Elçin Alioğlu koronovirusun şifrəsini açdı- Araşdırma

Baxılıb:324
Elçin Alioğlu koronovirusun şifrəsini açdı- Araşdırma

“Çin koronavirus təhlükəsinin öhdəsindəən gəldi”, “Çin bunu bacardı”, “Çin effektiv menecmentini bir daha təsdiqlədi”. Və sair və ilaxır.
COVİD-19 pandemiyası ilə Çində çox effektiv mübarizə aparılması, hətta fenomenal nəticələrin əldə olunması barədə yüzlərlə, minlərlə, on minlərlə məqalə, yazı, reportaj və s. var.
Ola bilər.
Amma Çinin çox gizli saxladığı, üstünün açılmasını əsla istəmədiyi bir sirr var.
O, “Səmaaltı imperiya”da koronavirus təhlükəsinin hər vəchlə gizlədilməsi olub.
Bundan bəhs etmək istəyirəm.
… COVİD-19 koronavirus pandemiyasının tarixi hələ yazılır, əfsuslar. Lakin elə indi, faktiki ilkin mərhələdə görmək olur ki, bəlanın yaranma dönəmində qəbul edilən qərarlar dürüst olsaydı, dünya belə dəhşətli təhlükə ilə üzləşməzdi.
Gerçəklər acıdır. Çox acı.
Məsələn, Çində rəsmi qurumlar koronavirusun yayılmağa başladığı dönəmlərdə “bu virus insandan insana keçmir” deyirdilər.
Və ya Ümumdünya Səhiyyə Təşkilatı da Çinin hakimiyyət dairələri ilə razılaşıb buyurmuşdu ki, bəli, belədir.
İtaliya, ABŞ, Fransa, İspaniya, Britaniya – koronavirusla bağlı situasiya çox ağırdır.
Bəs Çindən dəqiq, konkret, ən əsası isə dürüst məlumağlar gəlsəydi, dünya ölkələri yoluxmaya hazır ola bilərdilərmi?
Yəqin ki…
Çində koronavirusla bağlı durumun xronoligiyasına baxaq. Emosiyasız, şərhsiz, sadəcə faktlarla.
2019-cu il, 1 dekabr. Çinin Uhan şəhərindəki bazarlardan birində yarasadan insana COVİD-19 koronavirusu keçir.
6 dekabr. The Lancet jurnalının dərc etdiyi tədqiqatın nəticələrində də dekabrın 1-də Çində bir nəfərdə koronavirus aşkarlandığı təsdiqlənir. Onun arvadı bazara yollanmasa da, dekabrın 6-da pnevmoniya simptomları ilə xəsitəxanaya yerləşdirilir. Başqa sözlə, 2019-cu ilin dekabr ayının ikinci həftəsində Uhanda yaşananlar göstərirdi və ən başlıcası, sübut edirdi ki, koronavirus insandan insana keçir.
21 dekabr. Uhanda həkimlər “naməlum səbəbli pnemvoniya halları klasteri”ni qeydə alırlar.
25 dekabr. Çinin Uhan şəhərindəki iki hospitalın personalı pnemvoniyaya yoluxmaqda şübhəli bilinir və karantinə salınır. Virusun insandan insana keçdiyi bir daha sübut olunur.
28 dekabr. Uhandakı xəstəxanalarda naməlum xəstəliyə yoluxma halları həndəsi silsilə ilə artır. Həmin adamların heç biri Uhandakı dəniz məhsulları bazarında alış-veriş etməmişdilər.
30 dekabr. Uhanlı həkim Li Venlan WeChat (WhatsApp-ın Çindəki analoqu) messencerindəki qrupa mesaj yazaraq şəhərdə ağır və təhlükəli naməlum xəstəliyin yayıldığını yazır. Onun fikrincə, xəstəlik SARS (Severe acute respiratory syndrome-related coronavirus, SARS-CoV) koronavirusunu xatırladır. Li Venlan virusa qarşı təcili tədbirlər görülməsinin labüdlüyünü vurğulayır.
31 dekabr. Uhanın bələdiyyə səhiyyə komissiyası bəyanat yayır: “Bu günədək aparılan tədqiqatlar və araşdırmalar infeksiyanın adamdan adama keçməsi, habelə tibbi personalın bu infeksiyaya yoluxma hallarını aşkarlamayıb”.
Halbuki həmin anda Uhanda artıq iki həkim virusa yoluxmuşdu. Yalnız üç həftə sonra rəsmi Pekin Ümumdünya Səhiyyə Təşkilatına məlumat verir. Üç həftə “sükut”…
Şanxaydakı Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin sabiq əməkdaşı Tao Lin deyir: “Narahatlığa heç bir əsas yoxdur. Yoluxmaların qarşısını ilkin mərhələdə ala bilərik. Xəstəliklərə nəzarət sistemimizi, fövqəladə hallara hazırlıq səviyyəmizi və səhiyyə sistemimizini nəzərə alsaq, problemin öhdəsindəən gələcəyik”.
2020-ci il, 1 yanvar. Uhanın İctimai Təhlükəsizlik İdarəsi “qalmaqallı” həkim Li Venlanı evdən aparır, ifadəsini alır və onu “şayiələrlə əsassız məlumatlar, uydurmalar yaymaq”da suçlayır.
Yanvarın 3-də şəhər polis idarəsində Li Venlan “könüllü” açıqlama yazır: “Yanlış davrandığımı anladım. Bundan sonra qanunsuz əməllər etməyəcəyimə söz verirəm”.
Virusa yoluxma faktlarını ilkin qeydə almış həkimlər 7 nəfər də evlərindən aparılır, həbs olunur. Onların taleləri hələ də naməlumdur.
Bir gün sonra Hubey vilayətinin Səhiyyə İdarəsinin əməkdaşlarından biri genetik mühəndislik sektorunda çalışan şirkətin əməkdaşına zəng vurub Uhanda yayılmağa başlamış yeni virusun nümunələrinin testlərinin dayandırılmasını, bütün nümunələrin məhv olunmasını tapşırır.
Həmin vaxt artıq 175 min insan Uhanı tərk etmişdi. 21 ölkənin aviaşirkətlərinin təyyarələri Uhandakı hava limanına enir və qalxırdıılar. Sadəcə, bir fakt: 2019-cu ilin ilk rübündə Uhandan ABŞ-a 13267, İtaliyaya 8234 sərnişin yollanmışdı.
2 yanvar. Uhandakı xəstəxanalarda aparılan testlər və tədqiqatlar yalnız 41 pasiyentdən 27-nin dəniz məhsulları bazarı ilə bağlı olduğunu ortaya çıxarır. Bu isə virusun insandan insana keçdiyini bir daha təsdiqləyir.
Bəyanatda deyilir: “Hazırda əldə olunan sübutlar göstərir ki, 2019-nCoV insandan insana keçir. Bu virusun insandan insana yoluxma ilə bağlı daha effektiv imkanlar əldə etməsi bizi narahat edir”.
Elə həmin gün Uhan Virusologiya İnstitutu yeni virusun genor xəritəsini hazırlayıb başa çatdırır. Amma… Rəsmi Pekin bu barədə hələ bir həftə susacaqdı.
3 yanvar. Çinin hakimiyyət dairələri yeni virus barədə istənilən məlumat və informasiyanın yayılmasının qarşısını almağa çalışır. Ölkə səhiyyəsində ali struktur olan Milli Səhiyyə Komissiyası bütün qurumlara yeni virusla bağlı istənilən məlumatı açıqlamağı qəti qadağan edir.
Eyni zamanda, həmin qurumlara tapşırılır ki, onlarda olan yeni virus nümunələri ya siyahısı təsdiqlənmiş sınaq laboratoriyalarına təhvil verilsin, ya da məhv edilsin.
ABŞ kəşfiyyatı bundan xəbər tutur. ABŞ-ın səhiyyə nazirliyinin katibi Aleks Azar etiraf edir ki, bu barədə nazirə operativ məlumatlar verilib: “O, həmin məlumatları Milli Təhlükəsizlik Şurasına çatdırmalı idi”. Çatdırdımı?!
Yanvarın 3-də Uhanın Bələdiyyə Səhiyyə Komissiyası bəyanat yayırr: “Aparılmış ilkin tədqiqatların nəticələrinə əsaslanaraq bəyan edirik ki, virusun insandan insana keçməsi ilə bağlı heç bir sübut yoxdur və tibbi personaldan da kimsə virusa yoluxmayıb”.
4 yanvar. Honkonq Universitetinin Yoluxucu Xəstəliklər Mərkəzinin direktoru Ho Pak Lyun deyir: “Çindən aldığımız qeyri-rəsmi məlumatlara əsaslanaraq bildirirəm ki, Honkonq yeni virus pnevmoniyasının monitorinqi ilə bağlı mümkün olan ən sərt sistemi tətbiq etməlidir. Çində onlarla insan bu virusa yoluxub və fikrimcə, virus insandan insana keçir”.
5 yanvar. Uhanın Bələdiyyə Səhiyyə Komissiyası daha bir bəyanat yayır: “Bəli, yoluxanlar var. Lakin virusun insandan insana keçməsi ilə bağlı heç bir sübut yoxdur və tibbi personaldan da kimsə virusa yoluxmayıb. Bunlara dəlalət edəcək heç bir sübut yoxdur”.
6 yanvar. Uhanda pnevmoniyaya bənzəyən virusa 59 nəfər yoluxub. ABŞ-ın Federal Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyi (Centers for Disease Control and Prevention, CDC) Çində virusun yayılmağa başladığını təsdiqləyir. Xəbərdarlıq bəyanatında deyilir: “Uhanda sakinlərlə təmaslardan çəkinin”. CDC rəsmi Pekinə müraciət edərək virusun araşdırılmasına yardım məqsədilə Çinə mütəxəssislər qrupu yollamağı təklif edir. Çin imtina edir.
8 yanvar. Çinin hakimiyyət dairələri iddia edirlər ki, yeni virusu identifikasiya ediblər. Yəni müəyyənləşdiriblər. Qərb, xüsusilə də ABŞ mediası təkrarlayır: “Virusun insandan insana keçməsi və bununla da onun çox ciddi təhlükə kəsb edəcəyinə dəlalət edən bir bir sübut yoxdur. Virusun hansısa formada ölümə səbəb olmasına da heç nə dəlalət etmir”.
Ümumdünya Səhiyyə Təşkilatı isə bəyanat yaydı: “Yeni virusun bu qədər qısa müddətdə ilkin identifikasiyası böyük uğurdur və Çinin virusun yeni yayılmalarının öhdəsindən gəlməklə bağlı arrtan imkanlarını nümayiş etdirir…
ÜST səyahətə çıxanlara hansısa konkret tədbirlər görməyi məsləhət bilmir. Malik olduğumuz məlumatlar əsasında Çindən səfərlərin məhdudlaşdırılması və ya Çinlə ticari münasibətlərin azaldılması istiqamətində hər hansı addımlara zərurət duymuruq”.
10 yanvar. Uhanda virusa yoluxmuş pasiyentin müalicəsindən sonra Li Venlanın bədən hərarəti artır, o ösükrməyə başlayır. Yanvarın 12-də Venlan xəstəxanaya yerləşdirilir. Sonrakı günlərdə doktor Linin durumu daha da pisləşir. İntensiv terapiya bölməsinə yerləşdirilən Venlan süni ağciyər ventilyasiyası aparatına qoşulur.
Uhanın Bələdiyyə Səhiyyə Komissiyası yeni bəyanat yayır: “Yeni virusun insandan insana keçməsi ilə bağlı heç bir sübut yoxdur”. Çində isə həkimlər virusun ailədə bir adamdan başqasına keçməsini qeydə alırlar.
11 yanvar. Uhanın Bələdiyyə Səhiyyə Komissiyasının yeni bəyanatı: “Yeni virusa yoluxmuş adamlarla təmasda olmuş 739 nəfər, o cümlədən 419 tibb işçisi tibbi müayinədən keçirilib.
Onlarda yoluxma faktları aşkarlanmayıb. Yanvarın 3-dən bəri yeni yoluxma faktları qeydə alınmayıb. Hazırda tibbi personalın virusa yoluxması ilə bağlı heç bir fakt yoxdur. Virusun insandan insana keçməsinə dəlalət edəcək heç bir sübut yoxdur. Uhanda pnevmoniyaya yoluxma ilə bağlı müəmmalı halların əksəriyyəti dəniz məhsulları bazarı ilə aşkar əlaqədədir”.
Elə həmin gün Hubey vileyətinin rəhbərliyi regional görüşə başlayır. 4 gün davam edən görüşdə koronavirusla bağlı bir kəlmə deyilmir. Halbuki virus Uhanda artıq tüğyan edirdi…
13 yanvar. Taylandda 61 yaşlı çinli qadında koronavirus aşkarlanır. O, Taybeyə Uhandan gəlmişdi. Tayvanın Səhiyyə Nazirliyi bəyan edir: “Bu qadın Uhandakı dəniz məhsulları bazarında olmayıb və yanvarın 5-də onda yüksək hərarət başlayıb. Lakin bununla belə, qadın Uhandakı başqa bazarlarda olub. Həmin bazarda isə diri və ölü heyvanlar, quşlar, sürünənlər və həşəratlar satılır”.
14 yanvar. Uhanın Bələdiyyə Səhiyyə Komissiyası bəyanat yayır: “Yoluxanlarla yaxın təmasda olanlar arasında yoluxma faktları aşkarlanmayıb”. Uhanlı həkimlər isə bilirdilər ki, bu bəyanat yalandır: hələ ötən bilin dekabr ayının əvvəllərində ilk koronaviruslu pasiyent bazara getməmiş arvadını yoluxdurmuşdu.
Ümumdünya Səhiyyə Təşkilatı isə rəsmi Pekini təkrarlayır: “Çinin hakimiyyət dairələrinin apardıqları ilkin araşdırma Uhanda aşkarlanmış yeni koronavirusun insandan insana keçməsinə dəlalət edə biləcək heç bir sübut aşkarlamayıb”.
ÜST-ün bəyanatı Uhanda bir adamın başqasını koronavirusa yoluxdurmasından 6 həftə sonra səslənir.
15 yanvar. Yaponiyada ilk koronavirusa yoluxma aşkarlanır. Yaponiyanın Səhiyyə Nazirliyinin bəyanatında deyilir: “Yoluxmuş pasiyent Çində hər hansı dəniz məhsulları bazarında olmayıb”.
Uhanın Bələdiyyə Səhiyyə Komissiyası ritorikkanı dəyişməyə başlayır.
Yeni bəyanatda deyilir: “Əlimizdə olan sübutlar virusun insandan insana keçməsi faktına dəlalət etməsə də, belə yoluxmanın məhdud hallarını istisna etmək olmaz. Amma istənilən halda, sözügedən yoluxma riski olduqca aşağıdır”.
Daha bir bəyanat: “Yoluxanlarla yaxın təmaslarda olanlar arasında bir yoluxma faktı da yoxdur”.
17 yanvar. CDC və ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti Uhandan gələn bütün sərnişinlərin üç aeroportda koronavirus simptomlarına yoxlanacaqlarını bəyan edirlər. Həmin aeroportlar San-Fransisko, Nyu-York və Los-Ancelesdədir.
Fəqət, ABŞ-ın dövlət qurumları koronavirus təhlükəsi ilə bağlı heç bir rəsmi bəyanat vermir, heç nə olmamış kimi davranırlar və vətəndaşları xəbərdar etmirlər.
Uhanın Bələdiyyə Səhiyyə Komissiyasının yeni bəyanatı: “Virusa yoluxanlarla yaxın təmaslarla bağlı 763 hal müşahidə olunub. 665 halda müşahidə ləğv olunub. 98 nəfər tibbi müayinədədir. Yaxın təmasda olanlar arasında yoluxma faktı yoxdur”.
18 yanvar. Ağ Evdə, prezident Donald Trampın başçılıq etdiyi qapalı toplantıda koronavirus müzakirə olunur. Trampa bununla bağlı müraciət məsləhət bilinir. Tramp isə “Bu veypinq məsələsi nə oldu?! Veypinq məhsulları nə zaman bazara qaytarılacaq?!” deyir. Koronavirusla bağlı amerikalılara heç bir rəsmi məlumat verilmir.
Uhanda isə 40 min ailənin Yeni İl bayramlaşması keçirilir.
19 yanvar. Çinin Milli Səhiyyə Komissiyası bəyan edir: “Yeni virusun qarşısını almaq, ona nəzarət etmək olar”. Ümumdünya Səhiyyə Təşkilatı yenə “heç nə yoxdur” tipli bəyanat yayır, “mənşəyi naməlum virusun klinik xüsusiyyətləri, yayılma dərəcəsi və mənbəyi barədə yetərincə məlumat yoxdur” deyir.
20 yanvar. Uhanın Bələdiyyə Səhiyyə Komissiyasının bəyanatı: “Yeni virusa yoluxanlarla yaxın təmasda olanlar arasında yoluxma faktları aşkarlanmayıb”. Bəyanat yayılan gün Uhanda 3 minə yaxın insan koronavirusa yoluxmuşdu.
Çinin Milli Səhiyyə Komissiyası isə ritorikanı dəyişir. Bəyan olunur ki, Quandun vilayətində insandan insana koronavirusun keçməsiilə bağlı 2 hal qeydə alınıb: “Tibbi personalda da yoluxanlar var”.
Wuhan Evening News qəzeti ilk dəfə olaraq virus barədə böyük məqalə dərc edir.
21 yanvar. CDC ABŞ-ın Vaşinqton ştatındakı Snohomiş bölgəsində koronavirusa yoluxma faktının qeydə alındığını bəyan edir. Yoluxan adam 6 gün əvvəl Çindən qayıdıbmış.
Uhanı isə milyonlarla insan tərk etmişdi. Onlar virusu Çinə və bütün dünyaya yaymağa başlamışdılar.
22 yanvar. Ümumdünya Səhiyyə Təşkilatının baş direktour Tedros Gebreysus hələ də Çini tərifləyir: “Çin nümayəndə heyətinin təqdim etdiyi prezentasiyanın dərinliyi və detalları məni valeh etdi. Çinin Səhiyyə Nazirliyinin fəaliyyətini də yüksək dəyərləndirirəm.
Yeni virusun qarşısının alınması istiqamətində Çin rəhbərliyinin fəaliyyəti təqdirəlayiqdir”.
ÜST ilk dəfə olaraq etiraf edir ki, Uhana yolladığı nümayəndə heyəti koronavirusun insandan insana keçdiyini müşahidə edib.
Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Komitəsi toplantı keçirir və belə qərara gəlir ki, COVİD-19 koronavirusunun yayılması, yəni ÜST-ün fövqəladə vəziyyət barədə qərarı (Public Health Emergency of International Concern, PHEİC) üçün yetərli deyil. Yəni ÜST koronavirusu dünya miqyasında təhlükəli virus hesab etmir.
ABŞ prezidenti Donald Tramp isə Davos İqtisadi Forumunda CNBC-yə müsahibəsində deyir: “Hər şey nəzarət altındadır. Sadəcə, Çindən gəlmiş bir adam yoluxub. Hər şey nəzarətdədir. Hər şey yaxşı olacaq”.
23 yanvar. Uhanda karantin regimi elan olunur. Uhana isə o vaxtadək milyonlarla adam gəlib, milyonlarla adam şəhəri tərk edib. Milyonlarla çinli dünya ölkələrini dolaşırlar.
24 yanvar. Dünya ölkələrində COVİD-19 koronavirusu yayılır…
1 fevral. Doktor Li Venlanda koronavirus testi müsbəti nəticə göstərir. Fevralın 7-də o, vəfat edir.
4 fevral. İtaliyanın Florensiya şəhərinin meri Dario Nardella ölkə vətəndaşlarına müraciət edərək koronavirusla mübarizə aparan Pekini dəstəkləmək üçün çinliləri qucaqlamağa çağırır.
İtaliyadakı çinlilərin diaspor təşkilatlarından olan “Associazione Unione Giovani Italo Cinesi” isə kütləvi mitində koronavirusa yoluxan insanları dəstəkləməyə çağırır.
Milan şəhərində “Mən virus deyiləm. Mən insanam. Ayrı-seçkiliyə son” şüarı ilə çinlilər fləşmob keçirir, meydanlarda insanları qucaqlayır, fotolar çəkdirirlər.
İki həftə sonra Milanın olduğu Lombardiya vilayətində koronavirus fəlakəti başlanır…
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir