“İcra başçısı Prezidentin tapşırıqlarını sobataj edir” – Cümşüd Nuriyev

Baxılıb:109
“İcra başçısı Prezidentin tapşırıqlarını sobataj edir” – Cümşüd Nuriyev

Şamaxı İcra Hakimiyyətində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciətlərini ictimailəşdirən politoloq Cümşüd Nuriyev məhkəməyə verilib. İcra başçısının, eləcə də onun rayonda “qara kassa”sı rolunu oynayan şöbə müdiri Mərdan Nəhmətovun özbaşınalığı, vətəndaşları incitməsi haqda insanlar tərəfindən həm müxtəlif media subyektlərinə, həm də ziyalılara müraciətlər edilib. Əslən Şamaxıdan olan politoloq Cümşüd Nuriyev isə vətəndaşların bu müraciətini ictimailəşdirərək icra başçısını və onun “yaxın adamları”nı ifşa edib. Bütün bunlardan dərs çıxarmayan Şamaxı İcra Hakimiyyətinin rəhbərliyi isə tanınmış ziyalını məhkəməyə verməklə yolundan döndərməyi qarşısına məqsəd qoyub. 

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycanda bu məsələnin ictimailəşdirilməsi vacib idi: “Mən sadəcə şəxsima ünvanlanan müraciətləri oxumuşam. Ortada bu qədər vətəndaşın imzası var. Onlar hansı ağılla məhkəməyə müraciət ediblər, anlamıram. Bu mövzu barədə AzTimes.az saytı, “Reaksiya TV”, “STV” və digər media subyektləri məlumat dərc edib. İnsanlar müraciət edib, mən də Şamaxıdan olan bir şəxs kimi yazılanları oxumuşam. Şamaxı rayonunda baş verən hadisələrlə bağlı insanların kifayət qədər müraciətləri və telefon zəngləri mövcuddur. Nə üçün məhkəməyə müraciə etdiklərini anlamıram. Tələblərinin nə olduğunu, nə istədiklərini bilmirəm. Məhkəməyə dəvət gəlib, lakin dərs saatıma düşsə, iştirak etməyəcəm”.

Cümşüd Nuriyev hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirib: “İnsanların ərizələrinə baxılması və orada yazılanlar haqda ölçü götürülməsi üçün hüquq mühafizə orqanlarına müraciət edəcəm. Mən Prezidentin müraciətini icra etmişəm. Ölkə başçısı həm mediaya, həm də Azərbaycan ziyalılarına ictimai nəzarəti gücləndirmək üçün müraciət ünvanlayıb. Biz də ictimai nəzarət funksiyasını yerinə yetiririk. Əgər bu, məhkəmə predmetidirsə, o zaman gərək bütün Azərbaycan xalqını məhkəməyə versinlər. Birdəfəlik Azərbaycan bu ölkədəki korrupsionerlərə təslim olsun, biz də işimizi bilək və heç bir söz deməyək”.

Politoloq ilkin baxışın olacağını diqqətə çatdırıb: “Müraciətdə nə yazıldığını bilmirəm. Görünən odur ki, proses icra başçısının tapşırığı ilə həyata keçirilir. Yaxşı olardı ki, icra başçısı öncə Prezidentin tövsiyə və tapşırıqlarını yerinə yetirərdi. Əgər onlar ölkə başçısının tapşırıqlarını sobataj edirsə və bunu gündəmə gətirdiyim üçün mən məhkəməyə verilirəmsə, o zaman deyiləcək söz yoxdur. Bu haqsızlıqlarla bağlı ölkə başçısına və Birinci vitse-prezidentə müraciət etməyi düşünürəm. Öncə bu məhkəməyə hansı əsaslarla müraciət edildiyini öyrənəcəm. Daha sonra isə baş verənlərlə bağlı mətbuat konfransı keçirmək fikrim var. İnsanların gözünü qorxutmaqla heç nəyə nail ola bilməzlər”.


Abunəlik