Hicran Hüseynova “Fərqli Fərdlər” konqresində iştirak etdi

Baxılıb:241
Hicran Hüseynova “Fərqli Fərdlər” konqresində  iştirak etdi

AzTimes.az xəbər verir ki, martın 11-də Heydər Əliyev Mərkəzində Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün “Fərqli Fərdlər” konqresində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova iştirak edib.

Görüşdə çıxış edən Hicran Hüseynova bildirib ki, ənənəvi tədbirə çevrilən Konqres çox həssas və mühüm məsələyə həsr olunub. Bütün insanlar bərabərdir və dövlətlər də, cəmiyyətlərdə çalışırlar ki, insanlar arasında ayrı-seçkilik olmasın. Bu məqsəddən irəli gələrək, mühüm beynəlxalq sənədlər qəbul olunur, çağırışlar edilir. “Heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq ədalətli, keyfiyyətli və hamını əhatə edən iqtisadi resurslar, sosial xidmətlər əlçatan olmalıdır.  Məşğulluq, təhsil üçün təhlükəsiz və bərabər imkanlar yaradılmalıdır. Bu şərait insanların lap erkən dövrlərindən, uşaq vaxtlardan başlayaraq olmalıdır.

Parlamentin komitə sədri diqqətə çatdırıb ki,   insan hüquqlarının, xüsusilə də uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq bu sahədə  əsaslı nailiyyətlər əldə olunmuşdur.  

O qeyd edib ki, insan, o cümlədən uşaq hüquqlarının müdafiəsinə dair çox güclü qanunvericilik bazası mövcuddur və bu sahədə davamlı təkmilləşdirmə işləri aparılır. Azərbaycan Respublikasının Birinci Vitse – prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan insanların hərtərəfli inkişafı istiqamətində gördüyü çox önəmli və  geniş miqyaslı xüsusilə qeyd etmək lazımdır.  Və eyni zamanda, Fondun vitse-prezidenti Leyla xanım Əliyeva da bu sahəyə qayğı və diqqət göstərir. Onların  təşəbbüsü ilə bütün müxtəlif layihələr həyata keçirilir. Xüsusilə qeyd etmək lazımdır ki, Mehriban xanımın rəhbərliyi  belə uşaqlar üçün yaradılan şərait, açılan reabilitasiya mərkəzləri aidiyyəti üzrə dövlət qurumları üçün gözəl bir nümunə və stimul olmuşdur.

Milli Məclisin deputatı xüsusən bildirdi ki, çox sevindirici haldır ki, dövlət qurumları ilə yanaşı, bu gün özəl sektor, biznes qurumları korporativ sosial məsuliyyət fəaliyyətindən irəli gələrək bu istiqamətdə bir sıra layihələrə imza atırlar. Və bu Konqress  sosial yönümlü layihələrə dəstək verən sosial məsuliyyətli  biznes üçün gözəl bir imkandır, xüsusi platformadır. Cəmiyyətin özünün bu məsələyə münasibəti çox önəmlidir. Buna görə də, yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə deyil, bu sahədə əhali ilə aparılan maarifləndirmə işləri daha da gücləndirilməlidir.

“Mən bu vacib tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə bütün təşkilatçılara, zəhməti, əməyi olan hər bir şəxsə təşəkkürümü bildirirəm. İnanıram ki, Konqress Azərbaycan cəmiyyətinin inkişafı üçün vacib addımlardan biri olan ictimai inteqrasiya sahəsində bundan sonra da öz töhfəsini verəcəkdir” deyə Hicran Hüseynova vurğulayıb.


Abunəlik