DSX-də müşavir təyin olunan general Əsgər Xəlilov kimdir?
Bir neçə gün bundan əvvəl DSX rəisi general polkovnik Elçin Quliyev təqaüddə olan general-mayor Əsgər Xəlilovu müşavir təyin etdi. Bundan sonra reytinqi milli məsələlərdən üstün tutanlar sosial şəbəkələrdə,həmçinin saytlarda sırf reaksiya və oxunma çox gəlsin deyə, bu xəbərin başlığına təxribat xarakterli yazı yazaraq ictimaiyyətə təqdim etdilər.DSX-də müşavir təyin olunan general-mayor Əsgər Xəlilovu daha yaxından tanımaq üçün hərbi jurnalist Rəşad Süleymanovla əlaqə saxladıq və o, bizə ətraflı açıqlama verdi.
AzTimes.az həmin açıqlamanı təqdim edir:
“Əsgər Xəlilov Azərbaycan Sərhəd Mühafizəsi tarixində ən təcrübəli zabitlərdən, duayyenlərindəndir. Bu ilin fevral ayında, yaş həddi ilə əlaqədar Silahlı Qüvvələrdən general-leytenant rütbəsi ilə ehtiyata göndərildi. O, SSRİ zamanında Sərhəd Ali Məktəbini bitirib, 1972-ci ildən Sərhəd Mühafizə sistemində xidmət edib. Atası da sərhədçi olub. Başqa sözlə desək, gözünü sərhəddə açıb. Yarım əsrlik bir sərhədçi təcrübəsinə malikdir. Əsgər Xəlilovu uşaqlığımdan tanıyıram. O vaxt SSRİ Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsində xidmət edirdi… 1992-ci ildə Azərbaycanın dövlət sərhədlərinin təhvil alınmasında, milli Sərhəd Mühafizə sistemimizin yaradılmasında Əsgər Xəlilovun çox böyük əməyi olub. Azərbaycanda bu qədər təcrübəyə malik çox az bir insan var.
Elə ona görə də bir neçə gün bundan əvvəl Dövlət Sərhəd Xidməti rəisinin əmriylə müşavir vəzifəsinə təyin olundu. Sosial şəbəkələr də və bəzi saytlarda bu xəbəri təxribatçı başlıqla veriblər. Onu qeyd etmək istərdim ki, DSX-də digər hərbi qurumlardan fərqli olaraq istefada və ya ehtiyatda olan zabitlərə hər zaman böyük diqqət yetirilib. Komandanlar, qərərgah rəisləri, eləcə də, məsul vəzifədə olmuş şəxslər heç vaxt unudulmur, heç vaxt yaddan çıxmır. Onları “Xidmət bitdi. Yaxşı yol!” – deyib, yola salmırlar. Zamanla müşavir postu və ya digər postlarda bir ağsaqqal, təcrübəli şəxs kimi təcrübələrindən yararlanmaq niyətilə saxlayırlar. Bu isə çox gözəl və müsbət tendensiyadır. Hətta, keçmiş komandan general-mayor Abbasəli Novruzov, qərərgah rəisi general-mayor İnayət Xəlilov da müşavir kimi sərhəddə öz təcrübələrini bölüşürlər. Ötən il Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi ərəfəsində keçmiş komandanlar İsgəndər Allahverdiyev, Abbasəli Novruzov, Baş Qərargah rəisi İnayət Xəlilov eləcə də müavin vəzifəsində xidmət etmiş yüksək rütbəli zabitlər DSX tərəfindən medallarla təltif olundular. Deməyim odur ki, DSX-də keçmiş unudulmur, keçmişə hörmət, eləcə də gələcək üçün keçmişin təcrübəsindən yararlanmaq ənənədir. Təxrisdə, ehtiyatda və istefada olanlara hər zaman diqqət, qayğı göstərilir. Onların təcrübələrindən istifadə olunur, onlara hər zaman xüsusi diqqət var. Bu sərhədin ənənəsidir ki, bu ənənə on illərdir davam edir.
Təəssüf ki, mən bunu digər qurumlara aid edə bilməyəcəm. Çünki DSX-dan fərqli olaraq digər qurumlarda vəzifədən azad edilən nazir və ya müavinlərini təqaüdə göndərərkən sadəcə “Təşəkkür”lə kifayətlənirlər. Bir daha qeyd etmək istərdim ki, Əsgər Xəlilov savadlı və təcrübəli zabitdir. Onun yarım əsrlik sərhəd təcrübəsi var və bundan niyə də yararlanılmasın. Komandanı tanımayanlar üçün belə əsassız və qərəzli yazılar yazmaq asandır. Lakin onu tanıyanlar, onun tabeliyində xidmət edən şəxslər onu çox yaxşı xarakterizə edə bilir. İndi trollar və şəbəkələri hər zamanki kimi mövcud vəziyyətdən öz mənfur niyyətləri üçün istifadə etməyi vərdiş halına gətirib ki, bu da anlaşılandır.”
Fəqan MUXTAR,
BAXAR.az