İlk Azərbaycan gerbi niyə dəyişdirildi? Rəssam Rafiq Məmmədov səbəbləri açıqladı
Azərbaycanın dövlət rəmzlərinin hər birinin öz tarixi var. Bayrağımızın ilk formaları, yaranması və onun üzərindəki hər bir elementin mənaları haqqında hamımız məlumatlıyıq. Hazırkı dövlət gerbi də müəyyən formalaşma dövrü keçib, ilkin variantlar təklif olunub, sonda ən optimal variant təsdiqlənib. Onun hazırlanması üçün keçirilən müsabiqədə rəssam dizayner Rafiq Məmmədov iştirak edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi ilk andiçmə mərasimini, “Əsrin müqaviləsi” və bir çox beynəlxalq tədbirlərin interyer dizaynının müəllifidir.
Azətac-a açıqlama verən rəssam dizayner Rafiq Məmmədov qeyd edir ki, 1991-ci ildə Azərbaycan müstəqil olandan sonra gerbin hazırlanması üçün dövlət səviyyəsində müsabiqə elan olunub. Həmin vaxt mindən artıq gerbin eskizi komissiyanın seçiminə təqdim edilib.
Rəssamın sözlərinə görə, o da müsabiqəyə Azərbaycan xalçası ilə bağlı gerb təqdim edib . Xalçalarda simvol tapdığını deyən R.Məmmədov qeyd edib ki, dünyanın əksər gerblərinin üzərində quş şəkili var. Ona görə də müəllif xalçadakı quş şəkillərini gerbə köçürüb. Müsabiqə birinci yeri tutduğunu deyən rəssam gerbin üzərindəki rəmzin təsadüfü olmadığını söyləyir. Onun fikrincə, xalçalarda bir-birinin qarşısında duran quşlar dostluq, bərabərlik rəmzidir.
Lakin 1992-ci ildə müsabiqənin nəticələri ləğv olunub. Gerbin hazırlanması işinə yenidən başlanıb.
Rafiq Məmmədov bildirir ki, yeni müsabiqə təşkil olundu. Sonrakı mərhələdə 1920-ci ildə gürcü rəssam Knyaz Şerşavidze tərəfindən hazırlanan simvol Milli Məclisin müzakirəsinə çıxarılıb. Lakin bu peşəkar rəmzə bənzəmədiyi üçün Milli Məclis tərəfindən qəbul olunmayıb.
Daha sonra ona zəng olunaraq bu simvolun üzərində işləməsi ilə bağlı tapşırıq verildiyini deyən rəssam gerbin geraldika sənətinə uyğun hazırlandığını bildirib.
Müəllifin sözlərinə görə, gerb üzərindəki şəkillərin hamısının mənası var. Məsələn taxıl bolluqdur, palıd möhkəmlikdir, gerbdə, eyni zamanda, bayraq və 8 guşəli ulduz həkk olunub. Gerbin üzərindəki alova oxşayan simvol isə əslində yazıdır. Müəllif qeyd edir ki, məşəl allah sözü ilə əvəzlənib.
Rafiq Məmmədov deyib: “Arxivdə apardığı araşdırmalar zamanı məlum oldu ki, 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin gerbi olmayıb. O zaman Gürcü rəssam Knyaz Şerşavidzeye gerbin hazırlanması tapşırılır. Rusiyada teatr rəsmi olan Şerşavidze rəmzi 1920-ci ildə hazırlayır, ancaq bolşevik işğalı nəticəsində gerb qəbul olunmur”.