Qarabağın Bəxtiyarı: “Bizi meyidlərin yığıldığı maşına atıb xəstəxanaya apardılar”-MÜSAHİBƏ

Baxılıb:502
Qarabağın Bəxtiyarı: “Bizi meyidlərin yığıldığı maşına atıb xəstəxanaya apardılar”-MÜSAHİBƏ

Abbasov Bəxtiyar Baxşeiş oğlu 07 iyul 1974-cü ildə Biləsuvar rayonunun İsmətli kəndin də anadan olub. 1981-1991-ci illərdə Biləsuvar rayon İsmətli kənd orta mətəbində təhsil alıb. Birinci Qarabağ Müharibəsi vetranıdır, ailəlidir iki övladı var. Hal-hazırda işsizdir. Müharibə iştirakçısı kimi aldığı müavinətlə ailəsini yaşadır. Bugünə kimi “Cəbhə xətti” layihəsi çərçivəsin də demək olar ki, bütün rayonlardan olan şəhid, qazi ailələri ilə müsahibələr etsəm də doğulub boya-başa çatdığım Biləsuvar rayonunun İsmətli kəndinin Şəhid Qazi ailələri ilə görüşmək alınmırdı. Bələkə də özüm belə istədim. Səbəbini təxmin etmək çətin olmasa gərək. Eyni kənddə böyümüşük Bəxtiyar bəy ilə. Eyni bulanıq suyu içib eyni şoran torpağın tozunu udmuşuq hərçənd ki, mən yaşca kiçiyəm. Bəxtiyar bəyi kəndin ən öndə gələn gənclərindən biri olduğunun özüm şəxsən şahidiyəm. Kimsəni incitdiyini, xətrə dəyib qəlb qırdığını əsla görməmişəm. Nə isə…. indi deyərsiniz ki, öz kəndlisi haqda tərif yazır, Əsla!!! Doğma qardaşım olsa belə tərifləməyəcəyimi ətrafım çox yaxşı bilir. Artıq iki ildir beynimdə qurduğum  müsahibəni etmək üçün yollanıram qazimizin evinə. Hava olduqca soyuq, yağışlıdır. Uzun bir aradan sonra müsahibə etmənin həyacanı içimi daha çox üşüdür. Səbəbkarı səsləyirəm çox çəkmir məni qarşılayır. “Müsahibə üçün hazırıq” deyib başlayırıq söhbətə.

-Bəxtiyar bəy, yaddaşım məni yanıltmırsa, siz müharibədən əvvəl Rusiyada idiniz necə oldu ki, geri dönüb döyüşlərə yollandınız?

-Əvvəla sizi salamlayıram, Allahın belə bizi unutduğu bir vaxtda qapıma qədər gəlib məni qürurlandırdığınız üçün minnətdaram və çox həyacanlıyam. Böyük oğlum əsgərlikdədir və bir neçə günə xidmətini bitirib gələcək deyə həyacanlıyam. Üstünə birdə sizin həyəcanınız gəldi. İnanın mən erməni ilə üz-üzə duranda belə həyəcanlanmamışdım. Bəli yaxşı sual verdiniz. Mən Rusiyada qala bilməzdim. Ölkəmdə olanları televizya vasitəsilə izləyib xalam oğlu Natiqlə vətənə dönməyə bir gecədə qərar verdik. Mən söhbəti çox uzatmağı sevirəm. Gəldikdən bir neçə gün sonra Milli Orduya yollandıq.

  1993-cü ilin oktyabr ayının sonu idi. Doğurdan da torpaqlar ard-arda gedirdi. Bizi əvvəlcə bakıya apardılar. Xalam oğlu ilk gündən sonacan mənimlə birlikdə idi. Bizi əvvəlcə 776 saylı xüsusi təyinatlı hərbi hissəyə aparıb orada üç ay təlim keçdilər. Artıq 1994-cü il 24-yanvarında  döyüş bölgəsinə yollandıq. Ilk getdiyimiz yer, Tər-tər rayonu oldu. Ordan isə Füzuli rayonun Balabəhmənli kəndinə getdik. Sözün düzü getdiyimiz yerləri bizə demirdilər. Gecə boyu yol gedirdik, zülmət qaranlıqda heç bir yer görünmürdü. Nəhayət bizi bir məktəbə gətirdilər. Orada əsgərlər yeməyini yeyib dinləndikdən sonra hərə bir küncdə yatdı ki, səhəri açaq. Hamımız həvəsli idik döyüşə. Səhər oldu mən yenə harda olduğumuzu bilməyəcəkdim. Məktəbin kitabxanasına girdim təsadüfən  orda bir kitab diqqətimi çəkdi. Kitabı varaqlayanda bildim ki, bura Füzulu rayonunun Balabəhmənli kəndidi. Çünkü kitabları hara göndərirdilərsə orda vurulan möhürlərdə həmin yerin adı yazılırdı.

