Məşhur sumqayıtlı təkbaşına Saray kəndini necə köçürür?
Bu il Sumqayıt şəhərinin 71 yaşı tamam olacaq. Sumqayıt bu illər ərzində çətin, lakin şərəfli bir yol keçmişdir. Onun həyatındə sevincli günlərlə yanaşı, kədərli günləri də olub. Bununla belə, Sumqayıt öz iradəsi və cəsarəti ilə bütün məhrumiyyətlərə dözüb, irəliyə doğru inamlı addımlar atıb, inkişaf edib, istehsal etdiyi məhsullarla dünyada tanınıb. “Dünənə boylan” rubrikası altında Sumqayıt şəhərini qurub yaradanlar haqqında kiçik, epizodik xatirələri yada salmağı, gənc nəsli onlarla tanış etmək niyyətindəyik.
Bu gün Kamran Hüseynov haqqında oxucularlara məlumat vermək istəyirik. Kamran müəllim üç dəfə Sumqayıt şəhər partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.
Vizit kartoçkası: Kamran Əsəd bəy oğlu 15 dekabr 1913-cü iidə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938-1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940-1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir.Kamran Hüseynov 1941-1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944-1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945-1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949-1952- ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952- 1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953-1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.Kamran Hüseynov 1958-1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961-1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968-1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980-1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdən idi. Onun dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində gördüyü işlər böyük bir dövrü əhatə edir. O, sıravi fəhləlikdən başlamış strateji əhəmiyyətli mühüm dövlət obyektlərinin tikilib istismara verilməsinə qədər çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, fədakarlıq və yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Azərbaycanda yeni yaşayış məntəqələrinin salınmasında, onların sənaye mərkəzlərinə çevrilərək inkişaf etməsində Kamran Hüseynovun xidmətləri təqdirəlayiqdir. Tutduğu vəzifələrdən, gördüyü işlərdən asılı olmayaraq, onun mövqeyi daim öz vətənpərvərlik ruhu ilə səciyyələnmişdir. O, 1967- ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almışdır.Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatının fəal iştirakçısı kimi yaxşı tanınırdı. O, uzun illər Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərmişdir.Kamran Hüseynovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı – «Şöhrət» ordeni ilə təltif edilmişdir.Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamran Əsəd oğlu Hüseynov 2006-cı il aprelin 20-də ömrünün 93-cü ilində vəfat etmişdir.Kamran Hüseynov haqqında dastanlar qoşmaq olar. Bu, insanın zəngin və mənalı həyatı yolu vardır. Bütün ömrü boyu quruculuqla məşğul olub. Sumqayıt və Mingəçevir şəhərlərinin salınması və qurulması Kamran müəllimin adı ilə bağlıdır. Onun həyatından bir epizodu oxuculara çatdırmaq istəyirəm. Abşeron yarımadasında, Ceyranbatan gölündən xeyli aralı, Saray adlı bir kənd mövcud idi. Bu kənd Azərbaycanda “traxoma” xəstəliyinin mənbəyi sayılırdı. Burada yaşayanların hamısının gözlərində problemləri var idi. Kənd Sumqayıt şəhərinin tabeçiliyində olduğundan Kamran müəllim onu köçürmək qərarına gəlir. K. Hüseynov camaata torpaq sahəsi ayırmaq üçün indiki Saray kəndinin yerini seçir. Azərbaycan Respublikası Nazirlər Sovetinin sədri Rəhimova müraciət edir, vəsaitin ayrılmasını xahiş edir. Rəhimov yeni bir kəndin salınması üçün büdcədə vəsaitin olmaması ilə bir növ rədd cavabı verir. Lakin Kamran Hüseynov öz sözündə israrlı idi. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İmam Mustafayevə müraciət edir. Məsələni ətraflı başa salır, camaatın əziyyət çəkdiyini söyləyir, dünyaya göz açan uşaqların ilk gündən “traxoma”ya düçar olduqlarını söyləyir. Mustafayev bu məsələyə baxacağını və ona məlumat verəcəyini bildirir. Aradan bir neçə ay keçir. Mustafayev Moskvaya ezamiyyətə gedəndə Kamran müəllimi yanına dəvət edib, deyir ki, “bu yaxınlarda Nazirlər Sovetində bu məsələ gündəmə çıxarılacaq, iştirak etməyin vacibdir”. Kamran Hüseynov həmin iclasa naümid gedir. Bilirdi ki, Rəhimov ona rədd cavabı verəcək. Həqiqətdə də belə oldu. Saray kəndinin köçürülməsini Nazirlər Soveti təxirə saldı. Bu, Kamran müəllimi qane etmədi. O, Nazirlər Sovetinin binasından çıxıb “Pobeda” maşınına əyləşib yola düşdü. “Partiya cəzası versəylər də, mütləq Saray kəndini köçürməliyəm”. Kamran müəllim yeni Saray kəndi üçün ayrılan torpaq sahəsinə baş çəkir. Xeyli piyada gəzir, fikirləşir, götür-qoy edir. Sürücüsünü Nasoslu (İndiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsi – müəllif) qəsəbəsinə göndərib “N” hərbi hissəsinin komandirini təcili çağırmasını tapşırır. Bir saatdan sonra hərbi hissənin komandiri Kamran müəllimlə görüşür. K.Hüseynov vəziyyətlə onu hali etdikdən sonra ondan 30 yük maşını və 500 əsgər tələb edir. Komandir onun tapşırığını yerinə yetirir. Qaradağ daşkarxanası Sumqayıta tabe olduğundan iki gün, iki gecə Saray kəndinə tikinti materialları daşınır. Azərbaycan-boru prokat, sintetik – kauçuk və tikinti trestlərindən fəhlə qüvvəsi cəlb olunur. Binaların özülləri qoyulur, ilk evlərin tikintisinə başlanır. Bundan xəbər tutan Nazirlər Soveti tikinti dayandırır, Rəhimov isə Kamran Hüseynovu partiya bileti ilə hədələyir. Lakin bu Kamran müəllimi ruhdan salmır. O, Saray kəndinin tikintisinin vacibliyi haqqında Moskvaya müraciət edir. SSRİ Nazirlər Sovetindən və Səhiyyə Nazirliyindən Bakıya komissiya gəlir. Onlar respublika rəhbərliyi ilə görüşəndən sonra, Kamran müəllimlə birlikdə, köhnə Saray kəndinə gedirlər. Səhiyyə Nazirliyindən olan mütəxəssislər vəziyyəti öyrənəndən sonra burada yaşamağın qeyri- mümkün olduğunu söyləyirlər. “Kənd köçürülmsə, “traxoma” bütün respublikaya yayıla bilər. Kənddə elə bir sakin tapılmadı ki, gözləri sağlam olsun”- deyə mütəxəssislər fikirlərini bildirirlər. Səhiyyə Nazirliyi yeni Saray kəndinin tikintisi üçün vəsaitin bir hissəsinin ayrılmasını öz öhdəsinə götürdü. Respublika Nazirlər Soveti də büdcədən vəsait ayırmağa məcbur oldu. Beləliklə Abşeron rayonunun ən səfalı yerlərində yerləşən Saray kəndi belə yarandı. Gənc nəsl K.Hüseynovu xatırlamasalar da, onların ata-babaları Kamran müəllimi yaxşı xatırlayır və adını həmişə hörmət və ehtiramla çəkirlər. Kamran Hüseynov öz xatirələrində söyləyirdi ki, hər dəfə yolum Saray kəndindən keçəndə ayaq saxlayır, bu kiçik qəsəbənin necə böyük bir kəndə çevrildiyini görüb, qürur hissi keçirirəm. Çox vəzifələrdə çalışmışam. Respublikada çox tikintiləri başa çatdırmışam. Saray kəndini isə özümə övlad sayıram. Başlıcası ondan ibarətdir ki, köhnə Saray kəndi ləğv olunandan sonra respublikada “traxoma” xəstəliyinin kökü kəsildi. Az da olsa, əməyimi qiymətləndirənlər varsa, deməli bu həyatda, mənasız ömür sürməmişəm.
Eyruz Məmmədov Respublikanın əməkdar jurnalisti/AzTimes.az/