” Heydər Əliyevin kəlamı Azərbaycan mədəniyyətinin təbliğinə və dünyada tanınmasına nə qədər önəm verdiyinin təzahürüdür”

Baxılıb:220
” Heydər Əliyevin  kəlamı  Azərbaycan mədəniyyətinin təbliğinə və dünyada tanınmasına nə qədər önəm verdiyinin təzahürüdür”

XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.”
Ümummilli Lider Heydər Əliyev
Ulu Öndər Heydər Əliyevin bu kəlamı Onun Azərbaycan mədəniyyətinin təbliğinə və dünyada tanınmasına nə qədər önəm verdiyinin təzahürüdür. Ümummilli lider Heydər Əliyev həm SSRİ dövründə, daha sonra isə müstəqillik dövründə siyasi hakimiyyətə gəlişindən sonra mədəniyyətimizin inkişafına və tərəqqisinə xüsusi önəm vermişdir. XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Həmin illər Azərbaycan mədəniyyətinin intibah dövrü idi desək heç də yanılmarıq. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu müdrik ifadələr də Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. 6 mart 1997-ci ildə Ulu Öndər Heydər Əliyev xalq şairi Səməd Vurğunun ev muzeyində çıxışı zamanı qeyd etmişdi:“Keçmiş əsrlərdə də, XX əsrdə də Azərbaycanın böyük insanları olubdur. Ancaq bu böyük insanların xatirəsini əbədiləşdirmək lazımdır. Gələcək nəsillər onların həyat yolunu, yaradıcılığını, gördükləri işi, yaratdıqlarını daim bilməlidirlər.” Qeyd etməliyik ki, Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə dahi Nizaminin 840, Nəsiminin 600, M.F.Axundovun 170, böyük romantik, filosof şairi H.Cavidin 100 illik yubileyləri keçirilmişdir. “Kitabi Dədə-Qorqud”un 1300 illiyi, M.Füzulinin 500 illiyi ilə bağlı milli istiqlal məfkurəsi işığında keçirilən möhtəşəm tədbirlər, Heydər Əliyev epoxasının mədəniyyət üzrə zirvə məqamları Azərbaycan Prezidentinin milli-mənəvi keçmişə məhəbbət və ehtiramının, xalqın gələcəyinə inamının tarixi ifadəsidir. Xüsusilə qeyd etməliyik ki, dahi Azərbaycan şairi “M.Füzulinin anadan olmasının 500 illik yubileyi haqqıında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı 16 mart 1994-cü ildə verilmişdir. Xatırladaq ki, həmin illərdə Azərbaycan bir neçə il idi ki, müstəqil olmuşdu və hələ atəşkəs əldə olunmamışdı. Ulu Öndərin müdrikliiyi və uzaqgörənliyi sayəsində belə çətin və mürəkkəb bir şəraitdə Azərbaycanın mədəni həyatı üçün olduqca mühüm olan bu məsələyə xüsusi diqqət və həssaslıqla yanaşılmışdır. Ümummilli Lider Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar yubiley üzrə dövlət komissiyasının iclasında demişdi: “Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir.” Bu sözlər Ümummilli Lider Heydər ƏLiyevin nə qədər uzaqgörən və müdrik şəxiyyət olduğunun bir daha əyani göstəricisidir.
Millət vəkili Tamam Cəfərova qeyd edib ki, müstəqilliyin qazanılmasından ötən dövr ərzində Azərbaycan mədəniyyətinin, incəsənətinin və onun görkəmli nümayəndələrinin dünyada tanıdılması istiqamətində mühüm işlər görülmüşdür. Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Onun yolunu və əməllərini şərəf və ləyaqətlə daha da irəliyə aparır. Cənab Prezident də elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Heydər Əliyev kursunu uğurla davam etdirir. Dövlət başçımız cənab İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar respublikamızda bu sahələrin müasir dünya standartlarına uyğunlaşmasında böyük rol oynayır. “Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqdır”, – deyən möhtərəm Prezident xalqın milli xüsusiyyətlərinin və milli dəyərlərinin dünyada yayılmasında ədəbiyyatın və mədəniyyətin böyük rolunu xüsusi qeyd etmişdir. 2019-cu ilin “Nəsimi ili” elan olunması cənab Prezidentin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünyada təbliğ olunması istiqamətində atdığı mühüm addımlardan sadəcə biridir. Onu da qeyd edək ki, Ulu Öndərin ən böyük arzusunu gerçəkləşdirərək, ata vəsiyyətini yerinə yetirən cənab Prezident İlham Əliyev işğaldan azad olunan tarixi torpaqlarımızda mədəniyyətin yenidən dirçəldilməsi, Qarabağın şəninin özünə qaytarılması istiqmətində mühüm addımlar atmışdır. Xüsusilə vurğulamalıyıq ki, bu istiqamətdə Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm işlər görmüşdür. Mədəniyyət abidələrimizin bərpa olunması, eləcə də “Xarıbülbül” festivalının, Vaqif poeziya günlərinin yenidən doğma Şuşada keçirilməsinə başlanması Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Heydər Əliyev ənənələrinə sadiqliyin də əyani göstəricisidir. Millət vəkili Tamam Cəfərova belə deyib.


Abunəlik