Tarixi yazan qəhrəmanlar- REPORTAJ
Bugün Göyçayda ermənilərə qarşı tək vuruşan türk əsgərinin ailəsində qonaq olduq.
Erməni daşnaklarının 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımı Göyçaydan da yan keçməyib. Rayonun Qarabaqqal kəndində bir həftə aramsız döyüşlər gedib. Bu döyüşlərdə yerli sakinlərlə bərabər, 13 türk zabiti, 235 əsgər şəhid olub. Azərbaycanlılara köməyə gələn Nuru Paşanın komandanlığı altında vuruşan Osman Dədəoğlu adında bir əsgər həmin hadisələr zamanı yaralanaraq Göyçayda qalıb.
Türk əsgəri Osman Dədəoğlunun qızı Rəsmiyyə Osmanqızı bu barədə danışarkən deyib: “Atamgil gələnə qədər Qaraməryəmdə, Bığır kəndində ermənilər çox qırğınlar törətmişdilər. Evləri yandıraraq viran qoymuş, uşaqlara, körpələrə zülm etmişdilər. Türk əsgərlərinin gəlməsi, eləcə də azərbaycanlıların da köməyi nəticəsində erməniləri bu torpaqlardan qovmağa nail oldular”.
Göyçayın Cəyirli kənd sakini Rəsmiyyə Osmanqızının atası Osman Dədəoğlu Türkiyənin Tekirdağ vilayətinin Saray qəsəbəsində anadan olub. Rəsmiyyənin atası Nuru Paşanın komandanlığı altında Azərbaycana xilaskarlıq missiyası ilə gələrkən 28 yaşında idi. Osman Dədəoğlu erməni daşnakları ilə döyüşdə yaralandığı üçün Azərbaycanda qalır. Sonra sərhədlər bağlandığından Türkiyəyə qayıda bilmir. Rəsmiyyə Osmanqızının sözlərinə görə, 1922-ci ildə, yəni sovet hakimiyyəti dövründə Osman Dədəoğlunu türk əsgəri olması səbəbindən onu Sibirə sürgün edirlər. 15 il sürgündən sonra yenidən Göyçaya gəlir və 1984-cü ilə qədər bu rayonda yaşayır.
Sibirə sürgün olunmazdan öncə Göyçayın Cəyirli kəndində ailə quran Osman Dədəoğlunun bir oğlu, sürgündən sonra isə iki qızı olub. Osman baba Türkiyədə qalan qohumlarına dəfələrlə məktub yazıb. Amma onun ilk məktubu yalnız 1949-cu ildə Türkiyənin Tekirdağ vilayətinin Saray qəsəbəsinə çatır. O, məktubda Sovet İttifaqının tərkibində olan qardaş türk respublikasında – Azərbaycanın Göyçay rayonunun Cəyirli kəndində yaşadığını qeyd etmişdi. 30 ildən sonra Osmanın sağ olmasını bilən qardaşı Hüseyn göz yaşları içərisində cavab məktubu yazır. Osman babanın nəvəsi Taleh Cəbrayılovun sözlərinə görə, Osman Dədəoğlu qohumları ilə 1975-ci ilə qədər məktublaşıblar.
1984-cü il avqustun 8-də Osman baba gözlərini əbədi yumur. Onun ölümündən sonra Göyçaydan Tekirdağa xeyli məktub yazılsa da, yalnız 20 ildən sonra bu məktubların birinə cavab gəlir: “Mən Səbri Dədəoğlu. Osman mənim əmimdir…”. Göyçaya gələn Səbri əmisinin qəbrini ziyarət edir.
2009-cu ildə Osman Dədəoğlunun nəvəsi Taleh Türkiyəyə gedərək babasının qohumlarını taparaq onların qonağı olub. Bu hadisə Türkiyədə böyük rezonans doğurub və bir neçə il öncə Səlma Akın adlı türk yazıçı Göyçaya gələrək Osman Dədəoğlu haqqında kitab yazıb.
Xatırladaq ki, 1918-ci ildə Göyçay savaşında şəhid olan türk əsgərlərinin böyük bir hissəsi və yaralılar Gəncəyə aparılıb. Şəhidlər Gəncə, Xanlar (indiki Göygöl) və Goranboy qəbiristanlıqlarında dəfn edilib. Bəzi şəhidlər isə İslam adət-ənənəsinə uyğun olaraq qanlı libasları ilə şəhid olduqları yerdə torpağa tapşırılıb. Bu məzarların bəziləri Göyçay, Qaraməryəm, Bığır və İsmayıllıdadır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Göyçayın Bığır kəndi ərazisində olan abidə Göyçay-Qaraməryəm döyüşlərində şəhid olaraq əbədiyyətə qovuşan 13 türk zabitinin, 235 əsgər və çavuşun şərəfinə ucaldılıb.
Davud TARVERDİYEV, Goyçay /AzTimes.az/
12 thoughts on “Tarixi yazan qəhrəmanlar- REPORTAJ”