“Mesajın Laçın dəhlizi yaxınlığında verilməsi…”-Deputatdan gündəm yaradacaq MÜSAHİBƏ

Baxılıb:387
“Mesajın Laçın dəhlizi yaxınlığında verilməsi…”-Deputatdan gündəm yaradacaq MÜSAHİBƏ


AzTimes.az xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

  • Hicran xanım, Prezidentin Kəlbəcər və Laçına səfərinin tarixi əhəmiyyətini necə şərh etmək olar?
  • Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində Zəfər çaldıqdan sonra dövlətimiz bütün imkan və səylərini səfərbər edərək böyük tikinti və quruculuq işlərinə başlayıb. Bu proses davamlı və sürətlə həyata keçirilir. Artıq biz həm Qarabağda, həm də Şərqi Zəngəzurda həyata keçirilən layihələri görürük. Bu layihələrin icrası ilə bağlı artıq təməlqoyma mərasimləri keçirilir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kəlbəcər və Laçına səfəri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq tunelin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək tunelin təməlini qoydu. “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası, Kəlbəcər yarımstansiyasının açılışında iştirak etdilər. Eyni zamanda Laçın rayonunda Beynəlxalq Hava Limanının təməli qoyuldu. Bütün bunlar ondan xəbər verir ki, biz öz torpaqlarımıza qayıtmışıq, bu əraziləri erməni vandalizmindən təmizləyib, cənnətə çevirəcəyik. 30 ilə yaxındır ki, öz doğma dədə-baba yurdlarından məcburi olaraq köçkün düşmüş vətəndaşlarımız nəhayət evlərinə qayıdacaq. Sonunda bölgədə sülh və əmin-amanlıq olacaq. Cənab Prezident də dəfələrlə əsas rəqibimizin zaman olduğunu vurğulayıb. Ancaq işlərin çox sürətlə getdiyini müşahidə edirik, bu isə hər birimizdə Böyük Qayıdışın tezliklə baş tutacağı inamını artırır. Bu səfər müstəqil Azərbaycan dövlətinin texniki, maliyyə imkanlarının və güclü iradənin bariz nümunəsidir. Müharibədən çıxmış bir ölkə belə nəhəng quruculuq işləri həyata keçirir və artıq nəticələr də var. Bu səfər həm də bu torpaqların əsl sahibinin kimin olduğunu göstərir.
  • Dövlət başçısı səfər zamanı etdiyi çıxışlarda ciddi mesajlar verdi. Bu mesajlar necə analiz edilməlidir?
  • Artıq bir neçə gündür ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlər də yerləşən Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulur. Eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələr bizim hamımızı narahat edir. Bir çox suallar yaranır. Ona görə də erməni təxribatı fonunda Prezident İlham Əliyevin əvvəlcə CNN Türk kanalına verdiyi müsahibə və ardınca Kəlbəcər və Laçına səfəri bir çox məsələlərə aydınlıq gətirdi. Həmçinin, xalq məhz onun fikirlərini, onun münasibətini daha çox gözləyir, inanır. Eyni zamanda, ölkə başçısının ötən dövrdə Ermənistan hərbi-siyasi rəhbərliyi və sözdə münaqişəni həll edən ATƏT-in Minsk Qrupu ilə aparılan mübarizənin bəzi maraqlı detallarını da açıqladı.

Cənab Prezident bildirdi ki, ermənilər Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək istəyirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaqdı və bu da hərbi cinayət sayılır. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşıb. Ermənistana heç bir irad tutmayıb. Onları bu işlərdən çəkindirməyə cəhd etməyib. Sadəcə olaraq bunu müşahidə edib. Onlar, hətta bu yolda da olublar. Onu da görüblər ki, Cəbrayıl rayonunda nəzərdə tutulmuş yol inşa edilir. O vaxt bu yol çəkiləndə biz etirazımızı bildirmişdik. Biz səsimizi qaldırmışdıq, biz demişdik ki, buna yol vermək olmaz, Azərbaycan ərazisində qanunsuz işlər aparıla bilməz. Ancaq bizi eşidən yox idi. Amma bu gün mən gəlmişəm, həmin yolun üstündə durmuşam və biz bu yolda bundan sonra əbədi qalacağıq, bu bölgədə əbədi yaşayacağıq.

Əlbəttə ki, biz bir daha görürük ki, Azərbaycana qarşı hər zaman ikili standartla yanaşılıb. Lakin biz öz haqlı mübarizəmizi apardıq və bu gün tarixi ədalət bərpa olunub. Artıq biz öz doğma torpaqlarımızdayıq. Ölkə başçısı ermənilərin Basarkeçərdən çəkdikləri asfalt yola diqqət çəkərək, bildirdi ki, bu yol da çəkiləndə Azərbaycan tərəfi etiraz etmiş, bunun qanunsuz olduğunu bildirmişdi. Bu etirazlara heç kim fikir vermirdi, ancaq nəticədə Azərbaycan əsgəri düşməni torpağımızdan qovdu. İndi bu yoldan biz istifadə edirik. Cənab Prezidentin sözləri ilə desək, hərbi qənimətlərdən biri də elə bu yoldur. Prezident İlham Əliyev Kəlbəcər və Laçına səfərində Qaragöl və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Ermənistana mesajlar verdi. Müharibədə ağır məğlubiyyətlə üzləşən Ermənistan Azərbaycanla normal münasibətlər qurmağa məcburdur. Onun yeganə çıxış yolu budur. Ölkə başçısı səfər zamanı Murovdağdan Araz çayına qədər hərbi hissələrin inşası və sərhədlərdə möhkəmlənmə işlərini də xüsusi olaraq bildirdi. Cənab Prezident Ermənistanla sərhədlərimizin tam nəzarətə götürüldüyünü vurğuladı. Məhz Laçın dəhlizi yaxınlığından verilən bu mesajlar xüsusi əhəmiyyət kəsb edir.

  • Cənab Prezident Basarkeçər, Arazdəyən və digər yer adlarının tarixi mahiyyətinin cəmiyyətə yenidən aşılanmasını da vurğuladı…
  • Ümumiyyətlə, Cənab Prezidentin Azərbaycanın tarixinə, onun keçdiyi yola xüsusi münasibəti var. Və hər səfərdə, görüşdə, müsahibədə tarixi ərazilərimiz, onların adları və mahiyyəti haqqında məlumatlar verir. Cəmiyyəti də bu məsələdə həssas olmağa çağırır. Elə bu səfərdə də Basarkeçər rayonu, onun tarixi, ermənilərin apardığı etnik təmizləmə siyasəti nəticəsində Basarkeçərin necə “Vardenis” rayonuna çevrildiyini tarixi faktlarla çatdırdı. Bu çox mühüm məsələdir. Çünki biz öz tarixi yer adlarımıza sahib çıxmalıyıq. Çıxış və yazılarımızda, tarix dərsliklərində, xüsusilə də elmi məqalə və məruzələrdə buna xüsusi diqqət verməliyik. Ölkə başçısının “İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə deyilməldir” fikri bir hədəf kimi qarşıya qoyulmalıdır. Tarixi adların bərpa edilməsi, leksikonumuzda daha tez-tez işlədilməsi, həm də ideoloji cəhətdən də vacib məsələdir. Ona görə də biz hamımız bu məsələyə xüsusi həssaslıqla yanaşmalıyıq.
  • Prezidentin verdiyi mesajlarda bir daha Azərbaycanın daim sülh tərəfdarı olduğu öz əksini tapır. Ermənistan bundan hansı nəticələr çıxarmalıdır?
  • Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcər və Laçın səfəri bir daha göstərdi ki, Azərbaycan hər zaman sülhün, əmin-amanlığın, quruculuğun tərəfdarı olub və bundan sonra da bu mövqeni davam etdirəcək. Səfər ərzində biz dağıdılan, yandırılan evləri, kəsilən ağacları görürdük. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edib. Təbii sərvətləri talayıb, evləri dağıdıb, evlərin daşlarını, pəncərə və qapısını belə söküb aparıblar. Ermənilərin yaratdıqları miflərdən biri də guya onların qədim tarixə, mədəniyyətə malik olması ilə bağlı idi. Lakin bu gün artıq bütün dünya görür ki, onlar necə “mədəni”dirlər. İşğaldan azad olunmuş bütün kəndlərimizdə, rayon və şəhərlərimizdə dağılmış evlər, binalar, məscidlər, qazılmış qəbirlər, talan olunmuş yerləri gördük. Bu barbarlıq Birinci Qarabağ müharibəsi dövründə yox, müharibədən sonra, məqsədyönlü şəkildə həyata keçirilib. Demək onlar özləri də yaxşı bilirdilər ki, bu ərazilər heç vaxt ermənilərin olmayıb. Bura əbədi və əzəli Azərbaycan torpağıdır. Biz bu torpaqlarımızı əsgər və zabitlərimizin qanı, canı hesabına, mərdliklə, ləyaqətlə vuruşaraq, mübarizə apararaq düşməndən azad etmişik.

Məhz azad olunmuş strateji əhəmiyyətli rayonlara səfər zamanı dövlətimiz başçısı qarşıda dayanan vəzifələrə diqqət çəkərək, qeyd etdi ki, əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Bu vəzifələrin yerinə yetirilməsi isə digər hədəflərə çatmaq üçün mühüm vasitədir.


Abunəlik