“Qadın sənəti”ni seçməyə mane olan poqon arzusu: “Cərimə yazırsa, kim polisdən razı olar?” – FOTO

Baxılıb:1146
“Qadın sənəti”ni seçməyə mane olan poqon arzusu: “Cərimə yazırsa, kim polisdən razı olar?” – FOTO

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Polislər daim məsuliyyətli, gərgin işdə çalışırlar. Kollektivin əksəriyyətini kişilər təşkil etsə də, onlarla yanaşı, bu gərgin peşədə çalışan qadınlar da var. 

Həmin xanımlardan biri də Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayoru Ağgül Həmdizadədir.

Oxu.Az-ın müsahibi 10 ildir ki, daxili işlər orqanlarında çalışır. O deyir ki, polis olmaq uşaqlıq arzusu olub:

“Artıq 10 ildir ki, daxili işlər orqanlarında xidmət edirəm. Hüquq-mühafizə orqanlarında çalışmaq uşaqlıq arzum olub.

Mən universitetə hazırlaşarkən evdəkilər mənə təzyiq edirdilər ki, həkim, müəllim ol, el dili ilə desək, “qadın sənətini” seçməyimi istəyirdilər, amma bunu istəmirdim. 2007-ci ildə ali məktəbə sənəd verəndə ailəm elə bilirdi ki, onların istədiyi kimi seçim edəcəm, amma mən öz arzularımın arxasınca getməyə qərar verdim.

Mən sənəd verəndə DİN-in Polis Akademiyasına qadınların qəbulu olmadığı üçün Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini seçdim. 

Qəbul imtahanında 660 bal topladım və BDU-nun hüquqşünaslıq fakültəsində qəbul olundum. Valideynlərim qəbul imtahanın nəticələrini görəndə təəccübləndilər.

Mənə ilk sualları o oldu ki, bunu necə edə bilərsən? Onlara dedim ki, hüquq-mühafizə orqanlarında çalışmaq fikrimi heç vaxt dəyişməmişdim. Arzum poqon daşımaq olub”.

Həmsöhbətim 2012-ci ildə BDU-nun magistratura pilləsində təhsil alan zaman daxili işlər orqanlarında xidmətə qəbulla bağlı müsabiqədə iştirak edib:

“Sənədlərimi topladım, imtahanda iştirak etdim və 100 baldan 92 bal toplayıb işə qəbul olundum. Həmin zaman da polis leytenantı rütbəsi verildi. Mən gördüyüm işdən qürur duyuram. Polis adının uca olması və şərəflə daşımaq üçün çalışam”.

Ağgül deyir ki, polislərin əksəriyyəti kişilər olsa da, kollektivdə işləmək onun üçün çətin olmayıb:

“Mən işə başladığım zamandan hər zaman mənə dəstək olublar. İşimizin gərginliyinə baxmayaraq, yorulmadan fəaliyyət göstəririk. Bəzən tətil günlərində ailəlikcə harasa gedən zaman mən tez qayıdıram ki, işə çıxmalıyam. O zaman anam deyir ki, bax vaxtında başqa sənət seçsəydin, bu gün tələsməzdin (gülür).

Özümü o xoşbəxt insanlardan sayıram ki, səhər işə, axşam evə tələsirəm. Mənim üçün polislik həyat tərzidir. Məncə, insan istəmədiyi işi görsə, həm özünü, həm də rəhbərliyi yarıtmaz. Hər bir insan sevdiyi sahədə çalışmalıdır”. 

Ağgül xanım vətəndaşların qəbul şöbəsi ilə çalışdığı müddətdən də danışıb:

“Vətəndaşlar müxtəlif məsələlərlə bağlı Daxili işlər Nazirliyinə, rəhbərliyinə müraciət edirlər. Gün ərzində 300-400 müraciət daxil olur. Üç gün ərzində vətəndaşa cavab verilməlidir ki, onun müraciəti bizə daxil olub. Bizim səlahiyyətimiz daxilindədirsə, icraata daxil olur və araşdırılır, yaxud da müraciət DİN-in səlahiyyətinə aid olmadığı üçün aidiyyəti quruma yönəldilir. Bununla iş bitmir. Biz onun məsələsinin nə yerdə qalmasını nəzarətdə saxlayırıq”.

O deyir ki, bəzən vətəndaş müraciət edən zaman onlarla kobud danışırlar:

“Təhqiramiz sözlər işlədirlər, amma onlarla təmkinlə danışırıq. Hamı polisi sevmir ki… Problemi həll olunan vətəndaşlardan da çoxlu sayda təşəkkür məktubları alırıq. Çox vaxt əhalinin iddiaları əsassız olur. Əgər polis vətəndaşı saxlayıb, cərimə yazırsa, kim polisdən razı olar? (gülür). Vətəndaşların iddiaları faktları əsasını taparsa, həmin polis əməkdaşı cəzalandırılır”. 

A.Həmdizadə evlidir. O, DİN-də çalışan zaman ailə həyatı qurub:

“Mənim daxili işlər orqanlarında xidmət etməyimlə bağlı qarşı tərəfdən heç bir narazılıq olmadı. Universitet vaxtı tanışlığımız olduğu üçün o, mənim seçimimə dəstək verdi”.

Həmsöhbətim iki övlad böyüdür:

“Onların tərbiyəsi, yaxşı təhsil alması üçün çalışıram. Evə gedən zaman vaxtımın çoxunu onlara həsr edirəm. Mən xidmət üzrə öhdəliklərim ilə yanaşı, ana olduğumu unutmuram. Mənim işim, həyat tərzim övladlarım üçün də örnəkdir. Gələcəkdə onların hansı peşəni seçməsindən asılı olmayaraq, onlara dəstək olacağam”.


Abunəlik