Dövlət başçısı: “Hesab edirəm ki, müharibə dövründə və müharibədən sonra mümkün olan maksimum nəticəni əldə etdik”
“Bir şeyi unutmamalıyıq ki, 10 noyabrdan sonra bölgəmizdə və bütünlükdə dünyada tam yeni bir vəziyyət yaranıb”
Aztimes.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı qeyd edib ki, biz bu vəziyyətə uyğunlaşmalıyıq, hər bir ölkə buna öyrəşməlidir: “Bu yeni bir vəziyyətdir, bizim üçün də qonşu ölkələr üçün də. Burada həm logistik, həm texniki, həm nəqliyyat, eyni zamanda psixoloji problemlər var. Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur. Ancaq hər şeyin öz vaxtı var, öz yeri var. Biz addım-addım öz hədəfimizə çata bilmişik. Və 44 gün ərzində mümkün olmayanı gerçəyə çevirmişik. Bunu bu gün təkcə biz yox, beynəlxalq mütəxəssislər, ekspertlər də deyir. Bizim apardığımız hərbi əməliyyat bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Hesab edirəm ki, biz müharibə dövründə və müharibədən sonra mümkün olan maksimum nəticəni əldə etdik. Həyat davam edir, həyat yerində durmur. Yeni məsələlər ortaya çıxır. Bizim strateji baxışımız var. Biz nə istəyirik, bu günə qədər nə istəmişik, bundan sonra nə istəyirik? Bu arzulara, hədəflərə çatmaq üçün nə etməliyik. Bizdə çox aydın baxış və təsəvvür var. Biz ümumi plan çərçivəsində bundan sonra da öz addımlarımız atacağıq. Yeni nailiyyət və uğurlar da olacaq”.Apa.