“Fransa Milli Assambleyası Azərbaycana qarşı beynəlxalq hüququ kobud şəkildə pozub”-Millət vəkili danışdı

Baxılıb:176
“Fransa Milli Assambleyası Azərbaycana qarşı  beynəlxalq hüququ kobud şəkildə pozub”-Millət vəkili danışdı

Fransa Milli Assambleyası Azərbaycana qarşı qərəzli, ədalətsiz, həqiqəti əks etdirməyən qətnamə ilə beynəlxalq hüququ kobud şəkildə pozmuşdur.

Fransa Milli Assambleyasının belə bir qətnamə qəbul edəcəyi gözlənilən idi. Bu son üç ildə Azərbaycana qarşı böhtan və təxribat dolu dördüncü qətnamədir. Sənədin məzmunu bütün hüquq və norma prinsplərinə  ziddir, bir tərəfli qaydada, ikili standartlar formatında hazırlanmışdır. Azerbaycanın 30 ilə yaxın Ermənistan işğalına məruz qalması, şəhər və kəndlərimizin talan edilməsi, xarabaya çevrilməsi, ekoloji və humanitar fəlakətin törədilməsi  haqqında fikir yoxdur. Bu sənəddə, I Qarabağ müharibəsi zamanı xüsusi qəddarlıqla qətlə yetirilən, kütləvi məzarlıqlarda basdırılan, hələ də taleyi naməlum qalan 4000-ə yaxın azərbaycanlı, o cümlədən, qadın və uşaqlar barəsində məlumat öz əksini tapmamışıdır.  Bu sənəddə Ermənistanın müharibə zonasından kənarda yerləşən kənd və şəhərlərimizin  qadağan olunmuş raketlərlə vurması, müharibə cinayətləri törətməsi, hətta müharibədən sonra da minaların basdırılması haqqında heç bir fikir yer almamışdır.
Bütün bu tipli qətnamələr Fransa Milli Assambleyasının, Fransa Senatının, Fransa Hökumətinin, Fransa prezidentinin Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı, bütövlükdə sülhə, təhlükəsizliyə, ədalətə, bərabərliyə böhtandır. Bu həm də Cənubi Qafqazda sülh prosesinə ciddi əngəldir.
Uzun illər müstəmləkəçilik siyasəti həyata keçirən milyonlarla insanı işgəncə ilə qətlə yetirən bir ölkədən, islamofob və türkofob, azərbaycanofob siyasət yürüdən bir dövlətdən ancaq belə bir ədalətsiz qərarın qəbul edilməsi gözləniləndir.   Noyabrın 25-də ADA-da keçirilmiş konfransda Cənab Prezident Fransanın prezidenti Makronun Azərbaycan – Ermənistan münasibətlərinin normallaşdırılması və sülh prosesinə qərəzli münasibəti ilə bağlı fikirlərini bildirmişdir.
Dünyaya insan azadlığı, demokratiya və hüquq bərabərliyi ilə bağlı dərs keçməyə cəhd edən bir ölkə Senatı, Milli Assambleyasının bütün hüquqi və mənəvi qaydaları pozub belə bir qətnamə qəbul etməsi böyük ədalətsizlikdir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur.
Fransa Senatının və Milli Assambleyasının bu kimi destruktiv və təxribatçı addımları Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur. 
Azərbaycan Respublikası müstəqil dövlət olaraq, bütün ölkələrlə münasibətləri bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirir. Hər kəs anlamalıdır ki, 2020-ci ilin payızında xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün və haqq-ədalətin bərpasını təmin etmişdir. Azərbaycanın işi haqq işidir. Bu haqq işimizdə nə Fransa, nə də digər ölkələr bizə maneə ola bilməz!

Millət vəkili Hicran Hüseynova AzTimes.az


Abunəlik