Naxçıvan Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət komitəsi sözçüsündən qadın zorakılığı ilə bağlı ŞOK STATİSTİKA -MÜSAHİBƏ

Baxılıb:498
Naxçıvan Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət komitəsi sözçüsündən qadın zorakılığı ilə bağlı ŞOK STATİSTİKA -MÜSAHİBƏ

Naxçıvan Muxtar Respublikası Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2007-ci ildə yaradılsa da , 2009-cu ildən fəaliyyətə başlayıb. Azərbaycan mediasında bu günə qədər komitənin fəaliyyəti , ümümiyyətlə mövcudluğu barədə heç bir məlumat yoxdur. AzTimes.az saytı olaraq Naxçıvan Muxtar Respublikasında olduğumuz müddətdə komitədə olaraq fəaliyyəti haqda məlumatlanmaq istədik. Komitə sədri Ramilə Seyidova birinci bizlə müsahibə versə də, sonra fikrindən daşındı. Əslində qınamalı bir səbəb görmürük. 27 il mətbuata bağlı qurum rəhbərinin davranışı qəbulediləndir.Zamanla hər şeyin qaydasına düşəcəyinə ümid edirik.     Biz qurumda olarkən komitənin aparat rəhbəri Elton Həziyev suallarımızı cavablandırdı .
– Zorakılığa məruz qalan qadınların statistikası bizə maraqlıdır.
-Nəzərinizə çatdırmaq istəyirəm ki,komitə fəaliyyətə başladığı gündən müxtəlif vəzifələr olmaqla burada çalışmışam. Bu  müddət ərzində komitəyə zorakılığa məruz qalması ilə bağlı bir nəfər qadın belə olsa müraciət etməyib.   Komitənin qaynar xətti iş günlərində daim cavablandırılır. 545-39-75 komitənin qaynar xəttidir. Bilirəm ki, sizdə təəccüb doğurur. Amma dediklərim həqiqətdir. Bizə zorakılıqla bağlı şikayətin daxil olmasında hüquq mühafizə orqanlarının xidməti danılmazdır.
– Aliment problemləri də olmur?
-Baxın, onu dana bilmərəm. Aliment problemləri ilə bağlı müraciətlər daxil olur. Biz aliment məsələsini Ədliyyə Nazirliyi əməkdaşlarının dəstəyi ilə həll edirik. Aidiyyati qurumlarla əməkdaşlıq etmək bizim işimizi asanlaşdırır.Bir də tək anaların işlə müraciəti çox daxil olur . Onlar da öz həllini tapır.
-Yetkinlik yaşına çatmayanlar arasında narkotik vasitələrdən istifadə hallarına rast gəlinibmi?
-Muxtar Respublikada azyaşlıların narkotik vasitələrdən istifadəsi qeydə alınmayıb. Buna baxmayaraq Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları  “Narkotiklə mübarizə” mövzusunda mütəmadi olaraq məktəblərdə görüşlər təşkil edir.  Həmin görüşlərdə 9-10-11 – ci sinif şagirdləri ilə  narkotik vasitələrin insan həyatına ziyanı barədə söhbətlər aparılır. Onlara izah edilir ki, bu vasitələr tək ölümə aparmır. İstifadəçinin ətrafına da ziyan verir, onu nüfuzdan salmağa xidmət edir.
– Ölkədə ən güclü bəlalardan biri erkən nigah problemlidir. Muxtar Respublikada vəziyyət necədir?
-Naxçıvanda erkən nigah qeydə alınmayıb. Biz komitə olaraq Səhiyyə Nazirliyi əməkdaşlarının dəstəyi ilə bu mövzuda da orta məktəblərin yuxarı sinif şagirdləri, kollec və universitet tələbələri ilə erkən nigahin fəsadları barədə mütəmadi görüşlər keçiririk. Bu görüşlərdə mama-ginekoloq Gültəkin Əliyeva iştirak edir, görüş iştirakçılarını erkən nigahın yarada biləcəyi faciələrdən xəbərdar edir.
2023-cü ildə komitənin qarşısında  hansı məsələlər durur?
-Bildiyimiz kimi bu il Azərbaycanin Ümummili lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq. Bununla bağlı silsilə tədbirlərimiz olacaq. Bundan əlavə olaraq Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmişə olduğu kimi öhdəliyində olan məsələlərin həllinə çalışacaq.


P.S. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ahıllar evində görüş keçirilib.


Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin görüşlər təşkil edilir.


Naxçıvan Muxtar Respublikasında qadınlar tərəfindən ailə təsərrüfatlarının qurulması və ya genişləndirilməsinə maddi dəstək göstərilib
Belə ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq sahənin inkişafı ilə bağlı sosial layihələr icra olunur, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilib
Müsabiqə qalibləri mükafatlandırılıb
.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən gənclər və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VII muxtar respublika yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Naxçıvan Tibb Kollecində maarifləndirici görüş keçirilib.
Rayonlarda qadınlarla mütəmadi şəkildə görüşlər təşkil olunub.
Bu komitənin 2022-ci ildə iştirak və təşkil etdiyi tədbirlərin bir hissəsidir. Ümidvarıq ki, 2023-cü il  komitə mətbuata açıq olacaq.
Erkən nigahlarla bağlı statistika cəmiyyətə  çılpaqlığı ilə təqdim olunacaq. Çünki arasdırmalarımızdən belə nəticəyə gəldik ki, bu sahədə vəziyyət heç də komitənin aparat rəhbəri Elton Həziyevin dediyi kimi qaydasında deyil. Sakinlər rayonlarda erkən nigah faktlarının yetərincə olduğunu, məsələdən kənd icra nümayəndələri, məktəb direktorları və icra hakimiyyəti yanında qəyyumluq şöbəsinin də məlumatlı olduğunu deyirlər. Ümid edirik ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarının  islahatları bu xoşagəlməz halın aradan qaldırılmasına dəstək olacaq.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik