“Siyasi partiyalar” haqqında yeni qanun mövcud siyasi konfiqurasiyanın tələblərinə cavab verən sənəd olacaq
Ölkə başçısı cənab İlham Əliyev öz çıxışlarında qeyd edir ki, iqtisadi uğurların davamlı olmasında həyata keçirilən siyasi islahatlar çox mühüm əhəmiyyətə malikdir. Azərbaycanda fikir plüralizmi, söz və vicdan azadlığı, çoxpartiyalılıq, rəqabətli siyasi və iqtisadi mühit formalaşmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasının Konstitusiyasının 54 maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır.
Eyni zamanda, Azərbaycan Respublikası vətəndaşları dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququna malikdir(56-cı maddə). Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plüralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak edə bilər.
Siyasi partiyalar – daimi əsasda fəaliyyət göstərən, təşəkkül tapmış təşkilati quruluşa malik birliklərdir. Ölkədə mövcud bütün siyasi partiyaların fəaliyyəti “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. 1992-ci ildə qəbul olunmuş bu qanuna ötən 30 il ərzində müxtəlif əlavə və dəyişikliklər edilib. Hansı ki, edilmiş əlavə və dəyişikliklərin hamısı siyasi partiyaların fəaliyyətinə münbit şərait yaradılmasına xidmət edir. Lakin bununla yanaşı, proseslər davam edir, ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verir. Bu səbəbdən də yeni qanun layihəsinə ehtiyac yaranır və bu ehtiyacların bir çoxunu müxtəlif siyasi partiyaların rəhbərləri qeyd edirdilər. Parlamentin sədri Sahibə xanım Qafarova siyasi partiyaların təklif və müraciətlərini dəstəkləyərək yeni qanun layihəsinin hazırlanmasına dair tapşırıq vermişdir. Fikrimizcə, bu, ölkənin siyasi həyatında çox əhəmiyyətli bir hadisədir. Yeni qanun layihəsində isə siyasi partiyalarla bağlı məsələlərin 6 fəsil və 30 maddə ilə tənzimlənməsi irəli sürülmüşdür. Qeyd etmək lazımdır ki, qanun layihəsi hazırlanan zaman dünyanın bir sıra qabaqcıl ölkələrin, təqribən 20 ölkənin təcrübəsi öyrənilmiş, Azərbaycanda siyasi sistem və milli xüsusiyyətlər, həmçinin, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınmışdır.
Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə çox açıq və şəffaf müzakirələrə başlanıldı. Qanun layihəsinin Milli Məclisin saytında yerləşdirilərək, geniş ictimaiyyətin müzakirəsinə təqdim olundu, siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirildi. Mətbuatda, sosial şəbəkələrdə sənədlə bağlı çox aktiv müzakirələr aparıldı. Vurğulamaq lazımdır ki, hər bir təklif və fikir işçi qrupu tərəfindən nəzərdən keçirilmişdir. Milli Məclisin siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub.
Bundan əvvəlki variantda bəzi müxalif siyasi partiyaları narazı salan bir çox müddəalar yeni redaktədə yoxdur. Bu, siyasi partiya təsis edilərkən təsisçinin azı 20 il Azərbaycanda davamlı yaşaması, təsisçi sayının 200 olması, ardıcıl iki dəfə seçkiyə getmədiyi təqdirdə qeydiyyatının ləğv olunması kimi tələblərdir.
Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması dövlət siyasətinin əsasını təşkil edir. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşmışdır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə silsilə görüşləri bunun bariz nümunələrindən biridir. Bununla yanaşı siyasi partiyaların fəaliyyətinin tənzimləyən hüquqi bazanın olması mühüm şərtlərdən biridir. Bu mənada “Siyasi partiyalar” haqqında yeni qanun Azərbaycanda mövcud siyasi konfiqurasiyanın tələblərinə cavab verən bir sənəd olacaqdır.
Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professora AzTimes.az