İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktyorları Mədəniyyət Nazirinə MÜRACİƏT ÜNVANLAYIB

Baxılıb:154
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktyorları Mədəniyyət Nazirinə MÜRACİƏT ÜNVANLAYIB

AzTimes.az xəbər verir ki, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının
aparıcı aktyorlarınınAzərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Adil KƏRİMLİyə
AÇIQ və SƏMİMİ MÜRACİƏT ünvanlayıb. Müraciətdə deyilir:

Çox hörmətli Adil müəllim!

Sizi kollektivimiz adından salamlayır, mədəniyyət siyasətimizdə gördüyünüz uğurlu işlərinizi təqdir edir, Sizə hörmət və ehtiramımızı bildiririk!

18-19 dekabr 2023-cü il tarixdə Gülüstan sarayında keçirilməsi nəzərdə tutulan Mədəni İrs Forumunda əməkdar artistlərin və yaradıcı heyətin əsas aparıcı aktyorlarının kənarda qalması kollektivimiz arasında ruh düşkünlüyü yaratdı.
Məsələyə aydınlıq gətirilməsi üçün 15.12.2023-cü il tarixdə Teatr Sektorunun müdiri Vəfa Novruzovaya teatrın əməkdar artisti Esmiralda Şahbazova tərəfindən iki dəfə zəng edilib, lakin zəngə cavab verilməyib.

Ona görə bağışlayın ki, Sizə açıq müraciət etmək məcburiyyətində qaldıq.

Çünki hesab edirik ki, bizim müraciətlərimiz Sizə çatdırılmır. İndiyə qədər etdiyimiz rəsmi müraciətlərimizə də cavab ala bilməmişik.

Müraciətlərimizdən biri budur ki, hazırda baş rejissor vəzifəsini məşğul edən, heç bir rejissor təhsili və bacarığı olmayan, baş rejissorluq vəzifəsinin öhdəsindən gələ bilməyən, baş rejissor vəzifəsində işlədiyi 6 il ərzində yaradıcı heyətlə heç bir ünsiyyəti olmayan, teatrın yaradıcı heyətinin, yaradıcılıq prosesinin taleyi barədə düşünməyən, əksinə daim yaradıcı heyətə qarşı aqressiv münasibətdə olan, ilk tamaşası Mədəniyyət Nazirliyi tərəfindən bağlanan, digər az sayda hazırladığı tamaşalar tamaşaçı və mütəxəssislər tərəfindən diqqət cəlb etməyən, teatrda yalnız intriqalarla məşğul olan və yaradıcı heyət arasında nifaq yaratmağa çalışan Sərvər Əliyevin teatrdan uzaqlaşdırılmasını, kollektivimizin peşəkar, kollektivə canı yanan, vəzifəsinə layiq yeni baş rejissorla təmin edilməsini xahiş etmişik.
Bu barədə də Teatr sektrounun münasibətini öyrənə bilməmişik.
Hətta kollektiv olaraq Sərvər Əliyevlə görüşərək bu barədə onun özünü də məlumatlandırmışıq.
O, daima istənilən suallara cavab vermək əvəzinə, hər kəsi Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri ilə ilə hədələyir.
Bu da bizdə neçə müddətdir ki, düşünülmüş şəkildə Teatr sektoruna rəhbərlik edən şəxs tərəfindən İrəvan Teatrına qarşı qərəz aparıldığına inam yaradır. Ayrıca, belə münasibətə dair misal göstəriləsi faktlar çoxdur.
Teatrımızın ümumi problemləri ilə bağlı kollektivimizin Sizinlə görüşmək arzusunu 15.12.2023-cü il tarixli müraciətimizdə bildirmişik.
142 illik tarixə malik, siyasi əhəmiyyət daşıyan Teatrımızın sağlam kollektivinə qarşı Teatr sektorunun rəhbəri tərəfindən aparılan qərəzli münasibətin, Teatr sektorunun baş rejissorun əli ilə sağlam kollektivdə süni şəkildə yaratmağa çalışdığı qarşıdurmaların baş verməməsi üçün vəziyyəti nəzarətə götürmənizi Sizdən xahiş edirik.

DƏRİN HÖRMƏTLƏ!


Abunəlik