“Sosial şəbəkə polisi yaradılsın”- Müsahibə
Facebookda təhdid edilən şairə: “Sosial şəbəkə polisi yaradılsın” – Müsahibə
Kulis.az tanınmış şairə, saytımızın əməkdaşı, Space televiziyasında yayımlanan “El bizim, sirr bizim” verilişinin aparıcısı Səhər Əhmədin sosial şəbəkələrdə təhdid və təhqir olunması ilə bağlı yayılan söz-söhbətə aydınlaq gətirmək üçün onunla etdiyi eksklüziv müsahibəni təqdim edir.
– Səhər xanım, təhdidi və təhqir olunduğunuzla bağlı açıqlama verdiniz və polisə müraciət etdiyinizi söylədiniz. Son vəziyyət necədir?
– Deməli, əvvəlcə bir neçə dəfə Facebookdan “fake” profillərdən mesaj gəldi. Təhdid etdilər. Düzü, fikir vermədim, sildim. Sonra iki gün qabaq şəklimlə səhifələr açılanda polisə müraciət etdim. Polis araşdırmaya başladı və “skrin”lərdə adı keçən birini zəng edib bölməyə çağırdılar. Adam bildirdi ki, rəhmətə gedəni var, rayondadır və gələ bilməyəcək. Əvəzində prodüserimizdən nömrəmi alıb mənə zəng vurdu və təhdid etdi. Gör, sənin başına nə oyun açacam, sən məni polisə vermisən? Adama başa sala bilmirəm ki, mən heç bir ad çəkməmişəm. Bu, polis araşdırmasıdır. Səhifəmdə çoxlu şərhlər yazıb ki, Səhər xanımın dediyi adam mənəm. Və onu üzr istətdirəcəm. Heç nə anlamıram. Polisə gəlmək əvəzinə məni təhdid edir.
Polisə bu gün gedəcəyini yazıb və “ay camaat, bu adam məni polisə verib” havasındadır. Halbuki, mənə təhdidlərin biri açıq mətnlə yazılıb ki, sən Elçin Lənbəranskini verilişdə incitməsən və dalınca da təhdid. Bir maraqlı fakt da odur ki, polis bölməsindən həmin adama zəng olan kimi “fake” səhifə bağlandı. Heç 5 dəqiqə keçmədi.
– Belə çıxır ki, həmin səhifə adını çəkdiyiniz adama aiddir, ya da onun yaxın adamlarına?
– Sübut olunmadan heç bir hökm vermək istəmirəm. Hər şey kifayət qədər açıqdadır. Yenə də hökm verməyin əleyhinəyəm. Sona qədər gedib hər şeyi aydınlaşdırmaq fikrindəyəm. Və indicə mənə Daxili İşlər Nazirliyinə ünvanladığım şikayət məktubunun qeydə alınmasıyla bağlı mesaj gəldi.
– Sizin mübahisə konkret olaraq, nəyin üstündə düşdü? Açıqlamanızda ümumi danışmışdınız. Daha nələri deyə bilərsiniz?
– Mən verilişdə cəmiyyətə yanlış mesaj ötürən hər kəsə qarşı çıxıram… Zərərli fikirləriylə kimlərinsə haqqına girən hər kəsə… Hər şey hüquqi yolla sübut olunsun, daha açıq danışacam, hələlik söhbətimi konkret şəxs üzərində qura bilmərəm. Səhv etmək ehtimalı da istisna deyil. “Təqsirsizlik prezumpsiyası” adlı bir anlayış var. Hətta cinayətkarın da haqqında məhkəmə qərarı yoxdursa, onu heç kim ittiham edə bilməz. Mən burda konkret şəxsdən çox, vəziyyətin üstünə gedirəm.
– Maraqlıdır, sübut etsəniz, hansı cəzanı istəyəcəksiniz? Üzr istəmək bəs edəcəkmi?
– Təbii ki, yox, mən sona qədər gedəcəyəm. Cəza olmalıdır ki, yerdə qalanlara görk olsun. Bu, şəxsi məsələ deyil. Birincisi, mən bir veriliş aparıcısı olaraq, həqiqəti müdafiə etdiyim üçün təhdid olunuram, səbəb belə göstərilib. İkincisi, inboxuma o qədər məktub gəlib ki, bu cür və daha ağır hallarla üzləşən qadınlar tərəfindən… Əksəriyyəti də ictimai çəkisi olan qadınlardır. İndi görün, hələ nə qədər dərdini deyə bilməyən qadınlarımız var, nə qədər sosial şəbəkədə xuliqanlıqla məşğul olan, qadınları şantajla qorxuda saxlayan “kişilərimiz” var. Nə bilirik, bəlkə neçə intiharın, neçə qətlin səbəbi bu tip şeylərdi? Əgər kimsə öz adıyla məni təhqir etsəydi, bəlkə keçərdim, amma bu, saxta profillərə qarşı tədbir tökmək lazımdı. Belə olmaz! Kimsə bir otaqda oturub min budağa daş atmaq səlahiyyətində deyil. Axı bildiyimə görə, konstitusiyaya dəyişiklik də edilib, “şərəf və ləyaqətin təhqir edilməsi”ylə bağlı. Qanunlar işləməlidir. Mənim səhhətim pisləşib, həmin gecə təcili yardım çağırıblar, övladlarım sarsıntı keçirib, qan təzyiqim hələ normallaşmayıb və sair və ilaxır. Üzr istəməklə bağışlanırmı bunlar?
– Çox lazımlı məqama toxundunuz. Doğrudan da sosial şəbəkələrdə siz deyən adamlar, demək olar ki, özbaşına buraxılıb. Sizcə, nə kimi tədbirlər görülə bilər? Saxta profilləri tapmaq da elə asan deyil. Çünki dünyanın müxtəlif yerlərindən yaza bilərlər.
– Ən azından ölkə daxilində yazılanları müəyyən etmək olur. Bir- ikisi tapılıb cəzalansa, bu hallar azalar. Necə ki, kiməsə sillə vuran, döyən, öldürən adamlar cəzalandırılır, eləcə də adama durduğu yerdə mənəvi zərbə vuran şəxslər də cəzalanmalıdır.
– Bəlkə xüsusi olaraq sosial şəbəkə polisi yaradılmalıdır? Çünki elektron olsa da bura da bir məkandır, sahədir və müvəkkilə hər zaman ehtiyac duyulur. Elektron şəkildə şikayət edə biləcəyimiz bir ünvan…
– Nə isə olmalıdır, axır ki. Belə getməyəcək. Əgər sosial şəbəkənin xuliqanı, qanun pozanı, dələduzu, saxtakarı varsa, polisi niyə olmasın?
– Bu, sizin təcrübədə ilk hadisə idi, yoxsa çox olub deyə nəhayət bu addımı atdınız?
– Mənim sosial şəbəkədən də qabaq köşə şəkillərim internetdədir, yazılarım saytlarda, şeirlərim, qonağı olduğum verilişlər “yutub”dadır. 10 ilə yaxındı Facebokdayam, səhifəm hamıya açıqdır, 5 minə yaxın dostum, 4 minə yaxın izləyicim var. Hələ heç kimdən belə çox kəskin rəy görməmişəm. Təbii ki, kimsə öz adıyla məni nəzərdə tutub söz ata bilər, bunlar heç, baş qoşmuram. Amma “gugl”dan köşə şəklimi endirib saxta profil açmaq, təhqir və təhdid etmək, bu birbaşa düşmənçilikdir. Seyrçi qala bilməzdim. Mən təhdid olunuram, qorxu içindəyəm, adamın avtoritet olduğu haqda, ətrafında çoxlu özü ağılda “qaqaşlar” olduğu haqda məlumat almışam, necə soyuqqanlı ola bilərəm ki?
– Müsahibə üçün sağ olun. İnanaq ki, haqq yerini tapacaq.
– İnanaq.
AzTimes.az