Millət vəkili 41 saylı məktəbin şəhid məzunların xatirəsinə təşkil etdiyi tədbirdə iştirak etdi-FOTOLAR

Baxılıb:453
Millət vəkili 41 saylı məktəbin şəhid məzunların xatirəsinə təşkil etdiyi tədbirdə iştirak etdi-FOTOLAR

30.10.2021-ci il tarixində 41 nömrəli tam orta məktəbdə Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə MM-in deputatı Hicran xanım Hüseynova, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri- Fərman Kazımov, Samir Bədəlov, Qarabağ Əlillər Cəmiyyəti və Şəhid ailələrinin işi üzrə şöbənin müdiri Tərlan Hacızadə, məktəbin şəhid məzunları – Allahverdizadə Elnur Əli oğlunun anası Həsənova Süsən Bayram qızı və şəhid İmanov Ənvər Emil oğlunun anası İmanova Mədinə Qulu qızı iştirak edirdi. Tədbiri məktəbin direktoru Babayeva Gülnarə giriş sözü ilə açaraq Zəfər Gününün əhəmiyyətini, müasir Azərbaycan tarixində xüsusi mərhələ olduğunu qeyd etdi. Millət vəkili Hicran Hüseynova tədbir iştirakçılarını salamlayaraq,bildirdi ki, artıq bir xalq olaraq, dövlət olaraq qürur hissi keçiririk, çünki uzun illərdən sonra əsl müstəqilliyə nail olur, tarixi ədaləti bərpa edirik. Əlbəttə ki, bu bizim qəhrəman oğullarımızın canı, qanı hesabına başa gəlmişdir. Bir daha şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, qazilərimizə şəfa arzulayırıq. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına böyük ehtiramın göstəricisidir. Müasir Demokratik Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərə sadiq qalaraq bu gün hörmətli Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Və artıq ölkəmiz nəinki regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, Azərbaycan əksər regional və ya beynəlxalq layihələrin əsas tərəfdaşıdır. Və əlbəttə ki, bunun əsasında ölkə başçısının həyata keçirdiyi düşünülmüş siyasəti dayanır. Əlbəttə ki, bu Şanlı Qələbə həm də bölgədə yeni reallıq yaratmışdır. Artıq hər kəs qəbul edir ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və o öz tarixi torpaqlarınızı azad etməklə ərazi bütövlüyünü bərpa etdi. Bu bütövlükdə regionda yeni vəziyyət yaratmışdır. Bu baxımdan regionun siyasi və iqtisadi aktuallığı durmadan artır. Xüsusilə də Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bütün bunlar, öz növbəsində, azərbaycanlıların Zəngəzur, İrəvan, Basarkeçər və digər tarixi torpaqlarına qayıdışına səbəb olacaq.
Lakin, bu imkanları bizim üçün yaradan çəsur əsgərlərimizi, qəhrəman şəhidlərimizi də unutmuruq. Yaralanan döyüşçünün yarası hər bir azərbaycanlının yarasıdır. “Mən hər zaman qazilərin yanında olacağam” deyən Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş olmuşdur. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir.
Daha sonra digər qonaqlar çıxış edərək xalqımızın şərəfli tarixindən, əsgər və zabitlərimizin igidliyindən, onlara dövlət tərəfindən göstərilən qayğıdan ətraflı bəhs etdilər. Şəhid Allahverdizadə Elnur Əli oğlu və Şəhid İmanov Ənvər Emil oğlunun döyüş yolundan danışılmışdır. Şəhid Allahverdizadə Elnur Əli oğlu Agdam-Xocavənd,şəhid İmanov Ənvər Emil oğlu isə Xankəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşlar.
Tədbirin sonunda 41 nömrəli məktəbin şagirdləri tərəfindən hazırlanan ədəbi-bədii kompazisiya təqdim edildi.


Abunəlik