Tarixdə 18- 19 fevral-TARİX DANIŞIR
18 fevral…
18 fevral 1610-cu il…
Şabran qalasında Osmanlı sərkərdəsi, Şirvan bəylərbəyi Zülfüqar xan Qaramanlı öz xeyməsində yatdığı halda doğranaraq qətlə yetirilir.
18 fevral 1905-ci il…
II Nikolayın fərmanı ilə Bakıda və Bakı quberniyasının digər ərazilərində hərbi vəziyyət elan olunur.
18 fevral 1918-ci il…
Andranik ermənilərin başçısı kimi Ərzuruma gəlir…
18 fevral 1920-ci il…
Daşnaklar qiyam yolu ilə İrəvanda hakimiyyəti ələ alırlar…
18 fevral 1929-cu il…
Moskva rəhbərliyinin və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası Fəhlə Kəndli Qızıl Ordu və Matros deputatları Sovetinin Mərkəzi Komitəsinin Rəyasət Heyətinin qərarı ilə (zaqafqaziya MİK Rəyasət Heyətinin M.Sxakayanın sədrliyi ilə keçirilən bu iclasda Azərbaycan nümayəndələrindən D.Bünyadzadə, M.Bağırov, S.Yaqubov da iştirak etmişlər) Naxçıvan MR-na məxsus olan 657 kv.km ərazi – Qurdbulaq, Horadiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi, Yernəzir və Tuğut kəndləri Ermənistan SSRİ-yə verilir. Ermənistanda daha bir rayon – Mığrı (Mehri) rayonu yaradılır. Hətta Azərbaycanın Qazax rayonunun 4.400 hektarlıq meşə sahəsi Ermənistan SSRİ-yə verilir.
18 fevral 1988-ci il…
Ermənistanda ermənilər tərəfindən azərbaycanlılara qarşı qətliamlar törədilir. Azərbaycanlıların Ermənistandan qovulmaları artıq kütləvi hal alır. Azərbaycan Respublikası Ermənistandan (Zəngəzurdan) çıxarılan 4000 nəfər qaçqını (əsasən Qafan rayon sakinləri) qəbul edir…
18 fevral 1988-ci il…
Ermənilərin “Qarabağ” və “Krunk” liderlərinin təşkilatçılığı ilə Xankəndidə ixtişaşlar baş verir.
İnstitutda azərbaycanlı müəllim və tələbələrin üzərinə hücumlar edilir. Onlar döyülərək təhqir olunur. Dərslər pozulur…
18 fevral 1990-cı il…
Yevlax-Laçın yolunun 105-ci kilometrliyində “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən sərnişin avtobusu ermənilər tərəfindən partladılır. Ölən (5 nəfər) və çoxlu sayda yaralananlar (15 nəfər) olur. Bir neçə nəfər ömürlük şikəst qalır.
18 fevral 1992-ci il…
Silahlanmış ermənilər Ağdam rayonunun Şelli kəndinə hücum edirlər. 3 nəfər girov götürülür.
“Qarabağ” terror təşkilatının erməni üzvləri iki məktəblini – Natiq və Niyaməddin İbadov qardaşlarını, eləcə də başqa bir nəfər kənd sakinini girov götürürlər. 200 baş qoyun aparılır.
Sonra isə ultimatum verirlər ki, Şelli kəndinin sakinləri qısa müddətdə doğma yerlərini tərk etməlidirlər, əks təqdirdə uşaqlara divan tutulacaqdır.
19 fevral…
19 fevral 1878-ci il…
Adriaponol sazişindən bir ay sonra Rusiya ilə Türkiyə arasında barışıq müqaviləsi bağlanır. 29 maddədən və iki bölmədən ibarət olan bu prelinimar müqavilə İstanbuldan 12 kilometr kənarda, dəniz sahilindəki San-Stefano qəsəbəsində yaşayan erməni Arakel Tatyanın malikanəsində imzalanır. Həmin sazişin 16-cı paraqrafına əsasən Türkiyə höküməti ermənilərin yaşadıqları vilayətlərdə islahatlar keçirməyi, onların təhlükəsizliyinin təmin edilməsini öhdəsinə götürür və həm də bu tədbirlər Rusiyanın zəmanəti və bilavasitə iştirakı ilə həyata keçirilməli idi. Bu, Türkiyə ərazisində Rusiyanın nüfuzunun artması ilə yanaşı, ermənilərin yaşadıqları vilayətlərdə bu nüfuzun hakimi-ixtiyar olması demək idi…
19 fevral 1918-ci il…
Erməni silahlı dəstələri Ərzincan ilə Ərzurum arasında – Bican və Karkın yaşayış məntəqələrində qoca, qadın, uşaq da daxil olmaqla yüzlərlə günahsız müsəlmanı amansızca qətlə yetirirlər.
19 fevral 1920-ci il…
Ermənilər Şuşada dinc azərbaycanlılara qarşı qəfildən basqınlar edirlər. Bu münaqişələrdə ölənlər və yaralananlar olur.
19 fevral 1921-ci il…
Erməni terrorçuları Zəngibasar ərazisində 18 nəfər azərbaycanlını vəhşicəsinə qətlə yetirirlər…
19 fevral 1988-ci il…
DQMV Partiya Komitəsinin geniş tərkibdə büro iclası keçirilir. Ermənilər sosial-iqtisadi təzyiqlərə məruz qaldıqlarını bəyan edirlər. Xankəndi şəhəri PK-nin birinci katibi Zaven Movsesyanın təklifi ilə büronun qərarından çıxarışı Moskvaya göndərmək və oradan nümayəndə heyəti çağırmaq qərara alınır.
19 fevral 1988-ci il…
İrəvanda “Ermənistan yalnız ermənilər üçündür!”, “Ermənistanda yalnız ermənilər yaşamalıdır!” “Ermənistanı türklərdən təmizləməli!” şüarları altında mitinq keçirilir.
19 fevral 1988-ci il…
Erməni terrorçuları İrəvanda 9 cümə məscidinin sonuncusunu, şəhərin bəzəyi olan gözəl memarlıq abidəsini – Göy Məscidi vəhşicəsinə yandırırlar…
19 fevral 1992-ci il…
B.Yeltsin, L.Ter-Petrosyan və B.Şapoşnikov Moskvada məxfi görüşürlər.
19 fevral 1992-ci il…
Erməni quldur birləşmələri Ermənistan ərazisindən Qubadlı rayonunun kəndlərini atəşə tuturlar. Dinc əhali arasında ölənlər olur.
19 fevral 1992-ci il…
7-ci ordunun Baş Komandanı general Reutun Moskvadan aldığı 17 fevral tarixli, general A.N. Kovalyovun imzaladığı “201/4 AK” nömrəli sərəncama əsasən, 16 erməni üçün 9 müxtəlif markalı (əsasən “Mİ-24P”) hərbi vertolyotlar ayrılır. 22 fevralda vertolyot eskadriyası 366-cı alayın tərkibinə keçirilir.
19 fevral 1992-ci il…
Erməni terrorçuları səhər saat 7 radələrində Qubadlı rayonunun Əliquluuşağı kəndinə basqınlar edirlər. Mehman Ağayev, Gülməmməd Məmmədov, Anar Rəsulov həlak olurlar.4 nəfər (Xəqani Abbasov, Vəliyar Əbdülov, Bəhlul Ağayev, İdris Cəlilov) ağır yaralanır.
19 fevral 1992-ci il…
Şuşa şəhəri ermənilər tərəfindən mərmi atəşinə tutulur. 35 ev dağılır. Şəhər sakini Etibar Qaçay oğlu Əhmədov yaralanır.