Milli parkın rəhbərindən qadına təklif-SİKAYƏT

Baxılıb:744
Milli parkın rəhbərindən qadına təklif-SİKAYƏT

Ekologiya və təbii sərvətlər nazirliyinin ölkə ərazisində qanunsuz fəaliyyəti göz qabağındadır. Təbiəti, təbii sərvətləri qorumalı olan bir təşkilat, elə sadaladıqlarımız şeylərə qənim kəsiliblər. Şikayət edən vətəndaşlar isə bu yazıdakı vətəndaş kimi təhqir, təhdid və şantaj olunur.
Lənkəran rayonu Türkəncir kənd sakini Bayramova Yazgül Sahil qızı Hirkan dövlət qoruğunda baş verən hadisələri lazımı dövlət qurumlarının diqqətinə çatdırdığı üçün elə bu qurumun rəhbəri və əməkdaşları tərəfindən sözün əsl mənasında təhdid olunur.
Yazgül xanım yazır: Mən ekologiya və təbii sərvətlər nazirliyindən Hirkan milli parkında baş verən qanunsuzluqların aradan qaldırılması üçün müraciət etmişəm və yoxlama tələb etmişəm. Mənimlə departament və nazirliyin nümayəndəsi Firudin Əliyev cənabları əlaqə saxladı. Ərazidə müdir Aqil Sicayevin rəhbərliyi ilə yoxlama aparıldı. Onlar məndən ərizəmin geri götürülməsini istədilər və məni aldatdılar ki, sənə idarədə iş verəcəyik. Hansı ki, onlar mənim həyat yoldaşımı şərləyərək işdən azad ediblər. Mərkəzin direktor müavini İmamverdi İbrahimov mənimlə telefon əlaqəsi saxlayıb məni Hirkan qoruğunun rəhbərliyinin görüşünə dəvət etdi. Mənə dedi ki, gəl rəhbərlik sənə kömək etmək istəyir. Məni aldatdılar ki, övladının təhsil haqqını verəcəyik. Ancaq görüş zamanı Hirkan qoruğunun rəhbərliyi məni ağır nəlayiq söyüşlərlə təhqir etdi. Onlar məndən yerli bələdiyyənin əleyhinə izahat alıblar. Mən izahatı geri istədim, vermədilər. Sahənin müfəttişi içkili vəziyyətdə zəng edib məni aşağılayır. Mən Aqil Sicayevin mənə hər ay pul verməsi təklifindən imtina edib ona dedim ki, sənin pulun mənə lazım deyil. Həyat yoldaşımı işinə qaytar. Mənim kredit borcum var, axı belə olmaz. Bu dəfə onlar məni aldadaraq müxtəlif dövlət orqanlarına göndərdilər ki, get tapşırıq var səni işlə təmin edəcəklər. Onlar məni alçaltdılar, qürurumla oynadılar. Mən haqqımı tələb edən kimi Aqil Sicayev məni polislə hədələyir. Bu hörmətsizliyə görə hətta intihar etmək istədim. Məndən bələdiyyə əleyhinə izahat alarkən, həmin məkanda Müdir Aqil Sicayev, sahə müfəttişi Əsəd, direktor müavini İmamverdi İbrahimov və meşəbəyi İlqar olub.Mənə dedilər ki, bələdiyyənin əleyhinə izahat ver, get sənədlərini yiğ-gətir, səni işə qəbul edəcəyik. Mən izahat yazanda İmamverdi İbrahimov telefonla şəklimi çəkib və indi xəbər edir ki, əgər bu işlərlə bağlı şikayət etsən, səni foto montaj edib biabır edəcəm. Mənim ailəm, uşaqlarım var. Bu nə özbaşnalığdır? Kimdir bunlara havadarlıq edən? Aqil Sicayev ixtisasca ədəbiyyat müəllimidir. Məgər ixtisaslı kadrlar yoxdur ki, onu bu vəzifəyə təyin ediblər?

Mən prezident cənab İlham Əliyevə, H.Əliyev fondunun birinci vitse prezidenti Leyla Əliyevaya, Dövlət əmək müfəttişliyinin rəisi cənab Fuad Heydərova və sairlərə müraciət edərək köməklik istəyirəm. İmkan verməyin ki, belə azğın məmurlar bir Azərbaycan qadınının qüruru ilə oynasın, onu və övladlarını ac qoysun.

İstinad/azinfo.tv





































Abunəlik