Siqaretin ardınca toyuq əti və yumurta da bahalaşacaq?
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) sədri Mürvət Həsənli ilə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov arasında görüş keçirilib.
Bu barədə Mürvət Həsənli Cebhe.info-ya açıqlamasında bildirib.
O qeyd edib ki, həmçinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyevlə də görüş təşkil olunub.
Görüşdə Azərbaycanın quşçuluq təsərrüfatları üçün problem yaradan məsələlərlə bağlı problemlər müzakirə edilib.
Mürvət Həsənli açıqlamasında bildirib ki, bu həftə də digər nazirliklərdə də görüş keçirməyi düşünürük:
“Görüşün nəticələrinə uyğun olaraq da Nazirlər Kabineti qərar verəcək. Bu idxal bizdə həqiqətən böyük problemlər yaradır. Özəlliklə yaz aylarında vaxtı keçmiş məhsulların gətirilməsindən dolayı sahibkarlar normal məhsulları maya dəyərindən aşağı satmalı olur. Bu da sahibklarlara təsir edir. Yaxın zamanda yəqin ki, buna çarə tapılacaq”.
O vurğulayıb ki, bunun qiymətlərə təsiri olmayacaq:
“Hazırda qiymətlərdə bahalaşma yoxdur, yaxın gələcək üçün də proqnozlaşdırılımır. Bu il keçən ilin müvafiq dövrünə nisbədə bahalaşma yoxdur, əksinə ucuzlaşma var. Hazırda yumurtanın bir ədədinin topdan satış qiyməti 11 qəpikdir. Keçən ilin müvafiq dövründə bu, 16 qəpik idi. O cümlədən toyuq ətinin hər kiloqramı ölkə üzrə 4.80 manat idisə, bu il 3.80-4.20 AZN arasında dəyişir. Mən sizə fabrikdən çıxma qiymətləri deyirəm. Gələcəkdə də qiymələrin qalxma ehtimalı yoxdur. Qış aylarında qiymətlərin qalxması isə yemin qiymətlərindən asılıdır.
Ölkədə ciddi şəkildə xaricdən idxal var. Həmin ixrac bizim yerli fabriklərin bir çoxuna təsir edir. Bu gələcəkdə damazlıq yumurtanın qıtlığına səbəb ola bilərsə, toyuq ətinin qiymətində bahalaşma görünəcək. Görüşdə bu məsələləri də müzakirə etdik, yekun nəticə açıqlanacaq”.