Aqil Abbas:”Ərinin əvəzinə döyüşən xanım”
Od parçasıdı, belə bir söz var ey, dəyirmanın gözünə ölü atsan, diri çıxar. Tanrı ona istedad da verib, cəsarət də, üç-dörd kişi ilə əlbəyaxa döyüşməyə güc də, əvəzində çox şeyini alıb. Yurd-yuvası dağılıb, əzizləri müharibədə şəhid olub, gəncliyini alıb. Məşhur filmdəki mahnıda deyildiyi kimi: «Bir xoş gün görmədim mən bu dünyada». Bir xoş gün görməyib bu dünyada. Xoşbəxtliyi üç şeydə görür: ailəsində, hələ də uzaqdan baxdığı azad olunmuş Ağdamda və bir də yazmaqda. Anası əsgər doğub bu qızı. Ona görə ailə quranda da əsgərlə ailə qurub. Əri İsmayıl Novruzov Birinci Qarabağ müharibəsinin döyüşçülərindən biridi. İkinci qrup Qarabağ əlilidi. Bədənində 23 düşmən qəlpəsi gəzdirir. Biri də ürəyindən bir neçə millimetr kənardadı. Bu qəlpələri də çıxarmaq mümkün deyil. İş qabiliyyətini itirib. Həkimlər 3 kiloqramdan artıq yük götürməyi qadağan ediblər ki, ürəyinin yanındakı qəlpə tərpənə bilər.
Sağ olsun bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bədənində 23 qəlpə gəzdirən İsmayıl Novruzovun əlilliyini 2-ci qrupdan 3-cü qrupa keçirib. Ona görə sağ olsun yazıram ki, istəsəydilər əlilliyini və pensiyasını da ləğv edə bilərdilər, kim nə deyəsiydi ki?!
Xanım ər seçəndə bax, belə bir igidi ər seçib. Rəşid adlı 10 yaşlı bir oğlu da var, onu da atası kimi, özü kimi əsgər kimi yetişdirir.
Hələ İkinci Qarabağ müharibəsi başlamamışdı. Yadınızdadırsa, cəbhə xəttinə təkər daşıyırdılar, şpal daşıyırdılar. Səngər möhkəmlədirdilər, qazilər hamısı bu hərəkatda fəal idi. Onun da əri qazidi, amma məlum səbəbdən bu hərəkatda iştirak edə bilmirdi. Onda bu xanım ərini İkinci Qarabağ savaşında da əvəz elədi. Məndən icazə alıb üz tutdu Ağdama. Təkər daşıdı, şpal daşıdı, səngər qazdı qazilərlə birlikdə. 44 günlük müharibədə də geri dönmədi, döyüşən əsgərlərin yanında oldu. O da döyüşdü, amma qələmi ilə. Hər gün saytımıza və qəzetimizə cəbhədən ən doğru xəbərləri göndərirdi. Göndərdiyi şəkillərin birində hələ onda Qərvənd azad olunmamışdı, səngərdən Qərvəndə baxdığı bir şəkili göndərmişdi. Əgər kiminsə duası ilə Qarabağı azad etmişiksə, onun baxışları ilə Qarabağı niyə azad etməyəydik ki? O baxışlarda nələr vardı, ilahi? Səsi yetən yerə əli yetməyən bu xanımın o baxışlarını Tanrı görürdü. İndi səsi də yetir, əli də yetir.
Düzdür, azad olunmuş torpaqlara aparılan jurnalistlərin siyahısında onun adı heç vaxt olmayıb. Bəlkə də burda mənim də günahım var , amma böyük günah o siyahını tutanlardadı. Görünür, o siyahını tutanlar qəzetləri yaxşı oxumur, saytları da yaxşı izləmirlər ki, görən kimlər müharibədə harda olub.
Nə isə… Sosial şəbəkədə bir gileyinə rast gəldim. Və bu bayram günündə bu gileyinə görə də onu bərk danladım. Mətbuat Şurası bir qrup jurnalistə diplom təqdim edib, savaşdan yazan jurnalistlərə. Amma onun adı həmin siyahıda yoxdu. Mən də ona dedim ki, qızım, diplomu neyləyirsən, sən ən böyük mükafatını almısan da! Özü də Möhtərəm Prezident İlham Əliyevdən almısan – Qarabağ da azad olunub, Ağdam da, doğulduğun Qərvənd kəndi də, day nə istəyirsən?
Dedim, mükafatın əmində, maaşını 600 manata qaldırıram, gücüm buna çatır.
Qaldı diploma, istəyirsən birini yazım verim, nə çətin şeydi? Lap istəyirsən yazım «İlin jurnalisti». Guya onda nə olasıdı ki?
Sən yenə bir gün Möhtərəm Prezidentdən bir mükafat alacaqsan – o da yəqin ki, «Əməkdar jurnalist» fəxri adı olacaq.
Sonda. Mən bu yazını bilgisayara diqtə edərkən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov telefon açdı və dedi ki, sizin müxbiriniz Əntiqə Rəşid müharibə dövrü Ağdamda – cəbhə xəttində olub, çox əziyyət çəkib, çox gözəl yazılar yazıb və biz də onu mükafatlandırmışıq. Və Mətbuat günü münasibətilə Əntiqə Rəşidi ayrıca təbrik elədi.
Belə-belə işlər, Mətbuat Şurası.
AzTimes.az