Gül adıyla çətənə kolu əkdi, polis yaxaladı
Sumqayıt şəhərində narkotik tərkibli bitkilər becərən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzTimes.az-a verilən məlumata görə, Sumqayıtçay ərazisinin yaxınlığında, çəpərlənmiş sahənin kənarında bir nəfərin narkotik xassəli bitkiləri əkib-becərməsi, ərazidə aqrotexniki qaydada qulluq edilən çətənə kollarının əkdiyi aşkar edilib. Tədbirlər cinayət yoluna qədəm qoyan həmin şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində davam etdirilib. Həmin ərazi nəzarətə götürülüb, narkotərkibli bitkiləri əkərək mütəmadi olaraq ona qulluq göstərənin yaxalanması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat tədbirləri görülüb.
Cari il mayın 13-də ehtimal edilən bir şəxsin günorta vaxtı çətənə kollarına qulluq etdiyi müşahidə olunub. Şübhəli şəxs polis əməkdaşlarını görərkən guya əkdiyi güllərə su verdiyini iddia edib. Çətənə kollarını əkərək onlara qulluq göstərən şəxs 2-ci Polis Bölməsinə gətirilib. Bu şəxsin Sumqayıt şəhər sakini Z.Cəfərov olduğu müəyyənləşdirilib. İlkin araşdırma zamanı saxlanılan şəxs çətənə kollarını özünün narkotik vasitələrə olan tələbatını ödəmək məqsədilə əkdiyini bildirib. Z.Cəfərov maddi sübut kimi götürülmüş 8 ədəd çətənə kolu ilə birlikdə istintaq orqanına təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, istintaq gedir.