Bu gün Qaradağlı faciəsinin ildönümüdür

Baxılıb:238
Bu gün Qaradağlı faciəsinin ildönümüdür

1992-ci il fevralın 15-dən başlayaraq erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də Qaradağlını işğal ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub.

Burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.

Erməni qəddarlığı nəticəsində kənddə 146 uşaq yetim qalmışdır. Lakin zaman gəldi Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün həmin uşaqlar, xalqımız öz dövləti, Ordusu ətrafında bir yumruq kimi birləşərək, 44 günlük çətin, ağrılı, eyni zamanda, şərəfli, qürurlu, tariximizə qızıl hərflərlə yazılacaq bir mərhələyə qədəm qoydu. Bu gün isə işğaldan azad edilmiş ərazilərimizdə ardıcıl tikinti-bərpa işləri davam edir. Həmin ərazilərin yenidən dirçəldilməsi, cənnətə  çevrilməsi üçün layihələr həyata keçirməkdədir.
Bəli, biz inanırdıq ki, düşməndən qisasımız alınacaq. Vətən müharibəsi nəticəsində əldə edilən şanlı Zəfər bir çox qətliamlara məruz qalan xalqımızın ürəyinə bir növ su səpdi və ordumuz bütün şəhidlərimizin qisasını aldı – düşmən üzərində qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi.

Ermənilərin həyata keçirdiyi bu dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər bu soyqırımların dəhşətlərini heç zaman unutmayacaq, bu soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlar.

Qaradağlı faciəsinin günahsız qurbanlarını və şəhidlərimizi dərin hüznlə yad edirik!

Millət vəkili Hicran Hüseynova /AzTimes.az/


Abunəlik