…Zavriyevin silahlı quldur dəstələri Ərzurum ərazsində qırğınlar həyata keçirirlər
AzTimes.az 10 – 11 fevral tarixlərində baş vermiş mühüm hadisələri sizə təqdim edir.
10 fevral 1124-cü il…
Çar IV David Azərbaycanın Şabran qalasını ələ keçirir.
10 fevral 1828-ci il…
Rusiya ilə İran arasında Təbriz-Tehran yolunun üstündə, Təbriz yaxınlığındakı Türkmənçay kəndində “Türkmənçay müqaviləsi” imzalanır. Bununla da 1826-1828-ci illər davam edən Rusiya-İran müharibəsinə son qoyulur. Azərbaycan torpaqlarının hər iki dövlət arasında bölüşdürülməsi başa çatır.
Müqavilənin şərtinə əsasən Naxçıvan xanlığı, Ordubad dairəsi, İrəvan xanlığı da Rusiyaya birləşdirilir. Azərbaycan rəsmi olaraq 2 hissəyə parçalanır. İran Rusiyaya 20 milyon manat gümüş pulla təzminat verməyi öhdəsinə götürür.
“Türkmənçay müqaviləsi” Xəzər dənizinin Rusiyanın daxili dənizi olmasını, orada hərbi donanma saxlamaq hüququ haqqında 1813-cü il “Gülüstan” müqaviləsinin şərtlərini təsdiqləyir. Rusiya Abba Mirzəni İran taxt-tacının vəliəhdi kimi tanıyır. Hər iki dövlər səfarətxana açmağı nəzərdə tutur.
Müqavilənin 15-ci bəndinə əsasən, erməni əhalisinə İrandan Cənubi Qafqaza köçməyə icazə verilir. “Türkmənçay müqaviləsi” Rusiya-İran müharibələrinə son qon qoyur, Azərbaycan xalqının və Azərbaycan torpaqlarının iki yerə bölüşdürülməsini başa çatdırır.
İranın Zaqafqaziyaya iddialarına son qoyan “Türkmənçay müqaviləsi” 1828-ci il martın 20-də Rusiya, iyulun 3-də İran tərəfindən təsdiq olunur. Türkmənçay danışıqlarında rus yazıçısı A.S.Qiboyedov və A.A. Bakıxanov da iştirak edirlər.
10 fevral 1918-ci il…
Qəddarlıqda ad çıxarmış Andranik və Zavriyevin silahlı quldur dəstələri Ərzurum ərazilərində bəşər tarixində silinməz qanlı ləkə kimi qalan qırğınlar həyata keçirirlər.
Şəhərin hər tərəfinə səpələnmiş quldurlar qocaya, uşağa, qadına, kişiyə fərq qoymadan qarşılarına çıxan müsəlamanları yol çəkmək bəhanəsi ilə Qars qapısının qarşısına gətirərək, orada hamısını soyub talayır və əvvəlcədən qazıb hazırladıqları xəndəklərə doldururlar.Evləör talan olunur, qadınlar zorlanır, küçələr meyitlə dolur.
2 həftə sonra türk ordusu şəhəri işğalçılardan azad edəndə küçələrdə 2.127 kişi cəsədi aşkarlanır. Təkcə Qars qapısı yanında 250 cəsəd tapılır. Bütün Ərzurum ərazisində 8 000-dən çox dinc, günahsız insan erməni-rus hərbi birləşmələri tərəfindən qanına qəltan edilir.
10 fevral 1920-ci il…
Erməni quldurları Gəncə qəzasının 9-cu sahəsinə daxil olan Şişqaya, Sadarağac və Hacı Qəriblər kəndlərinə basqın edirlər. Əhalinin çox hissəsi qətlə yetirilir. Sağ qalanlar ev-eşiyindən didərgin düşür. Qaçqınlardan 30 nəfəri don vurmadan ölür.
10 fevral 1992-ci il…
Erməni silahlı birləşmələri Şuşanın Malıbəyli kəndi istiqamətində güclü hücuma keçirlər. Malıbəyli, Aşağı Quşçular, Yuxarı Quşçular kəndlərinin könüllü döyüşçüləri, eləcə də onlara köməyə gəlmiş az sayda olan Milli Ordu əsgərləri ermənilərlə Malıbəyli kəndinin girəcəyində şiddətli döyüşə girirlər.Bir neçə döyüşçü şəhid olur və yaralanır.
11 fevral…
11 fevral 1725-ci il…
Rusiya Xarici İşlər Kollegiyasının qərarı ilə Xəzəryanı vilayətlərə, eləcə də Azərbaycana çoxlu sayda erməni və rus ailələrinin köçürülməsi (bu çar Rusiyasının ermənilər vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək siyasətinin (çar I Pyotr sələflərinə bu siyasəti vəsiyyət etmişdi) ilk praktiki addımı idi) planlaşdırılır və həyata keçirilir.
11 fevral 1829-cu il…
Rusiyanın Tehrandakı səfiri, “Türkmənçay” müqaviləsindən sonra erməni əhalisinin İrandan Azərbaycana köçürülməsində xüsusi fəallıq göstərən Aleksandr Qriboyedov bir qrup dindarın Rusiya səfirliyinə basqını zamanı qətlə yetirilir. Bu hadisədən sonra İran şahı Rusiya ilə münasibətləri sahmanlamaq və sairə məqsədlər üçün Peterburqa böyük miqdarda qızıl və daş-qaş göndərir.
11 fevral 1906-cı il…
İrəvan mahalının 25 kəndinə hücum edən daşnak terrorçuları həmin yerlərlərdə sayı bilinməyən amansız qətliamlar törədirlər.
11 fevral 1988-ci il…
Xankəndi şəhərində ermənilərin kütləvi toplantısı keçirilir.
11 fevral 1992-ci il…
Goranboy rayonunun Zeyvə kəndi ermənilər tərəfindən müxtəlif növ silahlardan atəşə tutulur, 6 ev dağıdılaraq yandırılır.
11 fevral 1992-ci il…
Qarabağın dilbər guşəsi olan və Şuşanın 15 km şimal-şərqində, Xankəndinin isə cəmi 2-3 kilometrliyində yerləşən Malıbəyli və Quşçular kəndləri erməni silahlı birləşmələrinin güclü hücumu nəticəsində işğal olunur.
Azərbaycan tarixinə qara hərflərlə yazılan və qarabağ müharibəsinin ən qanlı faciələrindən olan Malıbəyli-Quşçular faciəsi baş verir.
Təxminən 2500 nəfərlik əhali soyuq, şaxtalı fevral günündə səhər saatlarından başlayaraq, keçilməz dağ-meşə yolu ilə ağır və üzücü 17 kilometr məsafəni qət edib, axşam saat18:00-da Ağdam rayonunun Abdal və Gülablı kəndlərinə yetişir.
Bu faciədə yerli sakinlərdən,
Abdullayev Rafiq İsmayıl oğlu,
Alıxanov Nazim Qulam oğlu,
Allahverdiyev Əli Aydın oğlu,
Quliyev Aydın Ərşad oğlu,
Quliyev Nicat Tofiq oğlu,
Quliyev Çərkəz Əliqulu oğlu,
Quliyev Rafiq Mustafa oğlu,
Eyvazova Fizzə Cümşüd qızı,
Əhmədov Gündüz Valeh oğlu,
Əhmədov Möhsüm Əbdürrəhman oğlu,
Kərimov Haqverdi Tapdıq oğlu,
Mehdiyev Ədalət Əlqəmə oğlu,
Mədətov Cavid Adil oğlu,
Mədətov Cəsarət Bayram oğlu,
Mədətova Yeganə Dadaş qızı,
Fərhadov Elşən Barat oğlu,
Xudiyev Sərdar Bağdadur oğlu,
Hümbətov İnqilab Niftalı oğlu,
Zeynalov Qaryağdı Əsgər oğlu,
Zeynalova Nübar Kərim qızı,
Zeynalova Səriyyə Tağı qızı həlak olurlar.
Sakinlər evlərindən çöp də götürə bilmirlər. Kəndin müdafiəçiləri qadınların, uşaqların, qocaların düşmən əlinə keçməməsi üçün təpədən-dırnağa qədər silahlanıb irəliləyən vəhşi ermənilərlə demək olar ki, əlbəyaxa döyüşür, tələfat verərək geri çəkilməyə məcbur olurlar. 100-dən çox adam yaralanır.
Ermənilər tərəfindən vəhşicəsinə yandırılan tarixi-memarlıq abidələri ilə zəngin olan Malıbəyli və Quşçular kəndlərinin tüstüsü ərşə çıxır.
Köməksiz qalan bu kəndlərin camaatı düşmən pəncəsində pərən-pərən düşür. 5 nəfər yaşlı sakin kəndi tərk edə bilmir, erməni terrorçuları onları amasızlıqla qətlə yetirirlər.
Bir ana 3 aylıq körpəsini beşikdən götürə bilməsə də, namusunu düşməndən xilas edə bilir.
Bu faciə zamanı tarixdə misli-bərabəri görünməmiş bir hadisə də baş verir: bir ata düşmən gülləsindən ağır yaralanmış 17 yaşlı oğlunu aparmağın mümkünsüzlüyünü görüb həmin yeniyetmənin təkidli arzuları (“Ata, yalvarıram, məni erməniyə qoymayın!”, “ata məni özün vur!”) “əməl edir”. Ata oğlunu üzüqoylu yerə uzadıb, əlindəki silahını əlindəkini silahın lüləsini onun başına dayayır, gözlərini yumaraq tətiyi çəkir. (Həmin atanın o anda hansı hisslər keçirdiyini təsəvvür etmək belə mümkün deyil) Silahdan güllə açılmır. O, ikinci dəfə əlləri əsə-əsə atəş açır. Yenə də güllə açılmır. Oğlan yaralı vəziyyətdə orada qalır. Onun ölüb-qaldısından sonralar da bir dəqiq xəbər yoxdur.
Bəzi adamlar mərmi və güllə yağışlarının qurbanı olsalar da, kənd camaatının müəyyən hissəsi silahlı kənd cavanlarının igidliyi (onlar cəmisi 58 nəfər idi və yolboyu bir neçə erməni postunda düşmənlərlə vuruşmalı olmuşdular) və bir də möcüzə nəticəsində ölümün caynağından xilas ola bilirlər.
11 fevral 1992-ci il…
Əsgərana hücum hazırlansa da, respublika rəhbərliyi buna imkan və icazə vermir. Ağdamdakı hərbi qüvvələrin gücündən yetərincə istifadə olunmur.
11 fevral 2009-cu il…
Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytnant Rail Rzayev evinin yaxınlığında (o zamanın Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun evinin bir addımlığında) naməluf şəxs və ya şəxslər tərəfindən faciəli surətdə qətlə yetirilir. Qatil və ya qatillər hələ də məlum deyil.
Cəmil Məmmədli /AzTimes.az/