Səbuhi Rüstəmov: “Uğur deyəndə ağlıma ilk gələn üzlərində təbəssümə səbəb olduğum insanlardır”.

Baxılıb:446
Səbuhi Rüstəmov: “Uğur deyəndə ağlıma ilk gələn üzlərində təbəssümə səbəb olduğum insanlardır”.

Müsahibimiz “Kerim Group” kompaniyasının təsisçisi, satış, marketing və idarəetmə mütəxəssisi, şüurlu sərmayədar, nlp təcrübəçisi, iş adamı Səbuhi Rüstəmovdur.

Salam, Səbuhi bəy, xoş gördük Sizi. Xeyirli olsun yeni biznesiniz.

– Salam. Təşəkkür edirəm. Azərbaycanımıza, millətimizə xeyirli olsun.

Maraqlıdır, Səbuhi bəy, bilmək istərdik, Sizdə bu işə həvəs, ideya haradan və necə yarandı? Niyə məhz bu sahəni seçdiniz?

– Öncəliklə onu qeyd edim ki, amalım bu cür gətirib. Valideynim dövlət məmuru olub, kiçik yaşlarımdan ona baxıb xidmətlərini görürdüm. Zamanla arzu və istəklərimdə xidmətlər öz yerini tutdu, kumirimlərim məlum oldu. İlk fundamental şəxs olaraq kumirim Hacı Zeynalabidin Tağıyev oldu. Elə həmin gündən etibarən Azərbaycanımıza sənaye, təhsil, qeyri-neft, turizm və xidmət sektorlarında xidmət göstərməyi qarşıma məqsədim qoydum.
Həvəs idrak tələbatının emosional təzahürüdür. İdeya isə ilk və son məhəbbətim olan xanımdan dolayı cərəyan etdi. Şirkətin adı da məhz xanımın soyadı və ata adı ilə bağlıdır. (Kərimov-Kərim group) Bu sahəni seçməkdə 2 əsas səbəb vardır: Birincisi Vətənə, millətə xidmət, ikincisi isə məhəbbəti ölümsüzləşdirmək. Mahatma Qandinin məşhur bir ifadəsi var. Deyir, məhəbbət yer üzərində ən zərif qüvvədir.
İdeya gecənin bir vədəsində masa ətrafında qələm və kağız üzərində yarandı.

-Sizcə, bu sahədə uğur qazanmağın sirləri nədən ibarətdir?

– Bu sahə hesab edirəm ki, ən çətin insan fəaliyyəti və elmdir. Sirlər çoxdur.
Bələdçisi olduğum uğur formullarından bir qismi barədə söyləsək, burada – Elm, məhəbbət, çox çalışmaq, dürüstlük, yaxşılıq, mütəşəkkil plan, strategiyanın düzgün qurulması, düzgün komanda və sistem, risk etməyi bacarmaq, münasibətlərin düzgün qurulması, “mən”ə yox deməyi bacarmaq, hər ay, hər il özünü və biznesini analiz etmək və s. bu kimi amilləri sadalaya bilərəm. Əlbəttə, burada çox arqumentlər söyləmək olar, lakin işin əsas mahiyyətini bu söylədiklərim təşkil edir.

-Səbuhi bəy, müasir dövrdə dəstək olmadan hansısa işə başlamaq çətin olur, Siz bu yola çıxanda Sizə kimlər dəstək oldu?

– Öncəliklə dəstəyi daxili ruhumdan aldım. Çünki elə ən çətini başlamaqdır biznesə. Müəllimim İlkin Manafovun dediyi kimi, “Karvan yolda düzələr”.
Sonrası prosseslər və sistemləşmə planlama üzrə hərəkətə keçir. Mənim funksional şəxslərimdən biri olan digər bir müəllimim Anar Bayramovun gözəl sözü vardır, o deyir: “Hərəkət etməyən daşın altından su keçməz”.
Əlavə olaraq onu da qeyd edim ki, bu işdə ailəmin dəstəyi əvəzolunmazdır. Çünki dəstəklərinin səbəbini bilirlər ki, xidmətin prioritet məqsədi Azərbaycandır.

-Uğur Sizin üçün nədir, uğur deyəndə ağlınıza nə gəlir?

– Uğur qəti deyil, uğursuzluq da ölüm deyildir. Önəmli olan davam edə bilmə cəsarətidir. Uğur deyəndə ağlıma ilk gələn üzlərində təbəssümə səbəb olduğum insanlardır.

-Məqsədiniz pulunuzun çox olmasıdır, yoxsa sadəcə hamıdan fərqli olmaq?

– Sahibkar olaraq Vətənimin iqtisadi inkişafına töhfə vermək, xeyriyyə işləri görmək istəyirəm. Bəli, bütün bunları qurmaqda məqsəd pulumun çox olmasıdır. Axı, kapitalizm kölgəsini sata bilmədiyi ağacı kəsər… Əlavə olaraq onu da deyim ki, məqsədim istehsal müəssisələrinin birində çoxlu sayda ayaqqabılar istehsal edib ehtiyyacı olanlara hədiyyə etməkdir. Fərqlilik mövzusunda isə onu deyə bilərəm ki, hərkəs fərqlidir, fəqət istisna hallar var. Əsas fərqlilik isə görüləcək işin nəticəsidir.

-Səbuhi bəy, siz biznesmen olaraq, bilirsiniz ki, əvəzsiz yerə ayaqqabı istehsalından çoxlu sayda hədiyyə edilməz… Amma siz edəcəksiniz. Maraqlıdır, buna səbəb olan nədir?

– Bəli, tamamilə doğrudur, əvəzsiz yerə olmayacaq. Bu təqdim ediləcək hədiyyələrin səbəbi zamanında bir dövr yaşadığım həyat tərzindən qaynağlanır. “Həyat” adlı gündəliyimdə çoxlu sayda yırtılmış, rəngi solmuş, günlərcə, həftələrcə geyindiyim ayaqqabılar olub. İqtisadi vəziyyətimiz bir zamanlar ağır idi. Hətta deyərdim ki, tənəzzülə var olmuşduq. Günlük rutin həyatımda, iş həyatında daim geyinirdim. Təbii ki çox ağır düşüncələrə sövq edirdi insanı. İndiyə qədər də bir şəxs belə olsun, ayaqqabı hədiyyə etməyib mənə. Bəlkə də nə zamansa edən olsa, məni kiçik bir uşaq kimi sevindirər. Hətta o günlərin ağırlığından daha çox məni üzən odur ki, günün birində məhəbbətim olan xanımla təsadüf nəticəsində bir əyləncə mərkəzində qarşılaşdıq. Qadınların ilk görüşdə kişini qiymətləndirməsi üçün 45 saniyə vaxt kifayət edir. Biraz həmsöhbət və süfrədə əyləşib, ləzzətli təamların dadına baxdıqdan sonra liftə doğru yönlənəndə xanım göz ucu ilə geyim tərzimə, geyimlərimə və ən əsası ayaqqabıma baxdı. Amma ayaqqablarıma nəzər etməsinin saniyəsi daha çox oldu. Çünki ən əsası da zərif xanımlar ən çox ayaqqabıya fikir verir. Mən isə köhnəlmiş, dəbə, zövqə uyğun olmayan ayaqqabı geyinmişdim. Çox təsirləndim. Kapitalizmin marketinq olduğu qənaətinə bir daha əmin oldum. Lakin ola biləcəyimiz insan kimi olmaq lazımdır. İqtisadi vəziyyət yaxşı olsa belə, zaman-zaman əvvəlki ayaqqabılardan, hətta tam sıradan çıxmış vəziyyətə gələn ayaqqabıları geyinirəm. Mənə görə insanın komponentlərindən ikisi var ki, o da insan və insan oğlu. Məhz buna görə də ayaqqabı istehsalından sonra çoxlu sayda ayaqqabılar hədiyyə edəcəyəm. Sonda bir mesaj vermək istəyirəm dəyərli oxuyucularımıza. Məşhur söz var: Ola biləcəyin insan olmaq üçün, ola bilmədiyin insan olma.

-Gələcək planlarınız, qarşıdakı işləriniz barədə nə deyə bilərsiniz?

– “Made in Azerbaijan” brendi (Bellissimo) adı altında Respublikamızı ölkə hüdudlarından kənarda 6 qitə üzərində təmsil etmək və Azərbaycan markası yaratmaqdır. Görüləsi işlər çoxdur. Əsasən regionlarda vətəndaşların iqtisadi durumu daha da müsbət olmasını nəzərə alaraq, biznesin istehsal müəssisələri regionlarda olacaq və bunun üzərində çox ciddi layihələr hazırlanır.

-Bu işləri qurmaqda məqsədiniz nədir? Nə qədər insana xidmət göstərməyi planlayırsınız və auditoriya niyə məhz Sizi seçməlidir?

– Bu işləri qurmaqda ana məqsəd Azərbaycançılığı, respublikaçılığı, liberallığı, millətçiliyi, beynəlmiləçiliyi təmsil və təbliğ etməkdir. Müasir beynəlxalq münasibətlər sistemində layiqli yer almaq, demokratik, hüquqi, dünyəvi, biznesin qurulması, sabit və sosial yönümlü strategiya yaradılması, əməkdaşların, partnyorların, komanda üzvlərinin, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş işçi cəmiyyətinin formalaşdırılması, həmçinin insanların şəffaf iş dünyası ətrafında birləşdirilməsindən ibarətdir.
İlkin olaraq 9 milyona sonra 6 qitə üzərində minimum 3 milyard insana xidmət göstərmək strategiyamızda yer alıb. Auditoriyanın seçim səbəbi təlabatlarının təmin olunması olacaqdır. Təbii ki, bütün bunlar sağlam insan kapitalı səyi nəticəsində həyata keçecəkdir.
Mustafa Kamal Atatürkün dediyi kimi: “Böyük olmaq üçün kimsəyə yaranmadan, kimsəni aldatmadan hədəfə doğru yeridik”.

-Uğurlarınız davamlı olsun. Müsahibə üçün çox sağ olun, Səbuhi bəy!

– Siz də sağ olun!

Rahim Mirzəcan /AzTimes.az/

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir