Naxçıvanda bu taksilər qadağan edildi

Baxılıb:116
Naxçıvanda bu taksilər qadağan edildi

Bəzi sürücülər iddia edir ki, Talıbov dövründəki sərt qadağalar geri qayıdır, bəs bunu təkzib edənlər nə deyir?

Naxçıvanda taksi xidməti üçün əvvəllər tətbiq olunan sərt qaydalar geri qayıdır. Bu qaydalara görə, Naxçıvanda taksi sürmək üçün ilk növbədə yerli istehsal olan “NazLifan” avtomobilin olmalıdır. Çünki bundan sonra taksi lisenziyası yalnız bu avtomobillərlə veriləcək. Lisenziyasız taksi xidməti göstərənləri isə sərt cəzalar gözləyir. Lakin şərtlər bununla bitmir. Taksi sürücüləri xüsusi uniforma geyinməli və hər gün üzlərini qırxmalıdırlar. Bu qaydaları pozanların lisenziyası əlindən alınacaq, onlar cərimələnəcək. Bu haqda dia.az saytı “Gündəlik Naxçıvan”a istinadən yazır. Bildirilir ki, bu məlumatları taksi sürücüləri özləri verib.

Bildirilir ki, taksi xidməti göstərmək üçün yuxarıda sadaladığımız ağır şərtlərin hamısı Vasif Talıbovun zamanında tətbiq olunurdu. Naxçıvandakı siyasi dəyişiklikdən sonra bu şərtlər aradan qaldırılmış və taksi xidməti qaydaları Bakıya uyğunlaşdırılmışdı. Sürücülər bildirir ki, avqust ayının sonlarından başlayaraq, yol polisləri reydlər keçirib, yeni qaydalara uymayanları idarəyə aparırlar. Taksi sürücüləri bildirir ki, onlara hələlik xəbərdarlıq olunub.

Naxçıvan MR DYP-dən sürücülərin ictimailəşən iddialarına hələ ki reaksiya yoxdur.

Mövzu ilə bağlı Naxçıvanda fəaliyyət göstərən bir neçə taksi sürücüsü ilə söhbətləşdik. Bildirdilər ki, əvvəlki qaydalar yenidən qayıdıb. Taksi fəaliyyəti ilə məşğul olanların lisenziya alması məsələsi yenidən tələb şəklini alıb. “NazLifan” avtomobili tələbi sərt şəkildə qoyulmasa da, yaxınlarda belə bir tələbin olacağı da istisna deyil. Belə xəbərlər dolaşır ki, oktyabrdan qadağalar sərt şəkildə tətbiq olunacaq. İndi isə qadağalar olsa da, hələ ki, tam şəkildə, Vasif Talıbovun Naxçıvana rəhbərliyi müddətdə olduğu kimi deyil. Xüsusi geyim forması, üzün hər gün qırxılması kimi tələblər hələ ki yoxdur.

Həmsöhbətimiz adının açıqlanmamasını dönə-dönə xahiş edir. Deyir ki, əks halda, problem yaşaya bilər. Digər həmsöhbətimiz də taksi fəaliyyəti ilə ailə saxlayır. Deyir ki, Naxçıvanda rəhbərli dəyişəndən sonra sərt qadağalar aradan qalxıb. İndi isə Vasif Talıbovdanqalma qadağaların bəziləri geri qayıdır. Taksi fəaliyyəti ilə bağlı da keçmişdə olan qadağalar da tədricən tətbiq edilməyə başlayır. Həmsöhbətimiz deyir ki, Vasif Talıbovun dövründə taksi fəaliyyəti ilə məşğul olanlar Naxçıvanda zavodda yığılan avtomobil “NazLifan” almalı idilər. Bundan sonra həmin şəxsə taksi fəaliyyəti üçün lisenziya verilir, hər gün üzünü qırxmaq, əyninə forma geymək kimi tələblər qoyulurdu. Kimsə “NazLifan” markası olmayan avtomobilinə lisenziya ala bilmirdi. “NazLifan” olmayan avtomobillərə lisenziya verilməsi qadağan olunmuşdu. İndi də eyni durumdur. Lisenziya “NazLifan”ı olmayanlara verilmir. Taksi işarəsi üzərinə qoyub maşın sürmək də olmur. Polis saxlayır, cərimələyir. “Oğurluq edirmiş kimi taksi sürürük ki, ailəmizə bir tikə çörək qazana bilək. Bununla belə, hələ ki birtəhər başımızı salamat saxlaya bilirik, ümid edirik ki, bizlərə də çörək qazanmağa imkan veriləcək”, – deyə mənbə bildirib.

Mehman adlı taksi sürücüsü isə hazırkı durumdan razılıq edir. Deyir ki, əvvəl onlardan xüsusi forma geyinməyi tələb edirdilər. İndi belə bir tələb yoxdur. Digər qadağalar, o cümlədən ancaq bir rayondan sərnişin götürmək, geri qayıdarkən boş maşın sürmək, yalnız Naxçıvan istehsalı olan maşın sürmək və s. kimi məhdudiyyətlər də yığışdırılıb. Polislərin də boş yerə taksi sürücülərini narahat etmədiyini bildirdi.

Maraqlıdır ki, bir neçə gün əvvəl Naxçıvanda yeni fəaliyyətə başlayan *8777 taksi şirkətinə qarşı təzyiqlərin olması ilə bağlı bəzi sosial şəbəkə hesablarında məlumatlar yayılmışdı. Naxçıvan MR DİN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, *8777 taksi şirkətinin muxtar respublika üzrə təmsilçisi kimi özünü təqdim edən V.Babayev barəsində daxil olan çoxsaylı müraciətlər əsasında onun digər taksi sürücülərinə qarşı qeyri-qanuni hərəkətlər törətməsi müəyyən edilib. Fəaliyyət sahəsi üzrə zəng qəbul edib yönəltdiyi taksi sürücülərinin şikayətləri əsasında onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə onun barəsində 25 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub. Bundan başqa, şirkətin rəhbəri Həsrət Paşayevin Naxçıvanda fəaliyyət göstərən taksi sürücülərini təhdid etməsi ilə bağlı əlavə müraciətlər də daxil olub. Sürücülər həmin səsli təhdid ismarışlarını polis orqanına təqdim ediblər. Hazırda araşdırmalar davam etdirilir.

Yada salaq ki, Naxçıvanda taksi qadağaları 2022-ci ilin dekabrında aradan qaldırılmışdı. Ötən il dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının mərkəzi Naxçıvan şəhərində taksi sürücülərinin Ali Məclisinin binası qarşısında aksiya keçirmişdilər. Bundan sonra qadağalar aradan qalxmışdı. 10 ilə yaxın davam edən qadağalar müddətində Naxçıvanda istənilən adam taksi sürücüsü işləyə bilməzdi. Vasif Talıbovun dövründə taksi maşınları yalnız “NazLifan” markalı avtomobillər olmalı idi. Başqa maşınlara taksi işləməyə icazə vermirdilər. Etiraz edən kimi maşınları cərimə meydançasına aparırdılar, lisenziyamızı isə ləğv edirdilər. Sürücülər acından ölməmək üçün məcbur olub qadağalarla razılaşırdı. O dövrdə 20 min manat satış qiyməti olan “NazLifan” markalı avtomobilləri 35 min manata satırdılar. Həmin avtomobillər Naxçıvan MR-də qurulan zavodda yığılır.


Abunəlik