“Onlar Azərbaycan əsgəri kimi döyüşə bilməz”

Baxılıb:230
“Onlar Azərbaycan əsgəri kimi döyüşə bilməz”

“Ermənilər körpələrimizi, qadınlarımızı, Polad Həşimov kimi generalımızı qətlə yetirəndə bilməliydi ki, ordumuzun cavabı çox sərt olacaq”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Almaz Orucova deyib. Muğam ifaçısı doğulduğu Zəngilan rayonuyla birlikdə bütün işğal altındakı torpaqlarımızın həsrətini çəkdiyini bildirib:

“Bu gün doğulduğum Zəngilanın yox, ümumilikdə bütün işğal altındakı torpaqlarımızın həsrətini çəkirik. Hamınıza ona görə təşəkkür edirəm ki, media qurumları, xalq, mədəniyyət işçiləri hamı ordumuza dəstək olur. Həqiqətən böyük bir ruh yüksəkliyinin yaranması danılmazdır. Bütün bunların hamısını Ali Baş Komandana borcluyuq. Xalq dövlətiylə, prezidentiylə, ordusuyla birləşdi. Bu gün bütün bölgələrimizdən gənclərimiz orduya könüllü yazılırlar. Ermənilər körpələrimizi, qadınlarımızı, Polad Həşimov kimi generalımızı qətlə yetirəndə bilməliydi ki, ordumuzun cavabı çox sərt olacaq. Bu gün çox qürur duyuram, öz torpaqlarımızda vuruşuruq və o yerləri işğaldan azad edirik”.

A.Orucova ölkə başçısının Qarabağla bağlı qətiyyətli çıxışının düşməni təşvişə saldığını bildirib:

“Bu gün Fransa prezidenti Makronun çıxışları adamda təəssüf hiss doğurur. Çünki ermənilər oturmayıblar və vaxtında yalançı tarix yazıblar. Bu yalançı tarixi isə xalqa təqdim edirlər. Ölkə başçımızın qətiyyətli çıxışının hamımız şahidi olduq. Ermənilərin ordan-burdan tutduğu muzdlu döyüşçüləri orduya cəlb edirlər, amma onlar Azərbaycan əsgəri kimi döyüşə bilməz, çünki onlarda o vətənpərvərlik hissi, ruhu ola bilməz. Amma bu gün bizdə kim orduya çağırılsa, qürurla müharibəyə yollanacaq”.

Muğam ifaçısı əsgərlərimizə görə gecələr gözünə yuxu getmədiyini və onlara çox inandığını bildirib:

“Mən artıq gecəni yata bilmirəm, çox həssasam, ürəyim ağrıyır. Ordumuza çox inanıram. Bu gün hər bir əsgər bizim üçün bir sərkərdədir. Bu gün Azərbaycan tarix yazır, əzəli torpaqlarını işğaldan azad edir. Hamı dövlətinin, prezidentinin, ordusunun yanındadır. Türkiyəyə də, Pakistana da dəstək olduqları üçün minnətdarlıq edirik, amma vuruşan Azərbaycan əsgəridir. Arzu edirəm ki, tezliklə sizlərə qələbə açıqlaması verim”.


Abunəlik