Bir çox yüklərimizi xarici şirkətlər daşıyır… – Prezident

Baxılıb:91
Bir çox yüklərimizi xarici şirkətlər daşıyır… – Prezident

 

Bu da çox önəmli məsələdir. Çünki indi yolların keyfiyyəti artdıqca, şəhərlərarası marşrutlar yeni avtobuslarla təmin edilir. Əlbəttə ki, bu avtobuslar ən yüksək təhlükəsizlik normalarına uyğun olmalıdır.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib.

“Bir halda ki, siz gecə reyslərinə başlamısınız, bu avtobusların keyfiyyəti, təhlükəsizliyi, sürücülərin hazırlığı, onların müayinədən keçmələri – bütün bunlar mütləq diqqət mərkəzində olmalıdır. Bu sahədə də təftiş aparılmalıdır, avtobusların neçə faizi standartlara tam cavab verir? Bu sahədə daha çox özəl şirkətlər fəaliyyət göstərir. Onlara da dəstək göstərilməlidir ki, bu istiqamətdə öz fəaliyyətlərini daha yüksək səviyyədə təmin edə bilsinlər.

Bir məsələ də yük daşımaları ilə bağlıdır. Azərbaycandan xaricə gedən yüklərin həcmi artır və artacaq. Qeyri-neft sektorumuz artır, qeyri-neft ixracımız keçən il 14 faiz artıbdır. Ancaq bizim bir çox yüklərimizi xarici şirkətlər daşıyır. Bu da onunla bağlıdır ki, Azərbaycanda yük daşımalarında istifadə edilən avtomaşınlar, tırlar yerli şirkətlər tərəfindən az təmin olunur. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır. Birinci növbədə, təhlil aparılmalıdır və mənə məruzə edilməlidir ki, yük daşımalarının neçə faizi Azərbaycan şirkətləri tərəfindən icra edilir? Tır parkına baxış keçirilməlidir. Onların vəziyyət nə yerdədir və onların sayı bizim artan istehsalımıza uyğundur, yoxsa yox?! Əgər yeni tır maşınlarının alınmasında dövlət özəl şirkətlərə kömək edə bilərsə, biz buna hazırıq. Bu sahəyə də güzəştli kreditlər verilə bilər. Çünki bir halda ki, Azərbaycanın nəqliyyat sektoru yüksək templərlə inkişaf edir və beynəlxalq təşkilatlar bunu yüksək qiymətləndirir, nəqliyyat sektorunda bütün komponentlər yüksək standartlara cavab verməlidir. Əlbəttə, hər bir ölkə istəyir ki, onun yükləri yerli şirkətlər tərəfindən daşınsın. Ona görə bu məsələ ilə bağlı sizə tapşırıram, təhlil aparın və məlumat verin.

Ötən ilin noyabr ayında Qazaxıstanda bu ölkə ilə Azərbaycan arasında yeni rabitə xəttinin çəkilməsinin təməlqoyma mərasimi keçirilmişdir. Bu da çox önəmli layihədir. Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində böyük uğurlar əldə edib. Ənənəvi “Bakutel” sərgisi çox böyük diqqət cəlb edir. Bu il bu istiqamətdə hansı işlər görüləcəkdir, bu barədə məlumat verin”, – Prezident söyləyib.

Ramin Quluzadə: Möhtərəm cənab Prezident, Bakı ilə Qazaxıstanı birləşdirən fiberoptik kanal gələcəkdə Avropanı və Asiyanı birləşdirən bir xətt olacaq. Bu da imkan yaradacaq ki, biz gələcəkdə Avropadan Çinə və digər ölkələrə interneti Azərbaycanın üzərindən ötürək. Gələcəkdə Azərbaycan və digər ölkələrdə internetə olan tələbatın ödənilməsi və keyfiyyətli internetdən istifadə üçün bu işlər görüləcək. Eyni zamanda, qeyd etmək istəyirəm ki, artıq hər il “Bakutel” sərgisinə də maraq artır. Siz də oraya gələndə görürsünüz ki, həm yerli şirkətlərimizin, həm də startapların bu sahəyə marağı artır. Gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir