Saleh Səmədovun “9 May” tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı?

Baxılıb:123
Saleh Səmədovun “9 May” tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı?

Mayın 9-da Böyük Vətən müharibəsinin 80 illiyi münasibətilə keçirilən tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və onun yaxın çevrəsi sinələrinə “Georgi lenti” taxaraq Sarıxanlı kəndində bayram mərasimi təşkil etdilər. İlk baxışda adi, simvolik bir tədbir təsiri bağışlasa da, bu görüntülərin arxasında ciddi və düşündürücü suallar dayanır.

Azərbaycan xalqı olaraq Böyük Vətən müharibəsində döyüşmüş babalarımızın, nənələrimizin fədakarlığını heç vaxt unutmadıq və unutmayacağıq. Həmin müharibədə Sovet ordusunun tərkibində 600 mindən artıq azərbaycanlı döyüşüb. Bu, bizim tariximizin bir hissəsidir. Amma bu gün Azərbaycan müstəqil dövlətdir – öz bayrağı, ordusu, qəhrəmanları və qələbələri ilə dünya səhnəsində söz sahibi olan bir ölkədir.

Sual yaranır: Saleh Səmədov indiyə qədər Azərbaycanın hansı milli bayramını, hansı zəfərini bu cür coşqu ilə qeyd edib? Hansı dövlət tədbirində eyni həvəs və nümayişkarlıqla ön sırada olub?

Cavab məlumdur: heç birində. Lakin 9 Mayda SSRİ-ni simvolizə edən bayrağı qaldırmaqdan, Georgi lentini sinəsinə taxmaqdan çəkinməyib. Yanına da keçmişə həsrətlə baxan bir qrup tərəfdarını toplayaraq sovet dövrünü xatırladan “qələbə tədbiri” keçirib.

Əvvəlcə düşündüm ki, bəlkə Saleh müəllim özü müharibə iştirakçısıdır və bu gün onun üçün şəxsi anlam daşıyır. Ancaq araşdırma göstərdi ki, o, Stalin öləndən düz on il sonra – 1962-ci ildə doğulub. Yəni müharibə ilə nə yaş, nə də emosional baxımdan heç bir əlaqəsi yoxdur.

Saleh Səmədovun bioqrafiyasına nəzər saldıqda məlum olur ki, 1983–1985-ci illərdə İmişli Rabitə Stansiyasında anbar müdiri işləyib, daha sonra müxtəlif sahələrdə fəaliyyət göstərib. Nəticədə biznesə atılaraq böyük sərvət toplayıb. “Kral Saray” şadlıq evi, “Kral” çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt-şirə zavodu, kolbasa sexi, heyvandarlıq və donuz ferması, istixana, eləcə də Bakıda villalar, restoranlar, marketlər və tikinti şirkəti – bu, onun sahib olduğu obyektlərin yalnız bir hissəsidir. Bir zamanlar sürdüyü “Rolls Royce” (90 AA 679) isə bu sərvətin nümayişkaranə nümunəsidir.

Belə imkanlara sahib bir şəxsin SSRİ bayrağını qaldırmasına etiraz edən jurnalisti təhqir etməsi isə tamamilə qəbuledilməzdir. Axı atalar deyib: “Danışanın kim olduğuna yox, niyə danışdığına bax.” Görünür, Saleh müəllimi bu davranışa sövq edən keçmişə olan bağlılıq deyil, məhz həmin keçmişdən qazandığı imtiyazlardır – nostalji pərdə arxasında gizlənmiş iqtisadi rahatlıq və şəxsi maraqlar.

Mən və atam həyatımız boyu bu dövlətə təmənnasız xidmət etmişik. Mənim 20, atamın isə 50 illik əmək təcrübəsi var. Dövlətçiliyə sədaqətlə çalışmışıq. Lakin bu gün nə mənim, nə də atamın adına bir sot torpaq belə yoxdur. Saleh Səmədov isə sovet rəmzlərinə olan “sevgisi” ilə milyonlara sahib olub.

Saleh müəllim deyir ki, “gənc nəsil o bayrağı tanımır, biz isə onun sədaları altında doğulmuşuq.” Amma bu günün gəncləri Azərbaycan Prezidentinin rəhbərliyi ilə tarix yazdılar. 44 günlük Vətən müharibəsində igidlərimiz üçrəngli bayrağımızın kölgəsində döyüşdülər, şəhid və qazi oldular. Bəs Sizin ailənizdən, nəvə-nəticənizdən kim bu savaşda iştirak edib? Bu sual hələ də cavabsız qalır.

Siz bir müsahibənizdə demisiniz: “Bir dövlətin içində bir bayraq olar, küçələrdə Türkiyə bayrağı dalğalanır.” O zaman sual yaranır: siz niyə SSRİ bayrağını qaldırırsınız? Axı SSRİ artıq tarixdir, yoxdur. Türkiyə isə bizim qardaş dövlətimizdir – bir dilin, bir dinin, bir soyun davamıdır. Türk bayrağının dalğalanmasından narahat olmaq nəyə xidmət edir? Burada cavab aydındır: türk kimliyindən uzaq düşmüşlər üçün rus rəmzləri doğma, türk simvolları isə yad görünür.

Unutmayaq: müstəqil Azərbaycanı, onun bayrağını, suverenliyini sevməyən şəxs bu torpağın dəyərini anlaya bilməz. Bu gün məktəblərimizdə, ali təhsil ocaqlarında, ailələrdə SSRİ-nin rəmzləri deyil, Şanlı Zəfərimizin dastanı, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq yolu təbliğ olunur. Müəllimlər, yazıçılar, sənət adamları bu ruhu aşılayır. Siz isə gənclərin sovet bayrağını tanımamasını qınayırsınız. Amma sual budur – kimə və nəyə lazımdır o bayraq?

Tarixə hörmət etmək – onu təkrarlamaq deyil, dərs çıxarmaqdır. Saleh Səmədov və onun kimi keçmişin təsirindən çıxmayanlar anlamalıdırlar ki, Azərbaycanın gələcəyi qırmızı sovet bayrağında deyil, üçrəngli, ay-ulduzlu bayrağımızın işığında yazılır. Və bu bayraq altında yalnız simvolik yox, əsl zəfərlər qazanılır.

Savalan Talıblı/AzTimes.az/


Abunəlik