Deputatdan məmurlara ittiham: “Qanundakı boşluqlardan istənilən şəkildə istifadə edirlər” – MÜSAHİBƏ
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədovanın Oxu.Az-a müsahibəsi:
- Hər il Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair Ombudsmanın hesabatı hazırlanır. Bu məruzə insan hüquqlarının pozulması ilə bağlı bütün halları əhatə edə bilirmi?
- Ombudsmanın hesabatı onun fəaliyyətini tənzimləyən qanunvericiliyə uyğun hazırlanır və səlahiyyətlərinə aid olan bütün məsələləri özündə tam əks etdirir. Lakin beynəlxalq hüquqda insan haqları ilə bağlı məsələlərdə təəssüf ki, hələ də ikili standartlarla üzləşirik.
- İnsan hüquqlarının təmin olunmasına mane olan amillər hansılardır?
- Bəzilərinin qanunlara və hüquqa olan laqeyd münasibəti, yüksək vəzifə tutan bəzi məmurların özbaşınalığı insan hüquqlarına dair neqativ mənzərə yaradır. Biz bu mövzudan danışarkən onu da deməliyik ki, bəzi qanunlarda boşluqlar var. Bu boşluqlardan isə istənilən şəkildə istifadə etmək olur.
Millət vəkili olaraq vətəndaşların problemlərini səsləndirən zaman qurumlar tərəfindən verilən cavablarda bunun şahidi oluram. Dövlət qurumlarının iş prosesində bir-biri ilə olan münasibətlərinin nəticələri də insan hüquqlarının təmin olunmamasına gətirib çıxarır.
- Gəlin, konkretləşdirək, siz nəyi nəzərdə tutursunuz?
- Məsələn, vətəndaş bələdiyyədən sənəd alır, sonra digər qurum həmin sənədi tanımır. Nəticədə vətəndaş illərlə məhkəmələrdə sürünür. Eyni məsələ üzrə ayrı-ayrı qurumlarda fərqli qaydaların olması da vətəndaş narazılığına gətirib çıxarır.
- Jalə xanım, konkret bir hadisə üzərində köklənmədən bir məsələni qeyd etmək lazımdır. Elə cinayət hadisələri olur ki, cəmiyyətin bir qismi bu cinayətə münasibətdə ölüm hökmünü cəza tədbiri kimi səsləndirir. Azərbaycanda isə ölüm hökmü yoxdur. Sualımız belədir: Cinayət üçün nəzərdə tutulan cəzalar adekvatdırmı?
- Ölüm cəzasının qəti əleyhinəyəm. Bəzən elə cinayətlərlə üzləşirik ki, insan emosiyalarına hakim ola bilmir. Ancaq hüquq deyir ki, qarşımızda cinayətkar olsa da, onun bir insanın olduğunu unutmamalıyıq. O ki qaldı cəzaların adekvat olub-olmaması məsələsinə, deyə bilərəm ki, Azərbaycan Respublikasında nəzərdə tutulan cəzalar tam adekvatdır.
- Siz özünüz bir deputat kimi seçicilərinizdən daha çox hansı problemləri eşidirsiniz?
- Deputat olaraq ən çox eşitdiyim problemlərdən bir çoxunu sadalaya bilərəm: Birinci instansiya məhkəmələrinin çıxardığı qərarlarının ədalətsizliyi, qanuna uyğunsuzluğu, məhkəmə qərarlarının icrası ilə olan problemlər. Xüsusən də aliment məsələlərində məhkəmə qərarlarının icrası uzun müddət icra edilmir. MTK-larla bağlı məhkəmə qərarlarının da icrasında eyni situasiyadır, illərlə icra olunmamış qalır.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı narazılıqlar hədsiz çoxdur, xüsusən də torpaqla bağlı olan məsələlərdə. Son bir ildə əlilliklə bağlı pensiyaların dayandırılması ilə əlaqədar də çox şikayət daxil olur. Bunların arasında haqsız olan şikayətlər də var, lakin əksəriyyəti haqlı şikayətlərdir.
- Şəxsən özünüz mərkəzi icra hakimiyyəti orqanları ilə təmaslarda hansı problemlərlə üzləşirsiniz?
- Mən bəzi dövlət qurumlarının rəhbərlərinin deputata olan biganə münasibəti ilə üzləşirəm. Vətəndaşın qanuni olan probleminin həll olunması üçün dəfələrlə xahiş etməli oluruq. Ancaq bəzi məmurlar seçicilərimin şikayətlərini az qala öz şəxsi işlərimlə əlaqədar xahiş kimi başa düşür. Bəzi məmurlar deputat statusunun mahiyyətini dərk etmir. Deputat xalqın seçdiyi şəxsdir və o, vətəndaşın haqqını tələb edir.
- Parlamentin İnsan hüquqları komitəsinə daxil olan şikayətləri necə təsnifatlandırmaq olar?
- Komitəyə daxil olan şikayətlərin çoxu hüquq-mühafizə orqanları, məhkəmələr və vətəndaşların sosial müdafiəsi ilə bağlı olan məsələlərdir. Biz bölgələrdə çalışan həkimlərdən də xeyli şikayətlər alırıq.