– Bəxtiyar bəy, niyə məhs kitabxanaya girdin nə idi bu maraq?Əlinə aldığın kitab hansı yazarın kitabı idi, xatırlayırsan?

-Bəli yaxşı sualdı. Məni tanıyanlar bilir ki, uşaqlıqdan kitaba maraqlı biri olmuşam. Hələ orta məktəbdə ədəbi kitabları az da olsa oxuyurdum. Burda da kitaba olan  marağım məni ora çəkdi. Əlimdəki, kitab, Tolustoyun “Hərb və sülh” romanı idi. Onu orda oxumağıma fürsət olmadı. Çünkü bizə əmr gəldi ki, kəşfiyyat quruppası yaradılır və düşmənin mövqelərini öyrənmək üçün getməlisiniz. Beləcə ilk əməliyyat quruppası yaradıldı. Ancaq qaldığmız məktəbin eyni quruluşda olan doğma məktəbimə oxşaması məni  çox ürəkləndiridi. Elə bilirdim doğma kəndimdəyəm və həmin məktəbdi bura. Bir neçə dəfə əməliyyata hazırlansaq da bunu həyata keçirə bilmirdik. Zənnimcə orda komandirlər arasında fikir ayrılığı mövcud idi. Nəhayət burada üç gün qaldıqdan sonra bizi yenidən “ural” maşınlarla Tərtər rayonunun Səhlabad kəndin dəki bir məktəbə gətirdilər. Komandirimiz Milli Qərəman Eldar Ağayev idi. Təcrübəli idi, Əfqanıstan müharibəsi iştirakçısı idi. Onun insanlığı,cəsarəti və təcrübəsi   bizi  daha da ruhlandırırdı.Hərbi hissəmizi qurdular. Artıq gecə əməliyyatı quruldu, bizi uzaq bir məsafəyə apardılar. 90-nəfərlik bölüklə meşənin içi ilə düşmənin arxasına keçdik . “Qlobus” deyilən yüksəkliyi götürməli idik. Bizdən əvvəl  bu yüksəkliyə  çox hücumlar olsada əsgər itkisi ilə geri çəkilmişdilər. Bizi isə xüsusi təyinatlılar olaraq ümidlə göndərdilər. Artıq Ağdərə rayonu işğal olunmuşdu və məqsəd bu yüksəkliyi alıb Ağdərəni geri qaytarmaq idi. Ancaq heçnə düşündüyümüz kimi olmadı. Düşmən kəşfiyyatı gəldiyimizi öyrənərək hər yeri boşaldıb mühasirə hazırlamışdı. Qarşımıza çıxan bütün mövqeləri aldıq ancaq hardan bilək ki, düşmən mühasirəsinə düşmüşük. Səhər açılanda dəhşətli atışmalar başladı.  Bölük komandirimiz “Bayraq ordeni” ilə təltif olunmuş Abdulla Rəhimov düşmən snayperi ilə vuruldu. Daha sonra digər bir komandirimiz  vuruldu. Olduqca yaxşı mövqe tutmuşdu ermənilər.  Ümumilikdə səkkiz şəhid verdik. Biz də minamyotlarla xeyli ermənini məhv etdik. Ancaq ən acınacaqlısı o, idi ki, düşmən ərazasində üç şəhidimiz qaldı -Cəbrayıl rayonundan Xudiyev İldırım, Göyçay rayonundan Anar Nəcəfov, tələbə deyilən əsgərimizi götürə bilmədik. Bu bizim ilk itkimiz idi. Mən bu şeyləri kinolarda görmüşdüm. Ancaq nədənsə heç qorxmadım. Çətinliklə də olsa geri çəkildik. Həmin döyüşdə əllidən çox ermənini məhv etmişdik. Ancaq komandirimiz geridə qalan üç şəhidimiz üçün geri qayıdıb hücuma keçdik. Sayımız 70 nəfər olardı. Gecə meşədə bizi qar tutdu məcbur geri qayıtdıq. Komandirimiz “Sizləri burda öldürə bilmərəm” dedi. Onsuz da əllərimiz donmuşdu. Üç gün dinlənib ən böyük əməliyyat hazırlandı və bu əməliyyat mənim ömrümdə iz qoyan hücum idi. Biz heç olmasa 50 km yeridik. Bizim əsgərlər məcbur olunmurdu. Kim istəyir onu əməliyyata aparırdılar. Biz cəmi üç ayın əsgəri idik. Ancaq köhnə döyüşçülərə qoşulub xalam oğlu Natiqlə hücuma keçməyə söz verdik. Artıq dörd fevralda Madgiz deyilən əraziyə hücuma keçdik. Yarı yolda qar çovğununa tutulduq. Erməni kəndlərini mühasirəyə salıb tək-tək alırdıq. Tonaşen kəndindən sonra dağın təpəsindəki, kənlərini alıb nəhayət orda gecələdik. Həmin günlərdə Kəlbəcər rayonuda işğal olunmuşdu. Ermənilər bizi yenidən mühasirəyə salıb geri qayıtmağımıza imkan verməyəcəyini müəyyən etmişdi. Bizlər donmuşduq silahlarımız da donmuşdu. Elə bildik geriyə rahat qayadacağıq, amma belə olmadı. Ermənilər Tər-tər rayonunun körpüsünü tutmuşdu. Hər tərəfimiz qayalıq, dərə idi.Ancaq bir yolumuz var idi- döyüşmək. Artıq ermənilərlə (eynən filmlərdəki, kimi) üz-üzə gəldik. Biz gizlənmişdik, bizi gormürdülər. On metrlik məsafədə biz onlrı atəşə tutduq. Bir xeyli ermənini məhv etsək də onlar anidən böyük texnika ilə üstümüzə gəldilər. Biz ancaq üzü yuxarıya doğru qaçırdıq. Başqa yolumuz yox idi. Bizim də hər silahımız vardı, ama mühasirdə olduğumuzdan əldən düşürdük. Hara, hansı istiqamətə getdiksə bizə hücum edirdilər. Qar hər yeri tutmuşdu . Əsgərlərimiz artıq  məhv olmağa başlamışdı. Aclıq, susuzluq , islanmağımız bizi tükədirdi. Bəzi əsgərlər artıq geri qayıda bilmirdi deyə qalıb ölmək istəyirdilər.

Belə də oldu. Bir neçə nəfərimiz beləcə vəfat etdi. Nəhayət bir erməni kəndinə gəldik Sumqayıtdan Həşimov Mahir adlı döyüş yoldaşımız qolundan ağır yaralanmışdı. Onu səhərə kimi on iki nəfər əsgərlə daşısaq da o, keçinirdi. Artıq komandiri onu buraxmızı dedi. Ancaq bunu edə bilmirdik. Mahiri buraxmasaq orda hamımız öləməli idik çünki, atışa bilmirdik. Ən son komandir əmr verdi. Biz onu bir qayanın altında qoyduq üstünü örtdük. Mahir ancaq toyundan danışırdı, anasının adını sayıqlıyırdı. Bax bu idi müharibənin dəhşəti. Mahir orada şəhid oldu. Mən bu səhnəni unuda bilmirəm hələ də. Komandir də bu əmri verməyə məcbur idi. Yoxsa bütün əsgərlərini itirəcəkdi. Bununsa məsuliyyəti ağır idi. Sözün düzü bizim o vaxtkı ruh yüksəkliyimiz olmasa məhv olardıq. Bizi əsas öldürən oraları yaxşı tanımamağımız idi. Artıq hamımız qızdırma içində idik, yerimək çətinləşirdi. Tərtərdən Zaur Mamedov adlı əsgərimiz pisixi komaya girdi. Erməni ilə vuruşdu, daha sonra “Məni burda buraxın ölüm deyərək” başladı çayın buz kimi suyunu içməyə. Ölmək istəyirəm deyib qışqırırdı. Onu komandirimiz dəfələrlə dilə tutub bəzən də ərkiyana sillələsə də o, yeriməkdən imtina etdi.

  Beləliklə yaralı və əldən düşərək erməni tərəfdə qalan 6 əsgərimiz vardı. Bu səhnələr dəhşətli idi.

Anası ilə dialoq.

-Oğlunuz ilk dəfə döyüşə gedən də nə düşünürdünüz?

-Getməsini istəmirdim. Ancaq mane ola bilmədim. Mən oğlumu bir əsgər gedəndə, bir də yaralananda görə bildim. Ürəyimə çəkilən dağ var, amma vətən sağ olsun. Artıq oğlumun oğlu da əsgərdir. Mən qürurluyam. Qazi anasıyam, əsgər nənəsiyəm.

Yenidən Bəxtiyar bəyə dönürük:

-Bəxtiyar bəy, sülh olarsa, oğlunuz bir erməni qızı sevərsə xeyir-dua verərsiz?

-Əsla! Qayalıqda üstünü ortüb göz yaşları ilə ayrıldığım səngər yoldaşımın ruhu məni bağışlamaz.

-Bəs sabah döyüş olsa yenidən Qarabağa gedərsiz?

-Gedərəm, amma daha çox ordakı şəhid qardaşımın ziyarəti üçün. (Gözləri dolur). Mən hər gün internet üzərindən o döyüşdüyüm yerləri elektron axtarış xəritəsi ilə gəzirəm. İndi də ürəyim döyünür oraları düşündükcə. Mən açıq deyirəm müharibə üç ayın 18 yaşlı əsgəri üçün deyil, bizlər üçündü. Onlar gedib öləcəyinə, mən gedib ölərəm. Vətən sağ olsun.

 

Nihat Cəbrayıl /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir