Dünən və bu günki tarixi faciələrimiz…

Baxılıb:346
Dünən və bu günki tarixi faciələrimiz…


16-17 fevral…
16 fevral 1916-cı il…
Ərzurum şəhəri və ətraf bölgələr rus və erməni silahlı dəstələri tərəfindən ələ keçirilir. Ərzurumun işğalı ilə bölgədəki erməni qüvvələri özlərini daha da arxalı hiss etməyə və müsəlman əhaliyə qarşı hücumları genişləndirməyə başlayırlar. Dəhşətli hadisələr, amansız türk qırğınları bir-birini əvəz edir.

16 fevral 1976-cı il…
Livanın paytaxtı Beyrut şəhərində türk diplomatı, Türkiyə səfirinin birinci katibi Oktar Stirit erməni terrorçuları tərəfindən güllə ilə qətlə yetirilir. Terrorçu hadisə yerindən qaçıb gizlənə bilir.

16 fevral 1990-cı il…
Şuşa-Bakı avtomobil yolu ilə hərəkət edən marşrut avtobusu ermənilər tərəfindən partladılır. 3 nəfər ölür, 13 nəfər yaralanır.

16 fevral 1991-ci il…
Goranboy rayonunun 1 nəfər Başqışlaq kənd sakini erməni yaraqlılarının hücumu nətisəcində qətlə yetirilir.

16 fevral 1992-ci il…
Səhər erkən məkrli düşmən Xocavənd rayonunun Qaradağlı kəndini mühasirəyə alır. Park və kolxoz idarələri tərəfdən atılan atəş nəticəsində 6 nəfər kənd sakini yaralanır.
3 nəfər kənd sakini – 1918-ci ildə Qaradağlı kəndində anadan olan Zivər Alıhüseyn qızı Rüstəmova, 1922-ci ildə Qaradağlı kəndində anadan olan Əsgər Səməd oğlu Hüseynov, 1958-ci ildə Qaradağlı kəndində anadan olan Rəşid Həşim oğlu Bayramov ermənilər tərəfindən vəhşicəsinə öldürülür. Atışma zamanı kəndə köməyə gəlmiş 15 nəfər Azərbaycan Milli Ordusunun əsgərindən də daha bir nəfər şəhid olur.

16 fevral 1992-ci il…
Milli Qəhrəman, 16 oktyabr 1963-cü il tarixdə masallı rayonunda anadan olan leytnant Səfərəli Qurban oğlu Məmmədov Yuxarı Qarabaö cəbhəsində, Xocavənd rayonu ərazisində, Qaradağlı kəndi yaxınlığında kənd sakinlərini erməni quldurlarından xilas edərkən şəhid olur.

16 fevral 1992-ci il…
Erməni yaraqlıları Ağdərə rayonunun Sırxavənd (hazırda bu kənd Ağdam rayonunun tabeliyindədir) kəndinə hücum edirlər. Kənd sakini 1969-cu il təvəllüdlü İntizam Köçəri oğlu Bəşirov həlak olur.

16 fevral 1992-ci il…
Ağdam şəhəri ermənilər tərəfindən mərmi yağışına tutulur. Mərmilərdən biri 2 saylı ruhi xəstəxanaın həyətinə düşür. 2 nəfər həlak olur. Atılan mərmilər nəticəsində sürücü Rasim Yunusovun evi ciddi zədələnir, onun körpə uşağı isə ağır yaralanır.

16 fevral 1992-ci il…
Təhlükəsizlik Şurasının İrəvan şəhərində keçirilən iclasında milli maraqlar naminə hazırlanmış sənədə (29 dekabr 1991-ci il tarixdə Ermənistanın təhlükəsizlik və strateji məsələlər üzrə konsepsiyasının ilkin variantı nəzərdə tutulur) əlavələr edilir.
Baş Qərargahı İrəvanda yerləşən “Milli Azadlıq Hərəkatı”nın liderlərindən biri olan Q.Şahnazaryan və Q.Markaryan həmin sənədi yeni yeni ad ilə kitabça şəklində 1500 nüsxə ilə çap etdirib (orada qeyd olunurdu: Azərbaycan millətinə qarşı erməni millətinin “ekoloji proqram”ı ) yaydırırdılar.

16 fevral 1993-cü il…
Ağdam şəhəri və ətraf kəndlər ermənilər tərəfindən müxtəlif növ silahlardan atəşə tutulur. Ölənlər və yaralananlar olur.

16 fevral 1994-cü il…
8 azərbaycanlı hərbi əsir ermənilər tərəfindən amansızlıqla güllələnir…

17 fevral 1908-ci il…
Tehran şəhərində “Erməni Milli Şurası” fəaliyyətə başlayır.

17 fevral 1916-cı il…
Ermənilər Urmiyada, Xoy şəhərində və digər ərazilərdə müsəlman əhalini qırır, evlərini talayır, onların mal və namusuna təcavüz edirlər. Bazarlarda və küçələrdə quduzlaşmış quldurlar müsəlmanları təhqir edir, onları soyaraq pullarını əllərindən alır, hətta nümayişkəranə şəkildə öldürməkdən də çəkinmirdilər.
Boğaza yığılan mülki vətəndaşlar üsyan etmək istəsələr də, şəhər hakimi İclalülmülk üsyanın qarşısını almağa çalışır…

17 fevral 1918-ci il…
Andranikin başçılıq etdiyi erməni yaraqlıları Türkiyənin Təpəköy kəndində yaşına və cinsinə baxmadan bütün dinc əhalini qətlə yetirirlər…

17 fevral 1918-ci il…
Erməni zabitləri – polkovnik Pirumov və komissar Dronun başçılığı ilə silahlanmış hərbi dəstələr İrəvan quberniyasının azərbaycanlılar yaşayan kəndlərinə basqınlar edirlər. Bir neçə kənd dağıdılır, yüzlərlə günahsız müsəlman qətlə yetirilir…

17 fevral 1988-ci il…
Qərbi Azərbaycan (Ermənistan) ərazilərindəki tarixi dədə-baba yurdlarından didərgin salınan azərbaycan əhalinin növbəti dəstəsi – Qafan rayonundan deportasiya edilən 4 000 nəfər soydaşımız Azərbaycana pənah gətirir. Ermənistan SSR rəhbərliyinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti artıq tam gücü ilə şə düşür.

17 fevral 1990-cı il…
Naxçıvanın Günnüt kəndi (Şərur rayonu) erməni yaraqlıları tərəfindən dağıdılır, işğal olunur…

17 fevral 1992-ci il…
Ağdam şəhəri ermənilər tərəfindən atəşə tutulur. Ölənlər, yaralananlar, dağıntılar olur.

17 fevral 1992-ci il…
Saat 05:30-da erməni-rus hərbi birləşmələrinin hücumu nəticəsində bir neçə saat ərzində Xocavənd rayonunun 1000 nəfər əhalisi olan və ermənilərin yaşadıqları qonşu Ağkənd, Aşan, Paravatumb, Qağarza, Qarakənd, Gavahın, Dağdağan, Kəndxurd, Kiş , Mirikənd, Mısmına, Müşkabad, Ningi, Harov kəndləri ilə əhatələnən azərbaycanlıların məskunlaşdığı cənnətməkan Qaradağlı kəndi işğal edilir.
Bu işğalda 23-cü diviziyanın 366-cı alayının da müstəsna xidmətləri olub.
Beləliklə bu gün tarixə “Qaradağlı faciəsi” kimi düşür…

17 fevral 1992-ci il…
Separatçı erməni yazıçısı Zori Balayan Telavi hərbi bazasında silahlanmış ermənilərə başa salır ki, kim Böyük Ermənistan uğrunda vuruşursa, o tarix yaradır…

17 fevral 1993-cü il…
Ağdam rayonunun mərkəzi atəşə tutulur. Ölənlər , yaralananlar və dağıntılar olur. Düşmən Şelli kəndi istiqamətində hücum etməyə cəhd göstərir.

17 fevral 1993-cü il
Erməni quldurlarının güclü hücumları nəticəsində keçmiş Ağdərə rayonunun Qozlu Körpü (keçmiş Hötevan) və Heyvalı (keçmiş Drambon) kəndləri işğal edilir.

Cəmil Məmmədli /AzTimes.az/


Abunəlik