47 ildən sonra görüş-FOTOLAR

Baxılıb:268
47 ildən sonra görüş-FOTOLAR

40 ildən çox zaman ayırırdı bu insanları. Bu həsrətə son qoymaq isə 2021-ci ilin iyun ayının 28-nə təsadüf etdi.
50 il əvvəl valideynin əlindən tutub Daşkəsən şəhər S.Vurğun adına məktəbin sinif otağına gəldilər. Tanımadıqları uşaqlarla bir parta arxasında oturdular. Yazdılar, oxudular, öyrəndilər və beləcə, bir-birinə öyrəşdilər. Yaxşı oxuyanı da oldu, zəifi də. Dəcəli də, sakiti də.
Bir də baxdılar ki, illəri öz sözünü deyib: saçları ağarıb, üzlərində qırışlar əmələ gəlib, hətta nənə-baba olublar… Bu gün isə bəziləri gözündəki eynəkdən boylanaraq yaddaşındakı ötən anları aradı.
Çöhrələrində hədsiz sevinc vardı. Əzizini tapmış adam kimi sevinclərinin səsini hamıya eşitdirmək istəyirdilər. Uzun illər öncə bir sinifdə doğmalaşan, nə az, nə də çox düz 47 ildən sonra görüşmək fürsəti qazanan bu insanları kənardan izləmək ayrı bir zövq verirdi.
Müxtəlif sahələrdə çalışan məzunların kimisi paytaxtda, kimisi digər şəhər və rayonlarda həyatlarını davam etdirir. Məzunlar 47 il öncə olduğu kimi, yenə də öz siniflərinə daxil oldular. On il bir dərs stolu arxasında əyləşən sinif yoldaşların böyük əksəriyyəti burada olsa da, bir neçəsi dünyasını dəyişib.
Bu görüşə ən çox sevinən keçmiş şagirdlərin qocaman müəllimi, görkəmli pedaqoq Akif Həsənov idi. Həmin illərin isti və kövrək xatirəsi Akif müəllimi çox mütəsir etmişdi.
Gəncə şəhərində müəllim işləyən keçmiş məzunlardan biri Səhər xanım Hüseynova təkrar davamiyyəti yoxladı, gəlməyənlər haqqında müəllimə məlumat verdi. Ardınca sinifdə dərs keçirildi, olub-keçənlər bir daha xatırlandı.
Hazırda Daşkəsən Telekommunikasiya Qovşağının rəisi işləyən Aslan Rüstəmov, tanınmış geofizik Teymurxan Əliyev, dəmiryolçu Elbrus Bağırov, müxtəlif peşələrin sahibləri olan Cəfər Qurbanov, Söhbəddin Cabbarov, Həsən Məhərrəmov, Vaqif Əzizov, Elmira Məmmədova, Adilə Abdullayeva, Natella Vəliyeva, Roza Məmmədova, Nizami Göyüşov, Nuriyyə Əliyeva, Məhərrəm Zeynalov, Qızbəs Aslanova və Minayə Əsədova sinif otağına daxil olarkən 47 il öncəki həyəcanı yaşadıqlarını dedilər.
Keçmiş məzunlar təxminən 3 saata qədər məktəbdə oldular. Heç kim xatirələrlə dolu olan sinif otağından çıxmaq istəmirdi. Axırda Aslan müəllim dedi ki, ay uşaqlar, Xoşbulaq kəndində bizi gözləyirlər, durun gedək söhbətimizi orada davam etdirək. Orada da gölün kənarında çay süfrəsində söhbət davam etdirildi. Söz-söhbət yenə də məktəb illərindən oldu.
Həmin gün keçmiş məzunlar bu dünyanın dərdindən, kədərindən bir qədər uzaqlaşıb uşaqlaşdılar, həm də ömür yollarına nəzər salıb xeyli kamilləşdilər. Uşaqlıq, gənclik illərini yada saldıqca kövrəldilər. Bu düşüncələr arasında həyatlarını kino lenti kimi gözdən keçirdilər. Bir daha əmin oldular ki, insanı yaşadan bir-birinə olan hörmət və sevgidir. Uzun ömür sürüb xoşbəxt yaşayanlar ancaq hörmət və sevgi hissi ilə yaşayanlardır.
Xatirələrin şirini və acısı olur. Elə xatirə var ki, onu yada salmaqdan qorxursan. Bilirsən ki, onu xatırlamaqla gün ərzində əhvalın pozulacaq. Eləsi də var, onunla yaşayırsan, yaddaşından getməsinə izn vermirsən və illər ötüb-keçsə də, həmin xatirələr sənə təsəlli olur.
Beləcə, 2021-ci ilin 28 iyun günü Daşkəsən şəhər S.Vurğun adına məktəbin 1974-cü ilin bir qrup məzununun yaddaşına şirin bir xatirətək həkk oldu. Necə ki Sergey Yesenin deyirdi: “Bütün ayrılıqlar, yeni görüşlər vəd edir”.

Elmar Əliyev – Vüqarlı AzTimes.az


Abunəlik