Şəhidlik sevgisi

Baxılıb:196
Şəhidlik sevgisi

SONSUZLUĞA GEDƏN YÜRÜŞ

Tarixin qəhrəmanlıq səhifəsini qəhrəmanlar qanla yazırlar. O səhifəni vərəq – vərəq çevirdikcə neçə-neçə igidlərin şücaəti oxunur.
Əzəl gündən düşmənin işğalına məruz qalan Azərbaycan torpaqları uğrunda çox qəhrəmanlar öz canlarından keçiblər. İllərlə davam edən atəşkəs adı altında hər gün atəşə tutulan vətən dərdinə daha ürəklər tab etmirdi. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə vətən torpağına açılan atəş vətən övladlarının səbrini daşırdı.İntiqam hissi ilə döyünən ürəklər vətənin azadlığı naminə bir yumruq kimi birləşdilər. Dörd bir yandan vətənə açılan atəşə əsgərlər canlarını sipər etdilər. Vətən yaralanmasın, vətən paralanmasın deyib sonsuzluğa gedən yürüşə çıxdılar. Bəli, sonsuzluğa gedən yürüşə… Həmin qəhrəmanlar bilirdilər ki, çıxdıqları yolun geri dönüşü olmaya bilər. Rütbəsindən asılı olmayaraq hər vətən keşikçisi azadlığın müjdəçisi olmağa tələsirdi. Quduzlaşmış ermənilərin bir vəhşi kimi didib, parçaladığı vətənin qanayan yarasına məlhəm olmaq vaxtı idi. Düşmən tapdağında qalan vətən torpağına azərbaycanlı əsgərlərin qədəm basması sanki vətənin üzünü güldürdü. Torpağa damlayan hər damla qan vətən torpağı üçün bir məlhəmə çevrildi. İtirilən əzalar, verilən canlar Azərbaycana can oldu. Sızım-sızım sızlayan yaralı Azərbaycan qismən ağrı – acılarını unutdu.İllərdi günəş şəfəqi saçılmayan vətənə illər sonra günəş şəfəq saçdı.Vətənin dörd bir yanına gətirilən şəhid nəşləri azadlığın müjdəçisi oldu. Tarixin yaddaşında Şanlı tarix kimi yazılan dörd günlük müharibə bu vətənin müqəddəratını dəyişdi.Həmin döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi. Ordumuz Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yolları düşməndən azad etdilər. Bu azadlıq asan əldə olunmadı. Neçə-neçə qəhrəman oğullarımız vətən torpağına can fəda etdilər. Şəhid olub ruhları şəhadətə ucalan qəhrəmanları xalq öz ürəyinə dəfn etdi.
Qəhrəman oğulların yetirdiyi zəfər sədası göz yaşı tökən vətənin üzünü güldürdü. Neçə evin qapısına üç rəngli bayraq kölgə saldı. Zirvələrdə dalğalanan vətən bayrağı şəhadət zirvəsini fəth edən şəhidlərin cansız bədənini bükdü. O şəhidlərin verdikləri son nəfəslə bu vətən canlandı. İllər keçəcək tarixlər dəyişəcək ancaq Aprel döyüşləri bu tarixin yaddaşında  qəhrəmanlıq səlnaməsi kimi əbədi həkk olunacaq.

Mehriban SADIQOVA /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir