Tarixdə bu gün
21 mart 1828-ci il…
Çar höküməti (I Nikolay) tərəfindən İrəvan və Naxçıvan xanlıqları ərazilərində “Erməni vilayəti yaradılması haqqında” fərman verilir. İrəvan xanlığına, burdakı müsəlman aləminə son qoymaq, burada erməni xristian dövləti yaratmaq proqramının həyata keçirilməsi yolunda cəsarətli və əməli addım atılır. Bununla da qədim Azərbaycan yurdları olan İrəvan, Naxçıvan, Ordubad bölgələrində erməniləşmə siyasəti həyata keçirilməyə başlayır. Rus çarı “erməni vilayətlərinin” yaradılması haqqında qərar imzalayır. İrəvan, Naxçıvan xanlıqlarında və Ordubad bölgəsində erməniləşmə siyasətinə başlanır. “Erməni vilayəti” tərkibində İrəvan vilayəti, Naxçıvan əyaləti və Qarabağ dairəsi, onların tərkibində isə mahallar təşkil olunur. Rusiyanın əli ilə süni surətdə 15 mahaldan ibarət “Erməni vilayəti” yaradılır. General- mayor A.Çavçavadze vilayət idarəsinin rəisi təyin edilir.
Tarixin sonrakı dönəmində ermənilər Azərbaycan əraziləri hesabına xeyli torpaqları mənimsəyirlər.
21 mart 1918-ci il…
Hamazasp və Anastas Mikoyanın əmri ilə İçərişəhərin girəcəyindəki binanı erməni saqqallıları kerosin tökərək yandırırlar.
21 mart 1918-ci il…
Erməni quldurları Novruz bayramı günündə Pəmbək Azərbaycan kəndində 13 yaşından yuxarı olan 411 nəfər azərbaycanlını diri-diri yandırırlar. Azərbaycanlılar yaşayan Arqut kəndində 60 adam amansızlıqla qətlə yetirilir, onlardan 12 nəfərinin başı kəsilir. Gözəldərə Azərbaycan kəndində 100-dən çox dinc sakin erməni yaraqlıları tərəfindən vəhşicəsinə qətlə yetirilir. Meşəyə qaçan bir dəstə qadın erməni terrorçularına əsir düşməmək üçün özlərinə qəsd edirlər.
21 mart 1918-ci il …
Ermənilər Urmiyada 1000-dən çox günhasız müsəlmanı qətlə yetirir.
21 mart 1919-cu il…
Silahlı erməni daşnakları Naxçıvan bölgəsində qarşılarına çıxan bir neçə kəndi dağıdaraq əhalisini qırırlar.
21 mart 1919-cu il…
Erməni silahlı birləşmələri İrəvan mahalının Qaraağac, Qədili, Qarabağlar, Ağasıbəyli, Dəhnəz, sağanlı kəndlərinə yenidən hücum edərəkəhalini qətlə yetirirlər. Kişilərə divan tutulur, qadınlar əsir götürülür.
21 mart 1920-ci il…
Novruz bayramı gecəsi silahlanmış erməni-daşnak qüvvələri Qarabağın bir sıra yaşayış məntəqələrində, eləcə də Əsgəranda Cumhuriyyət ordusunun postlarının üzərinə hücuma keçir və bu postlarda dayanan azsaylı qüvvələri məhv edir. Beləliklə Əsgəran keçidi bağlanır. Xankəndi və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşür. Qarabağda və Gəncəbasarda erməni silahlıları Xalq Cümhuriyyətinə qarşı qiyam törədirlər. Cümhuriyyət həmin bölgələrə əlavə qüvvələr göndərməyə məcbur olur. Paytaxt faktiki müdafiəsiz qalır və bu XI rus ordusunun Bakıya maneəsiz daxil olmasına şərait yaradır.
21 mart 1938-ci il…
Azərbaycan SSR XDİK-nin DT baş mayoru Rzayevin əmri ilə sıralarında çox hissəsi azərbaycanlılardan ibarət olan 68 nəfər görkəmli şəxsiyyətlər güllələnir.
21 mart 1938-ci il…
Müxtəlif məsul vəzifələrdə çalışmış partiya və dövlət xadimi Mirzə Davud Bağır oğlu Hüseynov güllələnir.
21 mart 1992-ci il…
Erməni terrorçuları Qazax rayonunun Aşağı Əskipara, Məzəm, Sofulu, Cəfərli, Quşçu Ayrım kəndlərini müxtəlif növ silahlardan atəşə tuturlar. Az sonra erməni silahlıları bu kəndlərə basqın edirlər. 4 nəfər həlak olur, 6 nəfər yaralanır.
21 mart 2001-ci il…
Ermənistanda rəsmi səfərdə olan Papa II İohan Pavel “soyqırım” abidəsinə ziyarətə aparılmış, Papa tərəfindən rəsmi bildiriş imzalanmışdır. Bu bildirişdə “XX əsrin ilk soyqırımında 1,5 milyon insanın qətl edilməsi bugünki nəslin hafizəsində hələ də canlı bir tragediyadır” ifadəsi yer almışdır.
Cəmil Məmmədli /AzTimes.az/