Balıq hovuzu ilə universiteti səhv salan professor

Baxılıb:1013
Balıq hovuzu ilə universiteti səhv salan professor

Bu yaxınlarda axar.az saytında həmkarım Anar Niftəliyevin “ecazkar” bir professor haqqında yazısı qarşıma çıxdı. Məsləyimiz gərəyindən araşdırılmağa açıq məqamlar çox olduğu üçün məndə böyük maraq oyandı ki, görəsən, bu Həbib Zərbəliyev kimdir və nə istəyir, bəlkə bir köməyimiz dəydi. Bizim işimiz xalqı maarifləndirmək, informasiyanın doğruluğunu dəqiqləşdirməklə yanaşı, həmçinin, real problemləri ictimailəşdirmək və yalan informasiyanın qarşısını almaqdır. Bu məqsədlə də, Həbib Zərbəliyevin səhifəsinə nəzər salanda, gördüm ki, məsələ heç də həqiqət və ədalət axtarışı deyil, zərb alətlərində təkrar-təkrar zərbə döyəcləyən ucuz mağar musiqiçiləri kimi Zərbəliyev də zərbi, xanədən kənar notlarla döyəcləyərək, 2017-2019-cu illərin züyünü tutmağa çalışsa da, sarı simi dınqıldada bilmir. Niyə bilmir? Çünki yazdıqlarına özü kimi, oxucuları da inanmır. 2-3 saxta profil və yaxın çevrəsindən başqa, onun yazdıqlarına oxumamış “like” qoyanlar isə Shofwan Anwar Abdul, Умутай Эралиева, Diah Retnosari, Gek Anick Rahayu kimi xarici vətəndaşlardır ki, onların da Azərbaycan dilində necə “mükəmməl” oxuyub-anlama qabiliyyətlərinin və yazılan mövzulara “hədsiz” maraqlarının olduğu aydın məsələdir. Üzülmədim desəm yalan olar. Adam gəlib 70 yaşa çatıb, dilçilik üzrə guya alimdir, öz oxucusunu (əgər varsa) aldadır, hörmət etmir, yazdıqları cəfəngiyyat, söz yığını, cümlələri dolaşıq. Nə həddimə, professora iş öyrədim, əsla! Zatən bu yaşdan sonra öyrənsə, nə dəyişər ki?
Nəisə, bu müəmmalı fikirlərlə yollandım universitetə, araşdırma aparmağa. Bitərəfliyi qorumaq məqsədilə, heç bir tərəfi fərdi danışdırmaq niyyətim yox idi. Ümumi rəyi öyrənmək niyyətində idim. İlk müsahiblərim Filologiya fakultəsinin tələbələri oldu. Həbib Zərbəliyevin müəllimlik fəaliyyətindən xeyli giley etdilər, təbii ki, onların hamısını hələki, yazmaq fikrində deyiləm, ehtiyac olarsa, yazaram. Qısaca şərh edim ki, Zərbəliyevin dərslərdə hədəfə aldığı zərb alətləri tələbələrin əsəbləri imiş. Onun dərs keçdiyi otaqda mütləq tribuna olmalıymış, yoxsa, bu adam peşəkar nüfuzunu tələbələrin önündə təbliğ edə bilmirmiş. Hətta Aysel adlı tələbə qeyd etdi ki, “öskürməyə belə çəkinirdik, qışqıracaqdı ki, dərsi pozdun. Bir dəfə dekanlıqdan tyutor dərs cədvəlinə əsasən, bütün fənlər üzrə həmişə olduğu kimi tələbələrin və müəllimin dərsdə olduğunu yoxlamaq məqsədilə qapını açıb örtdü. Həbib müəllim qəzəbli şəkildə “mənim kim olduğumu bilmirsən sən? Sən kimsən, özünü nə hesab edirsən gəlib mənim qapımı açırsan?!” deyərək, tyutoru bütün potokumuzun önündə ağlatmışdı. Sonra isə üzünü bizə dönərək, “bir dəqiqəyə onu işdən çıxartdıraram, Kamal Abdulla mənim dostumdur” demişdi. Bundan sonra, biz ondan daha da çox qorxmağa başladıq”.
Kamal Abdullanın adını eşidəndə barmağımı dişlədim. Bəli, bu həmin Kamal Abdulladır ki, nüfuzundan və adından dəfələrlə müxtəlif yerlərdə istifadə edən Həbib Zərbəliyev, Kamal Abdullanın dəstəyi ilə fəaliyyət göstərmiş, müəyyən vəzifələrdə çalışmış, natamamlıq kompleksini təmin etməyə çalışmaq üçün indi də Kamal Abdullaya qarşı gülməli cəbhə açmışdır. Bu yerdə bir rəvayət yadıma düşdü, qısaca yazım. Bir kişi evində ilan bəsləyirmiş, gecə-gündüz onu yemləyirmiş. Bir gün ilanı baytara aparır, soruşur ki, bu ilan bir həftədir mənə sarılıb yatır, yeməyi, çəkisi normaldır, lakin narahatam ki, xəstələnər bilmərəm. Baytar cavab verir ki, bu ilanı o qədər yaxşı bəsləmisən ki, böyüyüb, indi səni udmağa hazırlaşır, ona görə sənə sarılır ki, baxsın səni hansı tərəfdən udsa, daha yaxşı yerləşərsən. Belə! İndi bu Zərbəliyevin də hərəkəti mənə bu ilanı xatırlatdı. Kamal Abdulla, görünür, onu çox yaxşı bəsləyib, əzizləyib, indi də Zərbəliyev uzun dilini çıxarıb onu “udmağa” cəhd edir.
Tələbələrin vasitəsilə müəllimlərin də fikrini almağa müvəffəq oldum. Onlardan ikisi Filologiya fakultəsinin, biri Təhsil 1 fakultəsinin müəllimi idi. Adlarını açıqlamamı istəmədilər. Niyə? Səbəbləri dərindir. Müəllimlərdən ikisi AMEA-nın doktorantdır, müdafiə şuralarında opponentlik və rəyçilik uğrunda mübarizə aparan Həbib Zərbəliyevin qılıncının altından keçməyə, təbii olaraq ehtiyat edirlər. Əslində, belə bir qərəzli, qisasçı xarakterli adamın önəmli şuralarda yer alması peşəkarlıq və əxlaq baxımından nə qədər doğrudur, vaxt gələr, bu mövzuya da qayıdarıq.
Məlum oldu ki, hələ Kamal Abdulla Bakı Slavyan Universitetində rektor işləyəndə Həbib Zərbəliyev müdafiə şuralarının üzvü imiş, müdafiə edən dissertantlara hələ o vaxtdan tilova düşəcək balıq kimi baxırmış. Elmi işlərin redaktəyə ehtiyacı olsa da, olmasa da redaktə adı altında məcburi şəkildə tədqiqatçıdan vəsait tələb edir, bəzilərinə isə opponentlik edərək hədə-qorxu gəlib ondan vəsait alırmış. (Konkret tədqiqatçıların adları və məcburi redaktəyə verdikləri məbləği də açıqlamaq mümkündür).
Kamal Abdulla Azərbaycan Dillər Universitetinə rektor təyin ediləndən sonra etibar etdiyi, Həbib Zərbəliyevin təqdimatını o vaxtki Təhsil Nazirinə ünvanlayır ki, Zərbəliyev Elmi işlər üzrə prorektor təyin edilsin. Allahdan, bu dəfə ADU-nun müəllimlərinin və tələbələrinin bəxti gətirir, təqdimata müsbət rəy verilmir, cavab gəlir ki, biz nazirlikdən qovduğumuz adamı prorektor təyin edə bilmərik. Bu zaman, Kamal Abdulla inadından dönmür, sadəlövhcəsinə, onu Elm Şöbəsinə müdir təyin edir. Zərbəliyev şöbə müdiri olsa da, güvənini qazanmış rektorun kölgəsindən istifadə edərək, özünü saray vəziri elan edir, Elmi işlər üzrə prorektordan da daha geniş səlahiyyətlərə sahib olur, bununla da, ADU kollektivinin qara günləri başlayır. Elmi tədqiqat işi adı altında balıq ovuna vərdiş edən professor, “balıq olmayan yerdə xərçəng də balıqdır” devizi altında tilovunu işə salır, hücum çəkir müəllimlərin canına. Balıq tutan suyu bulanıq istər, ona görə də, elmi tədqiqat işlərinin yazılması ilə bağlı gündə bir kəskin qərar verən balıqtutan, suyu o qədər bulandırır ki, naşı tədqiqatçıların bəzilərinin işini üstünə tullayaraq ağladır, bəzilərinə şeir söyləyərək, bəzilərindən redaktə adı altında vəsait tələb edərək, bəzilərinin çayını üfləyərək, bəzilərinə 18+ tapmacalar səsləndirərək, “balığı haçan tutsan təzədir” prinsipiylə peşəkar fəaliyyət göstərməyə başlayar. Bu sahədə peşəkarlığı, yəqinki, onun Salyanda sahib olduğu balıqçılıq hovuzlarından əldə etdiyi metodlarından qaynaqlanır. Hətta, balıqçı professor tilovuna düşən “iri balıqlara” plaqiat çıxmış işlərində AAK-ın tələblərindən yan keçməyin yollarını öyrədərək bəzi sözlərdə şifrə dəyişməyi, “o” hərfini “sıfır” kimi yazmağı və s. düsturvari düzəlişləri məsləhət görərək peşəkarlığını sərgiləyirmiş. Saylardan, rəqəmlərdən xoşu gələn Zərbəliyevin özünün də elmi işi saylarla bağlı imiş… İndoneziya dilində saylar… Maraqlıdır, deyilmi? Adam İndoneziya dilində indoneziyalılara saylar haqqında onların bilmədiyi nəyi sübut edə bilər ki? Bu yaxınlarda doktorantlardan birinin bir çətinliyi ilə tanış olmuşdum. Alman dilinin qrammatikası ilə bağlı Almaniyanın nüfuzlu jurnalına məqalə yazıb göndərmişdi. Ona cavab gəlmişdi ki, Axı, siz bizim alman dilinin qrammatikası ilə bağlı bilmədiyimiz nəyi tədqiq edə bilərsiz ki, bir yenilik olsun? Hələ bu bir məqalə idi. Bu baxımdan, Həbib Zərbəliyevin İndoneziya dilindəki “kəşfi” və yenilikləri xüsusi maraq doğurur. Bu barədə qalsın, növbəti yazımıza… İndoneziya universitetlərindən birinə Zərbəliyevin elmi araşdırması ilə bağlı ünvalanan müraciətin cavabı, elmi işin nəticəsi və orijinallığı ilə bağlı yekun qərardan sonraya …
İndi gələk AAK-da vəzifə tutmaq məsələsinə. ADU-da müəllimlər üzərindəki “terror aktının” səsi-sədası Kamal Abdullaya çatdıqdan sonra Zərbəliyevi işindən azad edir. Boş qaldığı üçün darıxdığından “Tülkü Həccə gedir” nağılındakı kimi, professor kürkünə sarılıb əlinə əsasını alan Zərbəliyev seminarları ləğv edilmiş dissertantları başına toplayıb, AAK-a yeni sədr təyin edilən Famil Mustafayevə hücuma keçir. Məqsədi, guya, dissertantların mövqeyini qorumaq olan professorun əsas tələbi AAK-ın bir qurum kimi ləğv edilməsi idi. O, bununla bağlı silsilə yazılar yazır, tənqidlər, lənətlər yağdırır. Uzun müddətli atəş-fəşandan sonra Kamal Abdullanın sülh yaratma məqsədi və aracılığı ilə Zərbəliyevin top atəşi dayanır, o, AAK-ın ekspert şurasının üzvü kimi fəaliyyətə başlayır. Zərbəliyev AAK-da özünə yer edən kimi, 180 dərəcə mövqeyini dəyişərək, AAK-ın əslində, lazımlı qurum olduğu bəyan edir, hətta, AAK-ın ləğv olunmasını söyləyənləri də lənətləyir. Sayların məftunu olan, çalışdığı hər qurumda “sıfır” kimi fəaliyyət göstərən “alimin” düsturu sıfrı nəyə vursan sıfır etdiyindən, nə qədər vursa da, çıxsa da, toplasa da, yıxsa da dəyişməz olaraq qalır. Elə buna görə də, redaksiyamızın əldə etdiyi məlumata əsasən, AAK-ın nüfuzuna xələl gətirən Zərbəliyev bu yaxınlarda həmin qurumdan uzaqlaşdırılıb. Atalar yaxşı deyib, yamana aş versən də, iş vermə.
Təəssüf ki, sıfırda qalsaydı daha yaxşı olardı, əksinə, onun fəalliyyəti koordinat oxunun bağlanğıc nöqtəsindən minusa doğru yol alıb. Belə ki, əvvəllər AMEA-nın Dilçilik İnstitutunda işləyib, Tofiq Hacıyev onu yararsız fəaliyyətinə görə qovub, sonra hansı yollarlasa Təhsil Nazirliyinə işə düzəlir, Mikayıl Cabbarov nazir təyin olunan kimi onu işindən uzaqlaşdırır, bundan əlavə, o vaxtki Xalq Təsərrüfatı (İndiki İqtisad Universiteti) İnstitutunda gizli akademik heyətin gizli səsverməsində adı yeşikdə qalır, seçilmir, hətta deyəsən, Prezident yanında İdarəçilik Akademiyasından da, Slavyan Universitetindən də yarıtmaz fəaliyyətinə görə işdən uzaqlaşdırılıb. Dillər Universitetinin QS reytinqdə 300-cü yerlərdə qərar tutmasını, “Kitabi Dədə Qorqudu”, universitet heyətini lağa qoyduğu, kinayə ilə ələ saldığı üçün universitet kollektivini də özünə qarşı qaldırır, nəhayət, fakultə elmi şurasının 17 nəfər üzvündən 15 nəfər üzvü onun əleyhinə səs verməklə, universitetdən xaric edilməsinə nail olurlar, növbəti dəfə adı yeşikdə qalır, seçilmir. Beləcə, onun fəaliyyəti şaquli xətt üzrə mənfi sonsuzluğa doğru hərəkət istiqaməti ilə davam edir.
Buqələmun kim rəng dəyişdirən bu professora indi hansı müəllim, hansı alim, hansı tədqiqatçı inana bilər axı? Ona görə də istər ziyalılar, istər mətbuat nümayəndələri maraq göstərmir onun fikirlərinə. 40 ilə yaxın Kamal Abdullanı tanıyan, onunla “dostluq” edən, onun adından və nüfuzundan istifadə edən Zərbəliyev indi sanki birdən-birə Kamal Abdullanı yenidən kəşf edib? Əgər təsvir etdiyi qədər mənfiliklər var idisə, onda bu “elm fəaisi”, “ədalət düşkünü” 40 ildə niyə susub, niyə Kamal Abdullanın yanında olub, niyə onun adından hər yerdə istifadə edib? Yalan danışan hamını qanmaz bilər. Yəni deməyim odur ki, əgər Zərbəliyev bu boyda yalanları oxucusuna sırımaq istəyirsə, deməli, onları sadəlövh, avam hesab edir. Uydurmanın da bir sərhəddi olar da, vallah! Hələ yazılarından birindəki bu iddiaya baxın, adam bilmir gülsün, ya professorun halına acısın: Kamal Abdulla sən demə, eyni zamanda, 4 vəzifə tutmaq istəyirmiş. Bəlkə, doğrudan da, biz bilmirik, Kamal Abdullanın super gücü, teleport edilmə bacarığı da var ki, o, eyni anda həm universitet rektoru, həm AMEA-nın prezidenti, həm AAK-ın sədri, həm də Elm və Təhsil Naziri ola bilsin.
Yosef Göbbelsin nəzəriyyəsinə görə, yalanı nə qədər böyük deyirsənsə, de, onu dəfələrlə təkrar etdikcə inanlar tapılacaq. Amerika, Rusiya kəşfiyyatları bu prinsiplə işləyə bilər, lakin Zərbəliyevin yalanları olan qalan oxucusunu aldatmaqdan, müraciət etdiyi ünvanlara hörmətsiz münasibət sərgiləməkdən başqa bir işə yaramır. Hələ düşünmür ki, belə kəşfiyyatçılar onun öz şübhəli keçmişi araşdırsalar ortaya nələr çıxar, Allah bilir?!
Əgər, həqiqətən də, iddia etdiyi saxta diplom məsələsi varsa, 2017-2019-cu illərdə həmin universitetdə çalışdığı və cinayət olubsa, gözyumduğu üçün Həbib Zərbəliyev də (haqqında əvvəl qeyd etdiyimiz iddialar da öz yerində), müvafiq dekanlar da, Tədris işləri üzrə prorektor da, hüquqşünas da, hətta həmin dövrün Təhsil Nazirliyinin nümayəndələri də məsuliyyətə cəlb edilməlidirlər. Rektor icraçıdır, ona əmrin təqdimatını Tədris işləri üzrə prorektor, dekan və hüquqşünas imzalı şəkildə təqdim edir. Bunu bilmir, görəsən, professor? Bilir, sadəcə, universitetdə xaotik vəziyyət yaratmağa çalışsa da, baş qarışdırmaq üçün ortaya çeynənmiş və bayağı mövzular atsa da aşığın sözü qurtaranda nanay-nanay dediyi kimi Zərbəliyev də bəm səsilə zilə qalxmaq istəsə də alınmır.
Dünənə qədər diskussiya apara bilərik deyə düşünürdüm, lakin son yazılardan başa düşdüm ki, vəziyyət daha kəskindir, artıq Zərbəliyevin müzakirəli terapiyaya deyil, stasionar müalicəyə ehtiyacı var. Paranoik hallar və hallusinativ vəziyyət ambulator şəraitdə daha da kəskinləşə bilər. Həkim səbəbdir, şəfa haqdandır. Şəfasını inandığından diləyirəm.

Pərvin Abışova/AzTimes.az/


Abunəlik