Təcili Tibbi Yardımı niyə Səhiyyə Nazirlilyinə qaytardılar ?!

Baxılıb:242
Təcili Tibbi Yardımı niyə Səhiyyə Nazirlilyinə qaytardılar ?!

Müşahidələr göstərdi ki, Covid-19 pandemiyasına qarşı dövlətin başladığı ciddi bir prosesdə əməlli-başlı xaos yaradılıb. Bəlli olduğu kimi, məsələ ilə bağlı yaradılan Operativ Qərərgahın da idarəçiliyində TƏBİB-in müstəsna rolu var. Yəni TƏBİB hansı qərarı verərsə, qərargah ona tabedir. Eyni ilə məsələ ilə səhiyyə naziri Oqtay Şirəliyevin yaxından uzaqdan hər hansı bağlılığı yoxdur. Təbii ki, bunu bilməyən sıravi adamlara O.Şirəliyevi hədəf etmək, həm də onun tutduğu kürsü uğrunda ciddi mübarizədən xəbər verir.
İndi gələk TƏBİB-ə.
Bu qurum yaradılanda və onun rəhbərliyi gənc bir simaya həvalə olunanda düzü öz adıma son dərəcə sevinmişdim. Ona böyük ümid var idi Birincisi, yaşlı simaları görməkdən yorulan insanlara yeni sima və gənc məmur təqdim olundu (əslində əlli yaşı ötən hər kəs yararsızdır demək də ədalətli yanaşma deyil). İkincisi, hər kəsdə milli kadr olaraq, bu gəncin təyinatından böyük irəliləyişlərə ümid var idi.

Bəs hansı mənzərə yarandı?
Operativ Qərərgahın fəaliyyətini tamamən nəzarətində saxlayan TƏBİB onsuz bircə qərar verməyə icazəsi olmayanların fəaliyyətini demək olar ki, iflic duruma saldı. Vətəndaşların hərəkətinin məhdudlaşdırılması, karantin rejiminin tətbiqi qaydaları, iş yerlərinin açılıb-açılmaması ilə bağlı məsələlərdə ciddi uyğunsuzluqlar, səriştəsizlik, tələskənliyə paralel, sistemsizlik də müşahidə olundu. Bu, iki şeyin göstəricisi idi: Birinci, adam təşkilatçı deyil. İkinci, fövqəladə hallarda çalışmağa peşəkar olaraq hazırlıqsızdır.
Hələ gerisi də var. TƏBİB rəhbəri, tutduğu kürsüdə təkcə kadroloji göstəricilərinə görə deyil, həm də qrup maraqları təmsilçisi olaraq oturub. Bu isə artıq həm də ciddi siyasi məsələdir. Bəlkə də Ramin müəllim hansı prosesin içində olduğunu siyasi təcrübəsizlikdən və təkəbbürdən anlaya da bilmədi.
***
Yeri gəlmişkən, son zamanlar onun və digər TƏBİB rəsmilərinin Operativ Qərərgahın mətbuat kofranslarındakı çıxışları da ikrah doğurdu. Operativ Qərərgahda dövlətin informasiya siyasətinin çox uğurla aparıldığı məqamda, gündəmə çox uzun, rabitəsiz, danışan, danışdıqlarının böyük əksəriyyətinin sonradan dəqiqləşdirməsinə ehtiyac yarana qüsurlu natiqlər çıxarıldı. O da diqqətdən yayınmadı ki, TƏBİB rəhbərliyi qısa zaman kəsiyində bütün istiqamətlərdə, siyasi və ictimai əlaqələrdə körpüləri tamamən yandırdı. Bu isə artıq fərdi təkəbbür göstəricisidir.
Bir vacib məqam da var. TƏBİB ciddi, daha dəqiqi, ölkəni xaosa aparan qərarlarını özü verirdi, yoxsa ciddi məsləhətçiləri var idi? Təbii var idi. Həm də bu o adamlar idi ki, dövlətin islahat siyasətinə qarşıdır. Yəni siyasi komanda üzvüdürlər, yüksək post tuturlar, həmçinin, vəzifədən uzaqlaşdırılan xeyli adamı himayələrinə alırlar. Bütün bunlar həm də ona əsas verir ki, TƏBİB rəhbəri barədə, “xərclənmiş kadr” ifadəsi də səslənsin.
Diqqət edin, adam tanış olmadığı ciddi bir prosesin içinə salınır qəfildən. İnformasiyası, idarəçilik təcrübəsi az, üstəlik, şəxsi münasibətlərdə ciddi səhvlərə yol verir, ehtiyatsızlıqlar sonrası “xərclənir”.
Burada bir cümləlik haşiyə çıxmağın yeri var:
Bütün sahələrdə, o cümlədən mediada yağışdan sonra göbələk kimi artan saytlara baxanda, media sahəsi ilə bağlı da eyni prosesin baş verəcəyi də istisna deyil. Çoxlu söyən, ciddi məsələlərdə zarafatlaşan, lağlağı edən “jurnalistlər”, bir gün qadınlı, kişili “xərclənəcəklər”. Həmkardırlar, xəbərdarlıq üçün xatırlatmaq bir peşə etikası və mənəvi borcdur deyə düşünürəm.
Yenə qayıdaq ona ki, başlanan böyük bir prosesin ortasında gözlənilməz xaos yaşayır ölkə. Niyə? Dövriyyəyə dövlət və millət marağını üstələyən, maliyyə fırıldaqları girdiyi üçün. Necə?
Prosesin tam ortasında, Covid-19 analizləri üçün yeni istinad laboratoriyası yaradıldı. Sahibləri, yaranma tarixi, fəaliyyət istiqaməti araşdırılsa məsələnin kimlərə gedib çıxdığı və TƏBİB-ə niyə döndüyü çox aydın bəlli olur. Eyni templə də ortaya çıxır ki, bu labaratoriya beş-üç manat yox, dövlətdən bu sahəyə ayılan milyonları şəxsi ciblərdə sahiblənmək üçün edilib.
Yeri gəlmişkən, Bu məsələdə ÜST-ün yerli təşkilatının nümayəndələrinin də adı keçir. Beləcə, hər kəs ciddi bir prosesdə dövlət maraqlarına xələl gəldiyini çox aydın görmüş oldu. O üzdən bir çoxları TƏBİB-ə Səhiyyə Nazirliyi səlahiyyətlərinin verilməsinə qarşı çıxdı. Hətta ictimai rəydə Səhiyyə Nazirliyinin fəaliyyətinə son dərəcə aqressiv olanlar sırasından da etirazlar səsləndi.
İyunun 24-də isə Təcili Tibbi Yardım yenidən Səhiyyə Nazirliyi tabeliyinə geri qaytarıldı. Bu artıq çox ciddi göstəricidir. Və yuxarıda deyilənlərin həqiqət olduğunun ciddi təsdiqidir. Həmçinin isbatladı ki, ölkədə mühim postlar uğrunda ciddi oyunlar gedir. Bəs neynəməli?
Məsələ mürəkkəb olduğu qədər də sadədir. Dövlət baba zəhmət çəkib başladığı islahat siyasətini dibdən aparmalıdır. Məsələn, ciddi post tutan bir çox məmurdan soruşmalıdır ki, postun bəlli, işin bəlli, fəaliyyət yönün bəlli, xeyir ola, dövlətin, siyasi liderin postundan uzaqlaşdırdığı adamları himayə edir, öz kadrlarını haralarasa yerləşdirir, müəmmalı oyunlar qurursan, müəllim?!

Jalə Mütəllimova AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir