İlk repressiya olunan Azərbaycan qadını Ümgülsüm Sadıqzadə

Baxılıb:1399
İlk repressiya olunan Azərbaycan qadını Ümgülsüm Sadıqzadə

İlk repressiya olunan Azərbaycan qadını.

1937-ci ilin qurbanlarından olan Ümgülsüm Sadıqzadə 1900-cü ildə ruhani ailəsində anadan olmuşdur. Bakının Novxanı və ətraf kəndlərində məşhur olan Əbdüləziz kişinin üçüncü qızı hələ uşaq yaşlarından ədəbiyyata, şeirə, sənətə meyl göstərirdi.Doqquz yaşlarından şeir yazmağa başlayan Ümgülsüm ilk təhsilini ata-anasından almışdır. Fars və türk dillərini, daha sonra isə klassik Azərbaycan və şərq ədəbiyyatını ona valideynləri öyrətmişdir.

Get-gedə genişlənən bilikləri və istedadı ona heca və əruz vəznində gözəl şeirlər yazdırırdı.Əlbəttə ki, onun bu istedadı tezliklə diqqət çəkdi. O, 1914-cü ildən etibarən artıq – “Açıq söz”, “Birlik”, “İqbal”, “Yeni İqbal”, “İstiqbal”, “Azərbaycan”,. “Ədəbiyyat”, “Şərq qadını” kimi mətbu orqanlarda çıxış etməyə başladı.
Milli ruhlu şeirləri ilə tez bir zamanda ədəbi aləmdə tanınmağa başlayılan gənc şairlərin istedadı və cəsarəti o vaxt mətbuatda qadın azadlıqları, hüquqları uğrunda mübarizəyə həsr olunmuş məqalələrlə çıxış edən Seyid Hüseynin də diqqətindən yan keçmədi.

Seyid Hüseynlə də tanışlıqları da qəribə olmuşdur.
Ümgülsüm kimi gənc bir qızın yazıları ilə mətbuatdan tanış olan Seyid Hüseyndə onu tanımaq istəyi baş qaldırmışdı. Bir gün onların tanış olması üçün gözəl bir şərait yaranır. Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasının ilk dəfə Bakıda tamaşası zamanı Hüseyn Cavid onları tanış edir. Bu tanışlıq qısa zamanda səmimi sevgiyə çevrilir.1920-ci ildə evlənən cütlüyün dörd övladı dünyaya gəlir. Cığatay, Toğrul, Oqtay və Qumral.

Gənc ailə artıq əsməkdə olan repressiya rüzgarını hiss edirdi. Onların oğlu Xalq rəssamı Oqtay Sadıqzadə xatirələrində qeyd edirdi ki, biz hər gün qapının döyüləcəyini gözləyirdik. Və o acı gün gəlib çatır.
Ümgülsümün həyat yoldaşı Seyid Hüseyni 1937-ci il, iyulun 15-də Şüvəlandakı bağında həbs edirlər. Oğlu Toğrulun – “Ata, nə vaxt qayıdacaqsan” sualı cavabsız qalır. 1938-ci ilin yanvar ayında Seyid Hüseyn güllələnir.

Bundan sonra növbənin Ümmügülsümə çatması şübhəsiz ki gözlənilən idi.1937-ci ilin noyabrın 2-də onu “xalq düşməninin ailəsi” kimi həbs edib Bayıl həbsxanasına salırlar. Beləcə, 37- nin 37 yaşlı repressiya qurbanı olur Ümgülsüm Sadıqzadə. Həm də ilk repressiya olunan Azərbaycan qadını…

Ona səkkiz il iş kəsilərək 1938-ci ildə Mordova Muxtar Respublikasının Yavas qəsəbəsində Telmaq əmək islah düşərgəsinə göndərilir.O, düşərgədə olduğu müddətdə ağır sürgün günlərini yazmaqla ovunurdu. “Qala xatirələrim” beləcə yaranır. O, Mikayıl Müşfiqin sevimli Dilbəri ilə eyni düsərgədə olub, onun vəziyyətini acı ilə qələmə alıb.
Ümgülsüm Sadıqzadə repressiya dalğasının günahsız “günahkarı”, ” müqəssiri” idi. Ən böyük günahı isə pantürkist damğası ilə həbs olunmuş yazıçı Seyid Hüseynin həyat yoldaşı, Məmməd Əmin Rəsulzadənin ilə yaxın qohumu olması idi.

“,,,Ey buzlu şimaldan qopan rüzgar! Toxunma qəlbimə, atəşi parlar”- deyən bir qadını susdurmaq, cəzalandırmaq rejimin bacaracağı “ən yaxşı iş” idi. Cəza olaraq ailəsindən uzaq salınması yetməzmis kimi, artıq 1942-ci ildə 20 yaşına çatan oğlu Oqtayın “xalq düşməninin” xalq düşməninin oğlu oğlu” kimi sürgün olunması ana qəlbinə daha bir dağ basdı.

Oqtay sürgündən azad olunanda Ümgülsüm artıq dünyada yox idi. Kiçik oğlu Cığatay isə işçi batalyonundan xəstə qayıtmış və qısa zaman sonra vəfat etmişdir.
Repressiya onların nəslindən on üç qurban aldı. On üç yaşanmamış, yarımçıq qalmış həyat…
Repressiya illərinin sərt küləkləri sakitləşdi. Ölkədə siyasi vəziyyət dəyişdi, elə bir gün gəldi ki, çoxları kimi Seyid Hüseyn və Ümgülsüm xanım da bəraət aldı. Ancaq bu bəraət digər repressiya qurbanları kimi, onların da taleyini dəyişmədi…

Sürgündə olarkən ümidsizlik girdabında çırpınan bir nalə qopurdu sanki qadın qəlbindən . O nalə “Günəşim bir daha dogmayacaqmı ?” deyirdi.

Gunəşim bir daha dogmayacaqmı?
Vəhşi qaranlığı bogmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum, ümidini qırma dedilər…

Ümidini qırmamağa çalışsa da, bir qadın qəlbi sonsuzadək əzaba dözə bilmir, inciyir, sızlayır, yara bağlayır, döyünməkdən yorulur və bir gün… susur.(umayclub)


Abunəlik