan yazılarını “Köylü qızı” təxəllüsü ilə yazır. Bu sahədəki bacarığı Gülarəni jurnalın baş redaktoru vəzifəsinə qədər yüksəldir.

Gülarə xanım Əhməd Qədirbəyov adlı bir şəxslə ailə həyatı qurur. Birlikdə Bakıya köçən cütlüyün evliliyi uzun çəkmir. Onlar evləndikdən bir müddət sonra ayrılırlar. O, bundan sonra Asəf Rəhmanovla ailə həyatı qurur. İki dəfə ailəli olan Gülarə xanımın qızlıq soyadı Əfəndiyeva olsa da, ömrünün sonunacan ilk həyat yoldaşı Əhməd Qədirbəyovun soyadını daşıyır.

Jurnalist kimi söz azadlığını, qadın hüquqlarının müdafiəsi, Hüseyn Cavid, Əhməd Cavad və Seid Hüseyn kimi ziyalılarla dostluq etməsi onu Sovet hakimiyyətinin gözündə düşmənə çevirir. 1936-cı ildə Gülarə Qədirbəyovanın rəhbərliyi ilə “Bir sarayın tarixi” adlı kitab çap olunur. Sanki sovet hakimiyyəti də dördgözlə belə bir addım atılmasını gözləyirdi. Belə ki, onlar bu kitabı millətçilik ruhunda yazılmış bir əsər kimi qələmə verirlər. Və kitabın redaktoru olan Gülarə xanımı müsavatçı kimi təqib edirlər. Həbs olunan bolşevik Həmid Sultanov öz ifadəsində onun əks-inqilabçı təşkilatının üzvü olduğunu bəyan edir.

1938-ci ildə ikinci həyat yoldaşı Asəf Rəhmanov “xalq düşməni” kimi damğalanaraq güllələnir, ögey qardaşı Kərim Qaziyev sürgün edilir.

Bundan sonra, Gülarə xanım da öz anasının dəfn mərasimində həbs olunur. Ona qarşı irəli sürülən heç bir ittihamı qəbul etmir. İttihamları nə qədər inkar etsə də, ağır işgəncələrə məruz qalır.

Gülarə 1939-cu ilin iyununda 5 il müddətində Sibirə sürgün edilir. Bəzi mənbələrdə onun 1942-ci ildə Sibirdə vəfat etdiyi yazılır. Amma 1950-ci ildə yazılmış rəsmi protokollardan birində Gülarənin Sibirdə yoxa çıxması və axtarışı barədə raport yazılıb. Ölümündən 15 il sonra, 1957-ci ildə Gülarə xanıma bəraət verilir.

Azərbaycanın ilk qadın jurnalistlərindən olan Gülarə Qədirbəyovanın adını yaşatmaq üçün bir neçə il öncə Bakının məşhur küçələrindən birinə onun adını vermək istəyirlər.

Bəli, məhz istəyirlər. Belə ki, küçənin adı dəfələrlə səhv yazırlar. Bir dəfə Dilarə Qədirbəyova, Qədirbəyov, bir dəfə də Gülayə Qədirbəyova yazılır. İlham Həşimov adlı sakin bu məsələni işıqlandırdıqdan sonra həmin küçənin adı düz yazılır – Gülarə Qədirbəyova.

Bu da belə… Əri güllələnən, özü müsavatçı kimi damğalanaraq işgəncə görən, Sibirə sürgün edilən Gülarə Qədirbəyovanı siz də tanıyın.

Lent.az 


Abunəlik