Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Baxılıb:46
Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Prezident İlham Əliyevin bu gün Moskvaya işgüzar səfəri bir sıra mühüm hadisə fonunda baş tutur:

– Rusiya sülhməramlıları Azərbaycan ərazisini vaxtından əvvəl tərk edir;
– Qazaxın işğal altındakı kəndlərindən dördünün qaytarılması haqda razılaşma ilə delimitasiya prosesində ciddi irəliləyiş baş verir;
– Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri gözlənilir;


Qarabağdan tamamilə çıxan Rusiya Cənubi Qafqazda mövqelərinə yaranmış risklərdən narahatdır və bəllidir ki, Bakı-İrəvan xəttində iştirakçılığını bu və ya digər formada saxlamağa çalışacaq. Moskvada Əliyevlə Putin bu kontekstdə iki məsələni müzakirə edə bilər.

Birincisi, Moskvanın təşəbbüsü ilə Azərbaycan-Rusiya-Ermənistan formatında görüşün keçirilməsidir: Paşinyan Moskvaya səfər edərsə, Putin bu məsələni onunla da müzakirə edəcək, lakin əvvəlcə Əliyevlə razılaşmağa ehtiyac var;

İkincisi, Moskva Bakı-İrəvan xəttində iştirakını bundan sonra əsasən sərhədin delimitasiyası məsələsi üzərindən təmin edə bilər, bunun üçün delimitasiya prosesində Rusiya Baş Qərargahında saxlanılan xəritələrin aktuallaşması lazımdır;

4 kəndin qaytarılması ilə nəticələnən 19 aprel razılaşması xəritələri arxa plana keçirir, hərçənd, razılaşma Bakıya sərhədin digər hissələrinin delimitasiyasında prinspin dəyişdirilməsi – xəritələrin ön plana çıxarılması imkanını da verir. Moskva Bakıdan sərhədin digər hissələrinin müəyyənləşməsində xəritələrdən çıxış etməsini istəyə bilər. Ki, bu həm də SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizlə bağlı olduğu üçün Azərbaycanın da maraqlarına uyğundur. Bakı və Moskvanın bu məsələdə uzlaşan gündəliyi müzakirə mövzularında biri ola bilər.

Ümumilikdə Əliyevlə Putinin əsas gündəliyi sülhməramlıların gedişindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətlə bağlıdır. Ermənistanda anti-Rusiya siyasi xəttin inkişafı Moskvanın bölgədə Azərbaycanı əsas tərəfdaş kimi görməsini şərtləndirib. Bu kontekstdə Moskva saatını Bakı vaxtı ilə uyğunlaşdırmaq istəyir.


Abunəlik